Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-593/2021 06.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30.09.2014-cü il tarixli, 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 28% ödənilmək şərtilə 10000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh3 ilə həmin tarixdə 106.CL.300914.00005/c saylı, X3 ilə 106.CL.300914.00005/b saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh3 və X3 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin banka ödənilməmiş 2893,85 manat əsas, 299,28 manat faiz borcu olmaqla, cəmi 3193,13 manat məbləğində borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli 2(001)-555/2020 saylı qərardadına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28.02.2019-cu il tarixli Fərmanına əsasən tədbirlərin görülməsi ilə əlaqədar olaraq iş baxılmamış saxlanılmış və sənədlər geri qaytarılmışdır. Borclu Cavabdeh1 kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının təsiri altına düşməmişdir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən banka göndərilmiş güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanması nəzərdə tutulmalı olan borcluların siyahısında borclu Cavabdeh1 adı yoxdur. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X1 2893,85 manat əsas, 299,28 manat faiz borcu olmaqla, cəmi 3193,13 manat məbləğində kredit borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1.-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana təmir-tikinti işləri məqsədləri üçün 30.09.2016-cı il tarixədək qaytarmaq, illik 28 % ödəmək şərtilə 10000 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 5.1-ci bəndindən müəyyən olunur ki, borcalan aldığı krediti bu müqavilənin 1 saylı əlavəsində göstərilmiş cədvələ uyğun ödəməyə borcludur. Birinci ödəniş 30.10.2014-cü il, sonuncu ödəniş isə 30.09.2016-cı il tarixdən gec olmayaraq həyata keçirilməlidir. İddiaçı ASC-nin 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən olunur ki, borcalan Cavabdeh1 30.10.2014-cü il tarixdən 30.08.2016-cı il tarixədək olan dövr ərzində hər ay 548,88 manat, 30.09.2016-cı il tarixdə 547,24 manat olmaqla, ümumilikdə əsas borca görə 10000 manat, faiz borcuna görə 3171,48 manat olmaqla cəmi 13171,48 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 30.09.2014-cü il tarixli 116.CL.300914.00005/b zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin bu müqaviləyə əsasən borcalanın bank qarşısında 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələcək öhdəliklərin, o cümlədən borcalanın 10000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə bağlandığı andan qüvvəyə minir və bu müqavilənin 1.1 bəndində göstərilən müqavilə üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh3 arasında bağlanmış 30.09.2014-cü il tarixli 116.CL.300914.00005/c zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin bu müqaviləyə əsasən borcalanın bank qarşısında 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələcək öhdəliklərin, o cümlədən borcalanın 10000 manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə bağlandığı andan qüvvəyə minir və bu müqavilənin 1.1 bəndində göstərilən müqavilə üzrə borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. İddiaçı ASC-nin 14.08.2019-cu il tarixli 05/256 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 116.LN.2102.300914.00005 saylı müqaviləyə əsasən 30.09.2014-cü il tarixdə 24 ay müddətinə illik 28 % olmaqla İddiaçı ASC tərəfindən 10000 manat məbləğində kredit verilmiş, 14.08.2019-cu il üçün əsas borca görə 2893,85 manat, faiz borcuna görə 299,28 manat olmaqla cəmi 3193,13 manat borcu vardır. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 31.10.2018-ci il tarixdə 100 manat olmaqla edilmişdir. İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanladığı 22.09.2019-cu il tarixli 19/2849 saylı xəbərdarlıq məktubundan müəyyən olunur ki, bank birgə borclulara kredit müqaviləsi üzrə 5 gün müddətinə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının Problemli kredit məlumatlarının sorğulanmasından çıxarışdan müəyyən olunur ki, borcalan Cavabdeh1 kompensasiya hesablanması barədə heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.04.2021-ci il tarixli 9/1314 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və 30.09.2014cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 30.09.2016-cı il tarixə əsas borc üzrə 4326,49 manat, faiz borcu üzrə 585,01 manat, 14.08.2019-cu il tarixə əsas borc üzrə 2735,05 manat, faiz borcu üzrə 692,89 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, borcalan Cavabdeh1 müqavilə öhdəliklərini icra etməməsi nəticəsində 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2735,05 manat, faiz borcu üzrə 299,28 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının bu cavabdehə qarşı iddiasını məhkəmə araşdırması zamanı müəyyən olunan borc məbləği həddində əsaslı hesab edib təmin edir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, borcverən zaminlərə qarşı hazırkı tələbi ilə 07.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq olunan sübutlara məcmu halında qiymət verib borcverənin zaminlərə qarşı tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində (30.09.2017-ci il tarixinədək) kreditor zaminlərə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Ona görə də məhkəmə borcverənin zaminlərə qarşı tələblərini əsassız hesab edib təmin etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 30.09.2014-cü il tarixli 116.LN.2102.300914.00005 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 2735,05 manat, faiz borcuna görə 299,28 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 3064,73 manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh1 iş üzrə keçirilən ekspertiza tədiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №2(001)-593/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-593/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver