Məhkəmə qərarları › İş №2(001)-5980/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5980/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5980/2021 15.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Accessbank QSC-nin Cavabdeh X1rşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Accessbank QSC cavabdeh X1rşı borc tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Accessbank QSC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı AccessBank QSC ilə cavabdeh X4 Anthon arasında bağlanmış 05.03.2018-ci il tarixli kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında 13E**********23 saylı müqavilə əsasında cavabdehə X3 Gold Account növlü kart hesabı açılmışdır. Həmin müqavilə əsasında **********350539 saylı kart üzərində kart istifadəçisi kimi cavabdehin adı eyniləşdirilməklə müvafiq kart emissiya edilmiş və həmin kart cavabdehə təhvil edilmişdir. 2019-cu ilin noyabr ayında **********350539 saylı kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Belə ki, texniki overdraft nəticəsində artıq məbləğdə aparılan əməliyyat 488 ABŞ dolları 12 sent təşkil edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq, cavabdeh overdraft nəticəsində yaranmış borcun ödənilməsinə dair iddiaçı tərəfindən 07.07.2021-ci il tarixli məktubla xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh həmin məbləğin ödənilməsindən yayınmışdır. Tərəflər arasında bağlanmış 05.03.2018-ci il tarixli 13E**********23 saylı müqaviləyə əsasən, X4 Anthony Bankın internet səhifəsində yerləşdirilmiş Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təstiq etmişdir. 13 E**********23 saylı müqaviləyə əsasən, texniki (icazə verilməmiş) overdraft – tərəflər arasında overdraftın təqdim edilməsi barədə razılaşma olmadığı halda, kart istifadəçisi tərəfindən kart vasitəsilə kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyatların aparılmasıdır. Overdraft nəticəsində yaranmış borc bu müqavilənin 4.4.4-cü bəndinə əsasən, overdraft nəticəsində borc yarandıqda müştəri həmin borcun 3 (üç) iş günü ərzində banka geri qaytarılmasını təmin etməlidir. Ona görə də cavabdeh X4 Anthony iddiaçı Accessbank QSC-nin xeyrinə overdraft nəticəsində yaranmış 488 ABŞ dolları 12 sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh X4 Anthonyə məhkəməyə məlum ünvanı üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh X4 Anthony məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh X4 Anthony iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 960.1.-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Həmin Məcəllənin 960.2.-ci maddəsinə əsasən tərəflərin hesabın kreditləşdirilməsi ilə bağlı hüquq və vəzifələri borc və kredit haqqında qaydalarla müəyyənləşdirilir, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı hal nəzərdə tutulmasın. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AccessBank QSC ilə X4 Anthony arasında bağlanmış 05.03.2018-ci il tarixli kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında 13E**********23 saylı müqavilədən müəyyən olunur ki, bank bu müqavilə ilə nəzərdə tutulmuş kart hesabının açılmasını, həmin hesab üzrə müştərinin sifarişinə əsasən kartın və müvafiq sayda əlavə kartın emissiya edilərək müştəriyə verilməsini və kartın qüvvədə olduğu müddətdə ondan istifadə etməklə kart hesabı üzrə əməliyyatların aparılmasına dair bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsini, müştəri isə kartdan bu müqavilə şərtlərinə uyğun olaraq istifadə edilməsini və bu müqavilə ilə razılaşdırılmış xidmət haqqının banka ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 4.4.4-cü bəndinə əsasən, texniki overdraft nəticəsində borc yarandıqda müştəri həmin borcun 3 (üç) iş günü ərzində banka geri qaytarılmasını təmin etməlidir. AccessBank QSC-nin 05.03.2018-ci il tarixli qəbzindən müəyyən olunur ki, bank X4 Anthonyə bankomatlardan istifadə üçün şəxsi məxfi kodu bağlı zərfdə təqdim etmişdir. AccessBank QSC-nin 07.07.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 15.09.2017-ci il tarixli 13E**********23 saylı müqaviləyə əsasən açılmış kart hesabında overdraft üzrə 488,12 ABŞ dolları borcu vardır. AccessBank QSC-nin X4 Anthonyə ünvanladığı 24.06.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank, borclu tərəfindən X5 Cardsdan istifadə etməklə yaranmış overdraft üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 439.1.-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2.-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Həmin Məcəllənin 439.7.-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh hesabında olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmağı öhdəsinə götürsə də, buna əməl etməmiş nəticədə yol verdiyi texniki overdraft nəticəsində banka 488,12 ABŞ dolları borcu yaranmışdır. Ona görə də iddia tələbi əsaslıdır və təmin olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. X4 Anthonydən 05.03.2018-ci il tarixli kart hesabının açılması, plastik kartın emissiyası və karta dair xidmətlərin göstərilməsi haqqında 13E**********23 saylı müqavilə üzrə overdraft nəticəsində yaranmış 488,12 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, dövlət rüsumuna görə 30 manat AccessBank QSC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar