Məhkəmə qərarları › İş №2(001)-6009/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6009/2023

14.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6009/2023 14.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh Təvəkgül oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Təvəkgül oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il təvəllüdlü X2 üçün cavabeh Cavabdeh Təvəkgül oğlundan hər ay 300 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh Təvəkgül oğlu ilə xx.xx.2012-ci il tarixində ailə qurmuşdur. Birgə nikahlarından 10.07..2015-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün cavabdehdən hər ay 193 manat alimentin tutulması qət edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin xəstəliyinin olması, onu uşağını saxlamaq vəzifəsindən azad etmir. Hazırda onun uşağını öz valideynlərinin hesabına saxlayır. Ödənilən aliment kifayət etmir. Cavabdeh götürdüyü krediti də, şəxsi məqsədləri üçün istifadə edib. Uşaqla ünsiyyətlə bağlı məhkəmə qətnaməsi var və həmin qətnamə ilə cavabdehə həftənin şənbə günləri 8 saat ünsiyyət hüququ verilmişdir. Uşaq isə indidən həmin görüşlərin stresini çəkir və atası ilə görüşmək istəmir. Uşaq özü təkid edir ki, məhkəmə qətnaməsindən apellyasiya şikayəti versin. Uşağın səhhəti zəifdir. Mütəmadi olaraq müalicələr alır və müayinə olunur.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, işləmir və uşağa baxmaqda çətinlik çəkir. Uşağın ehtiyacları artıb. Belə ki, oğlunu aylıq 80 manata hazırlığa qoymuşdur. Bundan başqa qiymətlərdə iki qat artım olub. Övladı xəstə uşaqdır. Mən təkbaşına oğlunu saxlamaqda çətinlik çəkir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə təqdim etdiyi etirazını müdafiə edərək, iddianın rədd edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında isə göstərir: İddiaçı ona qarşı alimentin artırılması barədə iddia qaldırmışdır. Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il arixli qətnaməsinə əsasən birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü oğlumuz X2 üçün ondan hər ay İddiaçı xeyrinə sabit pul məbləğində 193,0 manat alimentin tutulması qət edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı bildirir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DQ-da 28 il qüsursuz xidmət etmişəm, DİN-in rəhbərliyi tərəfindən qüsursuz xidmətə görə də 1-ci, 2-ci, 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. Hazırda təqaüdçüdür (müharibə veteranıyam) və hər ay 792,0 manat məbləğində pensiya və 80 manat prezident təqaüdü alır. Qarabağ Müharibəsi zamanı aldığı travmadan (kontuziyadan) sonra göz xəstəliyindən əziyyət çəkir (sağ gözündən əməliyyat olunmuş və sol gözündən də əməliyyat olunmalıdır). Aldığı 792,0 manat pensiyasından hər ay 193,0 manatını (iddiaçıya) alimentə, 530,0 manatını "xxxx"da olan kreditinə (hələ 4 il müddətinə hər ay 530,0 manat ödəməlidir) ödəyir. Həmin təqaüdündən ona dolanışığı üçün cəmi 69,0 manat pul qalır. Qalan pul xırda xərclərinə belə çatmır. Hər ay dolanışığı üçün təqaüdçü ata və anası ona köməklik edirlər. Yaşadığı mənzilinin kommünal xərclərini belə ödəyə bilmir, kommünal xərclərə həmişə borclu qalır. Hazırda nikahları pozulduğundan tək yaşayır. Bu isə bu yaşda ona çətindir. Ona görədə ailə qurmaq istəyir lakin kasıbçılıqdan alınmır. Çünki əlavə təminatı (gəliri) yoxdur.

7. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, vaxtı-vaxtında alimenti ödəyir və aliment borcu yoxdur. İddiaçı uşaqla görüşünə maneçilik törədir. Bununla bağlı məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olsa da, iddiaçı yenədə uşaqla ünsiyyətimə maneçilik törədir. İddiaçının psixi durumu yerində deyil. O, uşaqla məktəbdə görüşür. İddiaçı ilə əsassız yerə nikahları pozulmuşdur. Bundan başqa anası iddiaçıya rayondan ət və toyuq məhsulları yollayır. Özü də, uşaqla görüşəndə pul verir. Özü əməliyyat olunmuşdur və şəkər xəstəsidir. Onun əlavə gəliri yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 2916/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, 10 iyul 2015-ci il təvəllüdlü X1 üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh Təvəkgül oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir

9. Kürdəmir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən 02 mart 2012-ci il tarixli, AZ-İ seriyalı, 729237 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Təvəkgül oğlu ilə İddiaçı arasında 02 mart 2012-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 94 №-ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Səlimov”, arvada isə “Məmmədova” soyadı verilmişdir.

10. 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilən 01 avqust 2015-ci il tarixli, AZ-İİİ seriyalı, 594866 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 iyul 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 01 avqust 2015-ci il tarixində 4267 № ilə qeyd edilmişdir. Atası Cavabdeh Təvəkgül oğlu, anası İddiaçıdır.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh Təvəkgül oğlu 792,56 manat məbləğində pensiya ödənilir.

12. "xxxx" ASC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli GTKR0400293B142 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh Təvəkgül oğluna 48 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 15450 manat məbləğində kredit verilmişdir.

13. “Funda” Medical Center tərəfindən verilən xx.xx.2022-ci il tarixli epikrizdən görünür ki, Cavabdeh Təvəkgül oğluna OD-Katarakta, OS-Başlanğıc katarakta diaqnozu qoyulmuşdur.

14. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən 09/2542 saylı vəsiqədən görünür ki, Cavabdeh Təvəkgül oğluna 309,96 manat pensiya təyin edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 2916/2022 saylı qətnaməsi ilə İddiaçı alimentin artırılması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, 10 iyul 2015-ci il təvəllüdlü X1 üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment Cavabdeh Təvəkgül oğlundan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir

16. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2916/2022 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay 300 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.

17. Tələbini isə uşaqların tələbatlarının artması və özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir.

18. Cavabdeh isə iddia tələbini qəbul etmir və artırılacaq aliment məbləğini ödəmək iqtidarında olmadığını, hətta bankda kreditinin olduğunu, bütün xərclərini ödədikdən sonra dolanışığına 69 manat pul qaldığını bildirir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

20. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

21. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

22. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

23. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

24. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

25. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

26. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

27. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

28. İşin halları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qətnaməyə əsasən cavabdehdən hər ay 193 manat aliment tutulur. Odur ki, keçən müddət ərzində yaşayış minimumu tələbləri, uşaqların xərcləri artmışdır. Dolayısı ilə iddiaçının alimentin artırılmasına zərurət yaranması barədə dəlilləri əsaslıdır.

29. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə qismən razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, alimentin müəyyən edildiyi 2022-ci ildən uşağın tələbatının, maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün yaşayış minimumu həddində müəyyən edilməlidir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması belə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq vəzifəsindən azad etmir.

30. Həmçinin nəzərə alınmalıdır ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

31. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

33. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

34. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

35. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarən qiyməti—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

36. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

37. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

38. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

39. 8.1.1-ci maddəsinə əsasən 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.

40. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

41. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Nəticə:

42. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2916/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, 10 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Təvəkgül oğlundan hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir.

43. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi həddə dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

44. Odur ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 manat ((220-193)x 12=324) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2916/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 10 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Təvəkgül oğlundan hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh Təvəkgül oğlundan 30(otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar