Məhkəmə qərarları › İş №2(001)-5997/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5997/2024

06.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5997/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinli yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi baədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3512/2019 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında olan nikah pozulmuş və tərəflərin birgə nikahından doğulan X2, X3 və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ayda ümumi 480 manat aliment məbləğinin tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda uşaqlar böyüyür və xərcləri artır. Nəticədə qiymətlərin artım dinamikası Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə kifayət etmir. Oğlu Nəsimi peşə məktəbində oxuyur, qızları isə orta məktəbdə təhsil alırlar. Bundan başqa ölkədə yaşayış minimumu da dəyişmiş və 235 manat müəyyən edilmişdir. Cavabdeh uşaqların saxlanılmaları üçün təyin edilmiş alimentin məbləğindən artıq heç bir maddi yardım göstərmir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdeh hazırda öz anasının evində qalır. Özünə aid mağazası var və oranı qardaşı işlədir. Qızlar hazırlıqlara gedirlər. Oğluna gündəlik xərclik kimi 5-6 manat pul verir. Özü anbarda işləyir əvvəl 180 manat əmək haqqı alırdısa, indi 220 manat əmək haqqı alır. Atasının dəstəyi ilə əri və özü ev tikmiş və həmin evi də aylıq 250 manatdan kirayə verirdilər. Lakin ailə dağıldıqdan sonra həmin vəsaitdən yararlana bilməmişdir. Hazırda Sulutəpə qəsəbəsində 350 manata kirayə qalır. Uşaqlarının saxlanılmasına qardaşı da, kömək edir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdeh ikinci dəfə nikaha daxil olmuş, evini kirayəyə vermiş və özü anası ilə yaşayır. Cavabdeh öz əmisi oğlunun yanında işləyir. Oğlu bu barədə məlumatı ona vermişdir. Oğlu şəhərdə təhsil alır, hər gün ona 5-6 manat yol pulu verir. Uşaqları təkbaşına saxlaya bilmir. Onlar böyüyüblər və uşaqların maddi xərcləri artmışdır.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Artırılan məbləği ödəmək iqtidarında deyil. Anasının pensiyasının köməkliyi ilə dolanır. Təyin edilən alimentdən borcu yoxdur və hər ay tam vaxtında ödəniş edir. Ağır işlərdə işləməyə səhhəti imkan vermir. İddiaçı özü başqa biri ilə faktiki nikah münasibətlərinə girib və 5 aylıq hamilədir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, özü reklam üzrə mütəxəssis işləyir və aylıq əmək haqqı 350-400 manat arası təşkil edir. Özü tək yaşayır və səhhəti yaxşı deyildir. Böyrəyi ağrıdığı üçün ağır işdə işləyə bilmir. Maddi durumu ilə bağlı özünə dərman ala bilmir. İddiaçı uşağa baxa bilmirsə, uşağın birini versin özü ona baxar. İddiaçı əməliyyat olanda özü köməklik etmişdir. Bundan başqa iki aydır qızlarını görə bilmir. Evini kirayəyə verməmişdir. Evdə xalası qızı müvəqqəti yaşayır. Aliment borcu yoxdur, alimenti vaxtı-vaxtında ödəyir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 3562/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixində Füzuli rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 620 nömrə ilə qeyd edilməklə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, İddiaçı ödənilməsi və s. qət edilmişdir.

8. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 348135 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixində 94 № ilə qeyd edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixində bağlanmış nikah Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3562/2019 saylı qətnaməsi ilə pozulmuş, tərəflərin birgə nikahından doğulan xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları müəyyən edilmiş, hər uşaq üçün 160 manat aliment təyin edilmişdir.

10. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 iyun 2019-cu il tarixli, 2(001)-3562/2019 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay, hər uşaq üçün 235 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

11. Tələbini isə uşaqların tələbatlarının artması, özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.

12. Cavabdeh isə iddia tələbini maddi durumu nəzərə alınmaqla, ödəyə bilməyəcəyindən qəbul etmir.

13. “Azemis” Elektron Məhkəmə sistemindən müəyyən edilmişdir ki, cavabdehlə işəgötürən X5 tabeliyində reklam üzrə mütəxəssis vəzifəsində çalışır və aylıq əmək haqqı 345 manatdır. Adına daşınar və daşınmaz əmlak mövcud deyil. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

23. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

24. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2024-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2019-ci ildən uşaqların tələbatının, maddi xərclərinin onların yaşları ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərinə yaxın məbləğdə maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.

25. Belə ki, yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmadığı kimi, bu əsasla da alimentin artırılması tələbi bütün tərəflərin diqqəlayiq mənafeləri nəzərə alınmaqla həll edilməlidir. Burada bütün tərəflər dedikdə uşaq, aliment alan və alan ödəyən şəxs başa düşülür. Hər bir halda bütün məsələlər uşaqların mənafelərinin üstünlüyü baxımından qiymətləndirilməlidir. Tərəflərin izahatlarından və elektron məhkəmə sistemindən məlum oldu ki, cavabdeh həqiqətən 345 manat əmək haqqı alır. İddiaçı isə cavabdehin mağazasının olması və ya evinin kirayəyə verilməsi ilə bağlı iddiasını sübut edəcək dəlillər tədim edə bilmir. Odur ki, cavabdehin əmək haqqı nəzərə alındıqda tələb edilən həcmdə aliment təyinin məbləği ödənilmədiyi təqdirdə cavabdehin aliment borcunun yığılmasına, onun barəsində inzibati icraat və cinayət təqibinin həyata keçirilməsinə səbəb ola bilər. Bu isə heç bir halda uşaqların mənafeyinə uyğun hesab edilə bilməz. Bununla belə məhkəmə bütün tərəflərin mənafeyini nəzərə almaqla artırılması tələb olunan alimentin miqdarının hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir.

26. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

27. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

29. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

31. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

32. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3562/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-3562/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar