Məhkəmə qərarları › İş №2(001)-595/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-595/2022

05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-595/2022 05.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X4, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə ilk, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********47824 olan İphone 11 Pro Max markalı telefon üçün 2.450 manat məbləğində əsas, 245 manat məbləğində cərimə, ümumilikdə 2.695 manat məbləğində borcun, ödənilmiş 46,95 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə 29 oktyabr 2021-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş və növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(001)- 8432/2021 saylı qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pulun tutulması” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Cavabdeh məhkəmənin dəftərxanası vasitəsi ilə "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə onun arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20041609 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia icraata qəbul edilmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMCnin nümayəndəsi X8 ilk iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı qəbul etmədiyini bildirmiş və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etmədiyini, qarşılıqlı iddianı müdafiə etdiyini bildirmiş və ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 bildirmişdir ki, xx.xx.2020-ci il tarixli müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlansa da, "xxxx" MMC ilə bütün danışıqları o, aparmış və müqavilənin predmeti olan 3.060 manat dəyərində İphone 11 Pro Max markalı telefonu da o götürmüşdür. Müqavilə üzrə ödənişlər də onun tərəfindən aparılmış və ilk əvvəl 510 manat, sonra isə hər dəfə 50 manat olmaqla 2 dəfəyə 100 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, telefonun alındığı mağazaya özünə məxsus telefon nömrəsini verərək, ödənişlərlə bağlı onunla əlaqə saxlamağı xahiş etmişdir. Lakin maddi imkanının pisləşməsi səbəbindən sonradan ödənişlər edə bilməmişdir. Buna baxmayaraq, qalan borcun ödənilməsindən imtina etmir, imkan əldə edən kimi telefona görə mövcud olan borcu hissə-hissə ödəyəcəkdir. Belə ki, həmin müqavilə Cavabdeh ilə formal olaraq bağlanmış, müqavilənin həqiqi tərəfi məhz o olmuş və həqiqi niyyət telefonun onun tərəfindən alınması olmuşdur. Müqavilə bağlandıqdan sonra da onun predmeti olan telefon ona təhvil verilmişdir. Bu səbəbdən də ödənişlər onun tərəfindən aparılmışdır. Sonradan ehtiyacı yarandığından telefonu 1.750 manat pula satmışdır. Göstərilənlərin nəzərə alınmasını və ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əşyanın nisyə alqısatqısına dair müqaviləyə əsasən cavabdeh iddiaçıdan ümumi qiyməti 3.060 manat olan **********47824 İMEİ kodlu İphone 11 Pro MAX markalı telefonu nisyə almış, həmin əşyanın dəyərini müqavilənin şərtlərinə uyğun olaraq ayda 510 manat olmaqla, 6 ay ərzində ödəməyi, bu şərtləri pozduqda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmdə cərimə ödəməyi (müqaviləyə əlavənin 2-ci bəndi) barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilənin predmeti olan əşya iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, ötən dövr ərzində cəmi 610 manat məbləğində ödəniş etmişdir. Nəticədə onun müqavilə üzrə borcu yaranmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borc məbləğinin qısa bir zaman ərzində ödənilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin bu bir nəticə verməmiş, cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı 46,95 manat dövlət rüsumu ödəməklə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üçün 2.450 manat məbləğində əsas, 245 manat məbləğində cərimə, ümumilikdə 2.695 manat məbləğində borcun yarandığını iddia edərək, bu məbləğin, habelə ödənilmiş 46,95 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir. Həmin iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş, lakin sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(001)-8432/2021 saylı qərardadı ilə iş iddia icraatına keçirilmişdir. İddiaçı hazırda da cavabdehdən həmin məbləğin tutulmasını tələb edir. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, X3 ona müraciət edərək, "xxxx" MMC-dən telefon almağa ona köməklik etməyi xahiş etdiyini, telefonun dəyərini ödəməyi barədə vəd verdiyini, o, da X3 vədlərinə inanaraq, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən dəyəri 3.060 manat olan İphone 11 Pro MAX markalı telefonu nisyə aldığını, həmin müqavilənin bağlanmasında X3 da iştirak etdiyini, müqavilə bağlandıqdan sonra da telefonun onun tərəfindən qəbul edildiyini, həmin şəxsin mağazanın satış şöbəsinin müdiri olan Şahid adlı şəxsin qarşısında müqavilə üzrə ödənişləri etmək öhdəliyini götürdüyünü, müqavilə üzrə 610 manat pulun da məhz bu şəxs tərəfindən ödənildiyini, lakin qalan məbləği ödəmədiyini, telefonu da 1.750 manat məbləğində pula satdığını və qazanc əldə etdiyini, nəticədə X3 onun etibarından sui-istifadə edərək, onu aldatdığını, bununla bağlı etdiyi şikayət üzrə Bakı şəhəri Sabunçu rayon Polis idarəsi tərəfindən aparılmış araşdırma zamanı X3 bu halları etiraf etdiyini, bununla da müqavilənin onunla görünüş üçün bağlandığının, həqiqətdə "xxxx" MMC ilə onun arasında deyil, məhz X5 arasında öhdəlik münasibətlərinin yaranmasının sübuta yetdiyini bildirir və həmin müqavilənin etibarsız hesab edilməsini tələb edir. Eyni zamanda, X3 əməllərində cinayətin əlamətlərinin olması səbəbindən onun barəsində müvafiq qərarın qəbul edilməsini xahiş edir. Üçüncü şəxs X5 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mövqeyindən çıxış edir və onun mövqeyini müdafiə edir. Cavabdeh şikayəti əsasında Bakı şəhəri Sabunçu rayon Polis idarəsi tərəfindən aparılmış araşdırma zamanı X1 Azad Qənbər oğlunun xx.xx.2020ci il tarixli müqaviləni onun xahişi əsasında bağladığını və həmin müqavilənin predmeti olan İphone 11 Pro MAX markalı telefonun onun tərəfindən götürüldüyünü, ödənişlərin onun tərəfindən edildiyini, lakin sonradan ödənişlər edə bilmədiyini və nəticədə telefonu 1.750 manat pula satdığını bildirmişdir. Bundan sonra Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin müvafiq qərarı ilə cinayət işinin başlanması rədd edilsə də, sonradan həmin qərar ləğv edilmiş və hazırda araşdırma davam edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə, qeyd edir ki, ilk və qarşılıqlı tələblər hüquqi baxımdan biri-digərini istisna edir. Belə ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əşyanın nisyə alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə hər hansı məbləğdə pulun tutulmasını istisna etmiş olur. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk növbədə iddiaçı Cavabdeh qarşılıqlı iddiasına hüquqi qiymət verilməlidir. Məhkəmə, qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. Belə ki, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bu baxımdan iddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız olmasını sübut etməli idi. Lakin iddiaçı həmin müqaviləni formal və görüntü yaratmaq üçün bağlandığını, həmin müqavilə üzrə həqiqətdə "xxxx" MMC ilə onun arasında deyil, X5 adlı şəxs arasında öhdəlik münasibətlərinin yarandığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Onun mövqeyinin X5 tərəfindən təsdiq edilməsi və bu şəxsin Cavabdeh tərəfindən qeyd edilən halları etiraf etməsi, habelə bu şəxsin xx.xx.2020ci il tarixli müqavilənin bağlanmasında iştirak etməsi, müqavilənin onun xahişi ilə bağlanması, müqavilə bağlandıqdan sonra müqavilədə göstərilən telefonun onun tərəfindən götürülməsi və telefonun müqavilə üzrə müəyyən edilmiş dəyərinin onun tərəfindən ödənilməsi həmin müqavilənin etibarsız olmasına dəlalət etmir. Belə ki, hüquqi nəticə etibarı ilə "xxxx" MMC ilə Cavabdeh arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin predmeti olan əşya məhz sonuncuya təhvil verilmişdir. Bununla bağlı aidiyyəti sənədlər də məhz Cavabdeh tərəfindən imzalanmışdır. Müqavilə bağlandıqdan və əşya qəbul edildikdən sonra onun hər hansı başqa şəxsə verilməsi, habelə ödənişlərin cavabdeh deyil, üçüncü şəxs tərəfindən ödənilməsi də müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaratmır. Hər bir halda, qeyd edilən müqavilənin predmeti olan telefon "xxxx" MMC tərəfindən Cavabdeh təhvil verilmiş və X5 bu telefonu "xxxx" MMC-dən deyil, həmin vaxt artıq onun qanuni sahibi olan Cavabdeh təhvil almışdır. Cavabdeh ilə X3 öz aralarında bu müqaviləni imzalayan, habelə müqavilənin predmeti olan telefonu götürən və müqavilə üzrə ödənişləri edən şəxs barədə razılığa gəlməsi həmin müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas yaratmır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası əsassızdır və rədd edilməlidir. Bununla belə, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı bu müqavilənin predmeti olan və yuxarıda göstərilən əşyanı onun dəyərini müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyanı qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, ilk iddia üzrə tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, cavabdehin bu tələbə münasibətini nəzərə alıb, habelə təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə cavabdehdən iddiaçının xeyrinə 2.450 manat məbləğində əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda araşdırılma zamanı müəyyən edilmişdir ki, həmin müqavilə (əlavənin 2-ci bəndi) üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə üzərinə öhdəlik götürmüşdür. Hazırda iddiaçı həmin müqavilə üzrə öhdəliyin icrasını, o cümlədən hesablanmış 245 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə, cavabdeh tərəfindən aparılan ödənişləri və hazırda mövcud olan əsas borc məbləğini nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi “dəbbə borcunun tutulması” hissəsində qismən təmin edilməli, müqavilə üzrə hesablanmış cərimə borcunun məbləği azaldılaraq, 100 manat məbləğində müəyyən edilməli, məhz bu məbləğdə cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, üçüncü şəxs X3 əməllərində cinayətin əlamətlərinin olması səbəbindən onun barəsində müvafiq qərarın qəbul edilməsi barədə vəsatəti ilə bağlı qeyd edir ki, bu barədə qərardad işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər. Başqa sözlə, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Lakin məhkəmə hazırki iş üzrə üçüncü şəxs barəsində belə bir tədbirin görülməsinə hər hansı zərurət görməmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2 maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə ilk iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə (2.450 + 100 = 2.550) 2.550 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 45,50 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (46,95-45,50 = 1,45), yəni 1,45 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 2.450 manat məbləğində əsas, 100 manat məbləğində cərimə, ümumilikdə 2.550 manat məbləğində borcun, habelə ödənilmiş dövlət rüsumunun 45,50 manat məbləğində hissəsinin əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, ilk iddia qalan hissədə rədd edilməli, iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqavilə üzrə Cavabdeh 2.450 (iki min dörd yüz əlli) manat məbləğində əsas, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 2.550 (iki min beş yüz əlli) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 45,50 (qırx beş manat, əlli qəpik) manat məbləğində hissəsinin əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İlk iddia qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar