Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-597/2023 06.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 06 fevral 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 07 dekabr 2012-ci il təvəllüdlü X3 və 19 fevral 2014-cü il təvəllüdlü X5 adlı uşaqlarının saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, cavabdehlə 03 sentyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları vardır. Sonradan cavabdehlə aralarındakı nikah pozulmuş, məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən onun xeyrinə hər ay hər uşağa görə 100 manat alimentin tutulması qərara alınmışdır. Cavabdeh aliment öhdəliyini icra etmədiyindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 3(001)-1264/2022 saylı qərarına əsasən 10 gün inzibati qaydada həbs edilmişdir. Sonradan qismən ödənişlər edilsə də, hazırda həmin məbləğlə uşaqların maddi tələbatlarını qarşılamaq mümkün deyildir. Sonda İddiaçı məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. İştirak etdiyi əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etmədiyini, ərizədə göstərilən miqdarda aliment ödəməyə maddi imkanının olmadığını bildirmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2021-ci il tarixli, 2(105)-710/2021 saylı qətnaməsindən görünür ki, Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan 07 dekabr 2012-ci il təvəllüdlü X3 və 19 fevral 2014-cü il təvəllüdlü X5 adlı uşaqlarının yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qərara alınmış, qətnamə alimentin tutulması hissəsində dəyişdirilmədən saxlanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, yaşlarını, normal, yəni qida rasionalarına uyğun qidalanmalarını, geyimləri və s. ilə bağlı xərclərin mövcudluğunu və iddia tələbini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği hər uşağa görə 193 manat müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. Məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 07 dekabr 2012-ci il təvəllüdlü X3 və 19 fevral 2014-cü il təvəllüdlü X2 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 06 fevral 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-597/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-597/2023
06.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver