Məhkəmə qərarları › İş №2(001)-6/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6/2020 12.10.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Musafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh1 və Cavabdeh2 qarşı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 2592 manat əsas, 1096 manat faiz olmaqla ümumilikdə 3688 manat məbləğində kredit borcunun, eləcə də 20 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(001)- 4956/2015 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin olunmuşdur. Sonradan Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsini, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, məhkəmənin xx xxxxx 2015-ci il tarixli, 2(001)-4956/2015 saylı qərardadına əsasən, məhkəmə əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya illik 24 faiz dərəcəsi hesablanmaqla 24 ay müddətinə ödəmək şərti ilə 3000 manat məbləğində kredit vermişdir. Bununla bağlı həmin tarixdə Cavabdeh2 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən, Cavabdeh2 Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün Cavabdeh1 ilə eyni məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin, kredit müqaviləsindən irəli gələn öhdəliklər Cavabdeh1 tərəfindən icra edilmədiyindən onun 2592 manat əsas, 1096 manat faiz borcu olmaqla ümumilikdə 3688 manat məbləğində borcu yaranmışdır. Məhkəmə iclaslarının gedişi zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 vəfat etmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə zamin olduğundan iddia tələbində göstərilən məbləğdə borc Cavabdeh2 bankın xeyrinə tutulmalıdır. Sonda İ.F.Şirinov məhkəmədən göstərilənləri nəzərə alıb iddianın izahatında göstərilənlərə uyğun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, kredit müqaviləsi bankla digər Cavabdeh1 arasında bağlanmış, kredit Cavabdeh1 verilmiş, o Cavabdeh1 zamin olmuşdur. Cavabdeh1 vəfat etdiyindən tələb ilk öncə onun vərəsələrinə yönəlməli, vərəsələr müəyyən edilənədək hazırki iş üzrə qətnamə çıxarılması və borcun ondan tələb olunması qanunsuzdur. İş materiallarında olan: xx xxxx 2013-cü il tarixli, 438YHFK nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 3000 manat kredit verilmiş, Cavabdeh1 müqavilənin şərtlərinə əsasən, krediti hesablanmış faizlərlə birlikdə vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxx 2013-cü il tarixli, 438YHFK nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına zamin olmaqla bank qarşısında Cavabdeh1 ilə eyni dərəcədə məsuliyyəti öz üzərinə götürmüşdür. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, habelə Cavabdeh2 izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin daşıyıcısı olsa da, həmin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmiş, kredit və faiz borcunu vaxtında ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)- 6664/2019 saylı qərardadına əsasən borc məbləğinin kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxx 2015-ci il tarixə nə qədər olmasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə – mühasibatlıq ekspertizası təyin olunmuşdur. Ekspertizanın xx.xx.2019-cu il tarixli, 29996 saylı rəyində qeyd olunmuşdur ki, kredit müqaviləsinin müddətinin bitdiyi tarixə banka olan əsas borc 2590,42 manat, faiz borcu 995,81 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bə bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, elcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmənin xx xxxxx 2015-ci il tarixli qərardadına əsasən, Cavabdeh1 hüquqi varisləri müəyyən olunanadək iş üzrə icraat dayandırılmış, həmçinin, Cavabdeh1 qeydiyyatda olduğu Bakı şəhəri Binəqədi rayonu ərazisi üzrə notariat ofislərinə Cavabdeh1 ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması məzmunlu soğrular verilmişdir. Lakin, sorğulara alınmış müvafiq cavablarda vərəsəlik işi açılmadığı qeyd olunduğundan məhkəmə iş üzrə icraatı təzələyərək işə mahiyyəti üzrə baxılmasının məqsədəmüvafiq olması qənaətinə gəlmiş, məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-6/2020 saylı qərardadına əsasən, mülki işə Cavabdeh1ndna kredit borcunun tutulması hissəsində xitam verilmişdir. Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə qismən, ekspert rəyində göstərilən məbləğlərə uyğun təmin olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilməli, Cavabdeh2 əsas borc 2590,42 manat, faiz borcu 995,81 manat olmaqla ümumilikdə 3586,23 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaitinin 19 manat məbləğində hissəsi də Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, 100 manat məbləğində ekspertiza xərcinin 97 manat məbləğində hissəsi Cavabdeh2, 3 manat məbləğində hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı X1 Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2 2590,42 manat əsas, 995,81 manat faiz borcu olmaqla ümumilikdə 3586,23 manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 19 manat məbləğində pul Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 97 manat məbləğində hissəsi Cavabdeh2, 3 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar