Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-589/2023 12.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 12 yanvar 2023-cü il tarixdə аçıq məhkəmə iclаsındа bаxаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan 02 dekabr 2010-cu il təvəllüdlü X4 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 281,5 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Tərəflər 25 sentyabr 2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 02 dekabr 2010-cu il təvəllüdlü X5 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(001)- 4918/2018 saylı qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşağın anasının yanında saxlanması və uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda aliment cavabdeh tərəfindən 4 il müddətində davamlı ödənildikdən sonra 2022-ci ilin avqust ayında tərəflər arasında yenidən barışıq olmuş, alimentin tutulması dayandırılmış, lakin sonradan yenidən münasibətləri pozulmuşdur. Hazırda cavabdeh uşağı ilə maraqlanmır, iddiaçı isə heç yerdə işləmir, maddi sıxıntıları vardır, uşağın maddi tələbatlarını təkbaşına qarşılaya bilmir. Cavabdeh "xxxx" MTK-da bölmə rəhbəri işləyir, aylıq əmək haqqı 1126,86 manat təşkil edir. Buna görə də, iddiaçı cavabdehin əmək haqqının dörddə-bir hissəsi kimi 281,5 manatın sabit pul məbləğində tutularaq ona ödənilməsini tələb edir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddianı müdafiə etdiklərini bildirmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədiklərini, cavabdehin hazırki əmək haqqının 555,43 manat təşkil etdiyini, habelə əvvəlki qətnamə çıxarıldığı tarixdən sonra iddiaçının maddi vəziyyətinin pisləşməsi ilə bağlı məhkəməyə sübut təqdim edilmədiyini bildirib, iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 642158 nömrəli doğum haqqında şəhadətnamə və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(001)-4918/2018 saylı qətnaməsi tədqiq edilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativində satış üzrə bölmə rəhbəri vəzifəsində işləyir, aylır əmək haqqı 555,43 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddənin məzmunundan görünür ki, uşaqların saxlanması yalnız atanın deyil, hər 2 valideynin həm vəzifəsi, həm də hüququ kimi müəyyən olunmuşdur. - 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda (maddə 76.1.1) aliment tutulur. - 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. - 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını rəhbər tutub, hesab edir ki, iddianın qismən təmin edilməsi, alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi üçün əsaslar mövcuddur. Belə ki, iddiaçı əvvəlki qətnamə ilə təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 281,5 manat sabit pul məbləğində müəyyən edilməsini tələb etmiş, tələb etdiyi məbləği cavabdehin aylıq əmək haqqının dörddə-bir hissəsi kimi göstərmişdir. Lakin, məhkəmə cavabdehin əmək haqqının 555,43 manat təşkil etdiyini müəyyən etmişdir. Buna görə də, məhkəmə uşağın mənafeyinin üstünlüyünü, onun normal qidalanması, geyimi, təhsili, istirahətinin səmərəli təşkili üçün maddi vəsait tələb olunduğunu, habelə 2023-cü il üçün ölkədəki yaşayış minimumunun həddini və cavabdehin aylıq 281,5 manat aliment ödəməyə maddi imkanının olmasını təsdiq edən hər hansı sübutun iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsini, eləcə də uşağı saxlamağın hər iki valideynin borcu olduğunu nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qismən təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 66 manat) 1000 manatdan az olduğuna (66 manat x 12 ay) görə məhkəmə hesab edir ki, 25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi kimi 40 manat cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli, 2(001)- 4918/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmaqla, 02 dekabr 2010-cu il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 12 yanvar 2023-cü il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. 25 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 40 manat mediasiya xərci isə Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-589/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-589/2023
12.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver