Məhkəmə qərarları › İş №2(001)-5871/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5871/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5871/2024 25.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqavilə üzrə İMEİ kodu **********72108 Samsung Galaxy A24 markalı telefon, şəffaf vinil, samsung charger üçün 745,94 manat ödənilməmiş hissə, 74,06 manat cərimə, ümumilikdə 820 manat borcun, 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********72108 Samsung Galaxy A24 markalı telefon, şəffaf vinil, samsung charger almış və nəticədə 820 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 842,94 manat (18 ay x 46,83 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********72108 Samsung Galaxy A24 markalı telefon, şəffaf vinil, samsung charger üçün ümumilikdə 820 manat olmaqla, ondan, 745,94 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 74,06 manat cərimə pulu borcu təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 97 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tərəflərin izahatları və iddiaya münasibətləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, cavabdehlə aralarında heç bir qərəz yoxdur. Cavabdeh 250 manat ödəniş etməmişdir. Cavabdeh ödəniş etdiyini bildirirsə, ödəniş etməsi barədə qəbzləri məhkəməyə təqdim etməlidir. Belə ki, bu halda Azərbaycan Respublikasının MPM-nin 77ci maddəsinə əsasən sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh iddiaçıya cəmi 147 manat ödəniş etmişdir. Cavabdehin ödədiyi 147 manat ödənişdən 50 manat cəriməyə çıxılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən iddiaçı gecikməyə görə ödənişin 50 faizi həcmində silinmə edə bilər.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, ödənişlə bağlı qəbzləri məhkəməyə təqdim edə bilmir. Əgər iddiaçı tərəflə yenidən ödəniş qrafiki tərtib edilə bilərsə, ödəniş etməyə çalışar. Hazırda iddiaya münasibət bildirilməsini məhkəmənin mülahizəsinə buraxır.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, "xxxx" MMC-dən kreditlə ümumilikdə 824.94 manat məbləğində Samsung Galaxy A24 markalı telefon, vinil şəffaf, Samsung Charger almış, ilkin ödəniş olaraq 50 manat pul vermişdir. İddiaçıya heç vaxt 7 manat ödəniş etməmiş, "xxxx" MMC-yə 250 manat ödəniş etmişdir. Daha sonra "xxxx" MMC-nin nümayəndəsi ilə danışmış və həmin şəxs ödənişlərinin gecikməyə çıxıldığını bildirdi. Buna öz etirazını bildirmişdir. Bundan sonra həmin şəxs dəfələrlə ona yığaraq, özünü Binəqədi Rayon İcra Şöbəsinin əməkdaşı kimi təqdim etmişdir. Nəticədə həmin şəxsə məhkəməyə müraciət etməsini bildirmişdir. Belə ki, ödənişlərinin məhkəmədə öz təsdiqini tapacağına ümid etmişdir. Bundan başqa faizlər silinəcəyi təqdirdə əsas borcu ödəyə bilər. Özüm hüquqşünasdır. "xxxx" MMC-nin nümayəndəsinə məhsulu qaytarmağı da təklif etmişdir. Ödənişlərində təxminən qış aylarında bir müddət gecikmə olmuşdur. 3 ay aparat vasitəsilə ödəniş etmiş, sonuncu dəfə isə yoldaşı ABC-Telecom" MMC-nin Rəsulzadə qəsəbəsində yerləşən mağazasına ödəniş etmişdir. "xxxx" MMC tərəfindən hesab nömrəsi ona mesajla gəlmiş və həmin hesaba ödənişləri etmişdir. "xxxx" MMC-dən başqa məhsul götürməmişdir.

7. Cavabdeh məhkəməyə ünvanladığı vəsatətində (iddiaya münasibətində) göstərir: həqiqətən mən Kontakt Home mağazalar şəbəkəsindən Samsung Galaxy A24 mobil telefonu kreditə götürmüşdür. Bu məhsulu kreditə götürdüyü dövrdə sabit gəlir mənbəyi var idi. Lakin kredit götürdürdükdən sonra yaxınları ard-arda rəhmətə getməsi, onun sabit bir şəkildə bir işlə məşğul olmasına mane olurdu. Bu günədək qarş tərəfin göstərdiyi kimi 97 manat ödəniş etməsi ağ yalandır. Bu günədək Samsung Galaxy A24 mobil telefona görə ödəniş aparatlarından cəmi 250 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixində qeydiyyatda olduğu evin yanması ilə bütün sənədlərlə, ödəniş çekləri yanıb məhv oldu. Lakin məhkəmədən ödəniş aparatlarından nə qədər ödəniş edilməsi ilə bağlı sorğu verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2023-cü il tarixli, №03496050 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə və ödəniş cədvəlinə əsasən Cavabdeh k oğlu, İMEİ kodu **********72108 Samsung Galaxy A24 markalı telefon, şəffaf vinil, samsung charger almış və 18 ay müddətinə ayda 46,83 manat ödəniş etməyi öhdəsinə götürmüşdür;

9. 13 oktyabr 2023-cü il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №03496050 saylı müqaviləyə əsasən İMEİ kodu **********72108 Samsung Galaxy A24 markalı telefon, şəffaf vinil, samsung chargeri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır.

10. 14 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********72108 Samsung Galaxy A24 markalı telefon, şəffaf vinil, samsung charger üçün əsas borcu 745,94 manat, cərimə borcu 74,06 manat olmaqla, cəmi 820 manat təşkil edir.

11. 15 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İMEİ kodu **********72108 Samsung Galaxy A24 markalı telefon, şəffaf vinil, samsung charger üçün əsas borcu 745,94 manat təşkil edir. Alıcı tərəfindən xx.xx.2023-cü il tarixində 7 manat, 40 manat, xx.xx.2024-cü il tarixinddə 25 manat, xx.xx.2024-cü il tarixində 25 manat ödəniş edilmişdir. Ödənişin 50 manatı cərimə borcuna, 97 manatı isə əsas borca silinmişdir.

12. Tələbkar tərəfindən borcluya ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətinə əsasən cavabdehdən alğı-satqı müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehə xəbardarlıq edilmişdir; Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

13. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 13 oktyabr 2023-cü il tarixli, №03496050 saylı əşyanın nisyə alqı-satqısına dair müqavilə bağlanmış. Müqaviləyə əsasən "xxxx" MMC əşyanı Cavabdeh nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 18 ay müddətinə aylıq 46,83 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşya satıcı tərəfindən cavabdehə təhvil verilmişdir.

14. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə 745,94 manat əsas, 74,06 manat cərimə, ümumilikdə 820 manat borcun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Hazırda iddiaçı yaranmış borcu və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

15. Cavabdeh isə məhsulu aldığını bildirməklə, borc məbləğindən 250 manat ödəniş etdiyini əsas gətirsə də, bu barədə ödəniş qəbzlərini məhkəməyə təqdim edə bilmir. Lakin iddiaçı məhkəməyə təqdim etdiyi maliyyə arayışı ilə əslində borcdan 147 manat ödəniş ediliyini, 97 manat məbləğində pul vəsaitinin əsas borcdan, 50 manat vəsaitin isə cərimə borcundan silindiyini sübut edir.

16. Sonuncu məhkəmə iclasında isə cavadeh ödənişlərin yenidən qrafikə salınmaqla ödənilməsinə razı olduğunu lakin, faiz məbləği ilə razılaşmadığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

18. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı müəyyən edilmiş müddətdə və məbləğdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyanın qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətdə və məbləğdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozaraq borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

19. Cavabdeh tərəfin etirazına münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh müqavilə üzrə 250 manat ödəniş etdiyini bildirsə də, bu barədə məhkəməyə sübut təqdim edə bilmir. Odur ki, həmin hissədə cavabdehin etirazlarını məhkəmə əsaslı hesab etmir.

20. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Tətbiq edilən prosessual normalar:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

25. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 13 oktyabr 2023-cü il tarixli, №03496050 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 745,94 manat, cərimə borcuna görə 74,06 manat olmaqla, ümumilikdə 820 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır.

27. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. 13 oktyabr 2023-cü il tarixli, №03496050 saylı əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə əsas borca görə 745,94 manat, cərimə borcuna görə 74,06 manat olmaqla, ümumilikdə 820 (səkkiz yüz iyirmi) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar