Məhkəmə qərarları › İş №2(001)-5957/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5957/2021

20.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5957/2021 20.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X4 oğlunun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcun tutulması tələbi barədə iddia tələbinə dair mülki işə 20 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli, Özəl (1) F7_1645/K-19 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 2400 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 oğlu arasında 18 oktyabr 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üzrə eyni məzuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh1 götürdüyü krediti faizləri ilə birlikdə müəyyən olunmuş qaydada qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 1335,18 manat əsas, 231,03 manat faiz, 418,61 manat cərimə borcu olmaqla ümumilikdə 1984,82 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 oğlu iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib, Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli Özəl (1) F7_1645/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun qaytarılması, habelə dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 kredit müqaviləsinə əsasən İddiaçı KB ASC qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas və faiz borcuna münasibətdə maliyyə arayışında göstərilən məbləğlər üzrə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 1335,18 manat məbləğində əsas borca tənasübsüz olaraq 418,61 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 418,61 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 oğlu zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia qismən təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, kredit müqaviləsi və zaminlik müqaviləsinin şərtləri nəzərə alınmaqla 1335,18 manat əsas, 231,03 manat faiz, 40 manat cərimə borcu olmaqla ümumilikdə 1606,83 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək şəkildə ümumi qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə “TuranBank» ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 24 manat məbləğində hissəsi müştərək qaydada cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 18 oktyabr 2019-cu il tarixli, Özəl (1) F7_1645/K-19 saylı kredit müqaviləsi üzrə yaranmış 1335,8 manat əsas, 231,03 manat faiz, 40 manat cərimə borcu olmaqla ümumilikdə 1606,83 manat məbləğində pul vəsaiti Cavabdeh1, Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumunun əvəzi qismində 24 manat məbləğində pul vəsaiti də müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar