Məhkəmə qərarları › İş №2(001)-6009/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6009/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6009/2021 02.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ABC Telecom MMC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrə əsasən öhdəliklərini icra etmədiyindən iddiaçıya borcu yaranmışdır. Belə ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı 23.09.2018-ci il tarixli müqaviləyə əsasən qiyməti 2739 manat imei kodu **********63621 olan Samsung Galaxy S9 markalı telefonu 129 manat ilkin ödənişlə 18 ay müddətinə hissə-hissə ödəmək şərtilə almış, ümumilikdə 188 manat olmaqla 145 manat ödənilməmiş hissə, 43 manat dəbbə pulu borcu, 15.07.2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 756 manat imei kodu **********77933 olan Huavei markalı MediaPadı ilkin ödənişsiz 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə almış, ümumilikdə 245 manat olmaqla 189 manat ödənilməmiş hissə, 56 manat dəbbə pulu borcu, 28.11.2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 1240 manat olan Antakya markalı masanı, Venetsiya mebeli, Doshek Uretanı ilkin ödənişsiz 20 ay müddətinə hissəhissə ödəmək şərtilə almış, ümumilikdə 1537 manat olmaqla 1240 manat ödənilməmiş hissə, 297 manat dəbbə pulu borcu, 29.11.2019-cu il tarixli müqaviləyə əsasən qiyməti 380 manat olan Soft yumşaq mebel əşyasınə ilkin ödənişsiz 20 ay müddətinə hissə-hissə ödəmək şərtilə almış, ümumilikdə 471 manat olmaqla 380 manat ödənilməmiş hissə, 91 manat dəbbə pulu borcu, 21.01.2020-ci il tarixli müqaviləyə əsasən qiyməti 220,8 manat olan Braun Blenderi ilkin ödənişsiz 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə almış, ümumilikdə 285 manat olmaqla 220,8 manat ödənilməmiş hissə, 64,2 manat dəbbə pulu borcu qalmışdır. Ona görə də 23.09.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 145 manatın, dəbbə puluna görə 43 manatın, 15.07.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 189 manatın, dəbbə puluna görə 56 manatın, 28.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1240 manatın, dəbbə puluna görə 297 manatın, 29.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 380 manatın, dəbbə puluna görə 91 manatın, 21.01.2020ci il tarixli müqavilə üzrə əsas borca görə 220,8 manatın, dəbbə puluna görə 64,2 manatın dövlət rüsumuna görə 30 manatın Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 23.09.2018-ci il tarixli 00307210 saylı müqavilədən müəyyən olunur ki, alıcı alqı-satqı qiyməti 2739 manat olan imei kodu **********63621 olan Samsung Galaxy S9 markalı telefonu 129 manat ilkin ödənişlə, 18 ay müddətinə hissə-hissə ödəmək şərtilə satıcıdan nisyə almışdır. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin 23.09.2018-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 26.11.2018-ci il tarixdən 23.03.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 145 manat olmaqla hissəhissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş 23.09.2018-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 00307210 nömrəli müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 15.07.2019-cu il tarixli 00783366 saylı müqavilədən müəyyən olunur ki, alıcı alqı-satqı qiyməti 756 manat olan imei kodu **********77933 olan Huavei MediaPadı ilkin ödənişsiz, 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə satıcıdan nisyə almışdır. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin 15.07.2019-cu il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 25.08.2019-cu il tarixdən 25.07.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 63 manat olmaqla hissəhissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş 15.07.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 00783366 nömrəli müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 28.11.2019-cu il tarixli 01080616 saylı müqavilədən müəyyən olunur ki, alıcı alqı-satqı qiyməti 1240 manat olan Antakya markalı masanı, Venetsiya mebelini, Doshek Uretanı ilkin ödənişsiz, 20 ay müddətinə hissə-hissə ödəmək şərtilə satıcıdan nisyə almışdır. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin 28.11.2019-cu il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 28.02.2020-ci il tarixdən 30.07.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 62 manat olmaqla hissəhissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş 28.11.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 01080616 nömrəli müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 29.11.2019-cu il tarixli 01082856 saylı müqavilədən müəyyən olunur ki, alıcı alqı-satqı qiyməti 380 manat olan Soft Yumşaq mebel əşyasını ilkin ödənişsiz, 20 ay müddətinə hissə-hissə ödəmək şərtilə satıcıdan nisyə almışdır. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin 29.11.2019-cu il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 28.02.2020-ci il tarixdən 28.02.2020-ci il tarixə qədər olan dövr ərzində hər ay 19 manat olmaqla hissəhissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş 29.11.2019-cu il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 01082856 nömrəli müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. Satıcı ABC Telecom MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 21.01.2020-ci il tarixli 20050769 saylı müqavilədən müəyyən olunur ki, alıcı alqı-satqı qiyməti 220,8 manat olan Braun Blenderi ilkin ödənişsiz, 12 ay müddətinə hissə-hissə ödəmək şərtilə satıcıdan nisyə almışdır. Müqavilənin 2.3-cü bəndindən müəyyən olunur ki, müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin 21.01.2020-ci il tarixli müqaviləyə əlavə olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödənişlər alıcı tərəfindən 27.02.2020-ci il tarixdən 29.01.2021-ci il tarixə qədər olan dövr ərzində hər ay 18,4 manat olmaqla hissəhissə ödənilməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında tərtib olunmuş 21.01.2020-ci il tarixli təhvil-təslim aktından müəyyən olunur ki, Cavabdeh 20050769 nömrəli müqavilədə qeyd olunan məhsulları tam qüsursuz halda təhvil almışdır. ABC Telecom MMC-nin 16.06.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh 23.09.2018-ci il tarixli müqavilə üzrə əsas borca görə 145 manat, dəbbə puluna görə 43 manat olmaqla cəmi 188 manat, 15.07.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 189 manat, dəbbə puluna görə 56 manat olmaqla cəmi 245 manat, 28.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 1240 manat, dəbbə puluna görə 297 manat olmaqla cəmi 1537 manat, 29.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 380 manat, dəbbə puluna görə 91 manat olmaqla cəmi 471 manat, 29.11.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 220.8 manat, dəbbə puluna görə 64,2 manat olmaqla cəmi 285 manat borcu vardır. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı 08.12.2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı 23.09.2018-ci il tarixli 00307210 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 145 manat, 15.07.2019-cu il tarixli 00783366 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 189 manat, 28.11.2019-cu il tarixli 01080616 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 1240 manat, 29.11.2019-cu il tarixli 01082856 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 380 manat, 21.01.2020-ci il tarixli 20050769 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində əsas borca görə 220,8 manat borcunun yaranması öz təsdiqini tapdığından, məhkəmə iddiaçının cavabdehdən bağladığı müqavilələrə görə əsas borca görə cəmi 2174,8 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan dəbbə pulunun cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 22.07.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan dəbbə pulunun artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə dəbbə puluna görə cavabdehdən 23.09.2018-ci il tarixli 00307210 saylı müqavilə üzrə 5 manat, 15.07.2019-cu il tarixli 00783366 saylı müqavilə üzrə 5 manat, 28.11.2019-cu il tarixli 01080616 saylı müqavilə üzrə 50 manat, 29.11.2019-cu il tarixli 01082856 saylı müqavilə üzrə 10 manat, 21.01.2020-ci il tarixli 20050769 saylı müqavilə üzrə 10 manat olmaqla cəmi 80 manat tutulmalı, iddia tələbi dəbbə pulu ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 23.09.2018-ci il tarixli 00307210 saylı müqavilə üzrə əsas borca görə 145 manat, dəbbə puluna görə 5 manat, 15.07.2019-cu il tarixli 00783366 saylı müqavilə üzrə əsas borca görə 189 manat, dəbbə puluna görə 5 manat, 28.11.2019-cu il tarixli 01080616 saylı müqavilə üzrə əsas borca görə 1240 manat, dəbbə puluna görə 50 manat, 29.11.2019-cu il tarixli 01082856 saylı müqavilə üzrə əsas borca görə 380 manat, dəbbə puluna görə 10 manat, 21.01.2020-ci il tarixli 20050769 saylı müqavilə üzrə əsas borca görə 220,8 manat dəbbə puluna görə 10 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2284,8 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar