Məhkəmə qərarları › İş №2(001)-6007/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6007/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6007/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, sonuncu ümumi dəyəri 684 manat olan “Hoffmann” markalı kondisioneri 2 manat ilkin ödəniş edərək qalan məbləği 11 ay müddətinə ayda 62 manat ödəmək şərti ilə əldə etmiş, müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən, 178 manat əsas borc, 55 manat dəbbə pulu, ümumilikdə 233 manat borcu yaranmışdır. Həmçinin, 06 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu dəyəri 2759,4 manat olan “Samsung” markalı soyuducu və “Magic Power” markalı qoxuhəbsedici üçün ilkin ödəniş etmədən 18 ay müddətinə ayda 153,3 manat ödəmək şərti ilə əldə etmiş, müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən, 2450,4 manat əsas borc, 688,6 manat dəbbə pulu, ümumilikdə 3139 manat borcu yaranmışdır. Həmçinin, 13 fevral 2020-ci il tarixli müqaviləyə əsasən, sonuncu ümumi dəyəri 2449, 8 manat olan “Samsung” markalı televizor və “Sonorous Surefix” markalı asqı üçün 225 manat ilkin ödəniş etməklə qalan məbləği 18 ay müddətinə ayda 123,6 manat ödəmək şərti ilə əldə etmiş müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən təqdim olunmuş arayışa əsasən, 2099,8 manat əsas borc, 516,2 manat dəbbə pulu borcu, ümumilikdə 2616 manat borcu yaranmışdır. Hər üç müqavilə üzrə cavabdehin 5988 manat borcu vardır. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yuxarıda göstərilən məbləğdə borcun və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. - 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07 avqust 2019-cu il tarixli, 06 yanvar 2020-ci il tarixli və 13 fevral 2020-ci il tarixli müqavilələrdə və həmin müqavilələrə əlavədə digər şərtlərlə yanaşı əşyaların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh 07 avqust 2019-cu il tarixli, 06 yanvar 2020-ci il tarixli və 13 fevral 2020-ci il tarixli müqavilələrə əsasən "xxxx" MMC-dən aldığı əşyaların dəyərini ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 07 avqust 2019-cu il tarixli müqavilə üzrə 178 manat, 06 yanvar 2020-ci il tarixli müqavilə üzrə 2450,4 manat və 13 fevral 2020-ci il tarixli müqavilə üzrə 2099,8 manat əsas borc Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1 maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə 07 avqust 2019-cu il tarixli müqaviləyə əsasən 178 manat məbləğində əsas borca tənasübsüz olaraq 55 manat dəbbə pulunun, 06 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən 2450,4 manat məbləğində əsas borca tənasübsüz 688,6 manat dəbbə pulunun və 13 fevral 2020-ci il tarixli müqaviləyə əsasən 2099,8 manat əsas borca tənasübsüz olaraq 516,2 manat dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, 07 avqust 2019-cu il tarixli müqaviləyə əsasən hesablanmış 55 manat məbləğində dəbbə pulu azaldılaraq 4 manat məbləğində, 06 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən hesablanmış 688,6 manat məbləğində dəbbə pulu azaldılaraq 48 manat və 13 fevral 2020-ci il tarixli müqaviləyə əsasən hesablanmış 516,2 manat məbləğində dəbbə pulu azaldılaraq 40 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən "xxxx" MMC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaitinin 23 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" MMC-nin iddiası qismən təmin edilsin. Cavabdeh 07 avqust 2019-cu il tarixli müqavilə üzrə 178 manat əsas borc, 4 manat dəbbə pulu, 06 yanvar 2020-ci il tarixli müqavilə üzrə 2450,4 manat əsas borc, 48 manat dəbbə pulu, 13 fevral 2020-ci il tarixli müqavilə üzrə 2099,8 əsas borc, 40 manat dəbbə pulu, ümumilikdə 4820,2 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 23 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar