Məhkəmə qərarları › İş №2(001)-601/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-601/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-601/2020 08.06.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə X1 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ X2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Binəqədi Rayon Məhkəməsinə Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Cavabdeh dəyəri 5000 manat olan bir dəst brilliant qaşlı qızıl komplektin (kolye, qolbaq, üzük və sırğalar) və dəyəri 250 manat olan 1 ədəd mirvari qaşlı qızıl üzüyün alınıb ona verilməsi barədə qətnamə qəbul etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-854/2018 saylı qətnaməsinin icra vərəqəsinə əsasən Cavabdeh 5000 manat bir dəst brilliant qaşlı qızıl komplekt (kolye, qolbaq, üzük və sırğalar) və dəyəri 250 manat olan 1 ədəd mirvari qaşlı qızıl üzük alınaraq ona verilməlidir. Məhkəmə aktının icrası mərhələsində Cavabdeh tərəfindən icra məmuruna təqdim olunmuş zinət əşyaları ona məxsus olmadığından o, həmin əşyaları qəbul etməmişdir. Onun tələb etdiyi qızıl-zinət əşyaları İtalyanın 750 əyarlı White Gold firmasının istehsalı olmuşdur. Cavabdehin təqdim etdiyi qızıl tamamilə başqa formada olmaqla Dubay istehsalı qızıl əşyalar olmuşdur. Cavabdeh ona məxsus olan qızıl əşyalarına görə 5250 manat məbləğində pul ödəməyə borcludur. Qətnaməyə izah verilməsi ilə bağlı icra məmuru təqdimatla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadına əsasən təqdimat rədd edilmişdir. Təqdimatın rədd olunmasının əsası qızıl-zinət əşyalarının faktiki olaraq mövcud olmadığı halda onun dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi məzmunlu izahən artıq qətnamənin məzmununu dəyişəcəyi ilə bağlı olmuşdur. Bundan sonra ona qızıl-zinət əşyalarının dəyərinin tələb olunması üçün yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də Cavabdeh qızıl-zinət əşyalarının dəyəri olan 5250 manatın, hüquq xidmətlərinə görə ödədiyi 267 manatın və dövlət rüsumuna görə ödədiyi 30 manatın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1.-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-854/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh dəyəri 5000 manat təşkil edən bir dəst brilliant qaşlı qızıl komplektin (kolye, qolbaq, üzük və sırğalar) və dəyəri 250 manat təşkil edən bir ədəd mirvari qaşlı qızıl üzüyün alınaraq iddiaçı Aitən Gasymovaya verilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-854/2018 saylı xx.xx.2019-cu il tarixli qərardadından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Ələddin Hüseynovun Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-854/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinin izah edilməsinə dair ərizəsi rədd edilmişdir. Hüquq xidmət göstərən M.R.Salahov ilə hüquqi xidmət alan X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli tapşırıq müqaviləsindən müəyyən olunur ki, hüquq xidmət göstərən ona müraciət edən fiziki və hüquqi şəxslə müqavilə bağlayan andan dərhal müqavilədən irəli gələn öhdəliyin icrasına başlamağı, öhdəliyi yerinə yerirmək üçün məsləhət verməyi, hüquqi arayışlar tərtib etməyi, qanuni əsaslarla lazımi, dövlət və qeyri-dövlət təşkilatlarında müdafiə etmək məqsədi ilə müraciət edən şəxsin qanuni mənafeyinin qorunması üçün qanunda nəzərdə tutulan vasitədən istifadə edəcəyi barədə öhdəlik götürmüşdür. Xidmət ödənişlərinə dair qəbzdən müəyyən olunur ki, X8 hüquq xidmətləri, vəkil tutulması, dövlət rüsumları, sənədləşmə və sənədlərin təsdiqi üçün X6 267 manat ödəniş etmişdir. X7, borclu Cavabdeh etibarnaməyə əsasən nümayəndəsi X4, borclunun anası X3 iştirakı ilə Bakı şəhəri İcra və probasiya şöbəsinin icra məmuru Ələddin Hüseynov tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, borclu Cavabdeh nümayəndəsi F.F.Məmmədzadə və Cavabdeh anası C.M.Cəfərova Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)854/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən dəyəri 5000 manat olan bir dəst brilliant qaşlı qızıl komplekt (kolye, qolbaq, üzük və sırğalar) və dəyəri 250 manat təşkil edən bir ədəd mirvari qaşlı qızıl üzük tələbkar Aitən Gasymovaya təqdim edilmiş, İddiaçı həmin zinət əşyalarının ona məxsus olmadığını bildirərək qəbul etməmişdir. Aitan Gasymova tərəfindən Bakı şəhəri İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2019cu il tarixli ərizədən müəyyən olunur ki, o, Cavabdeh anası M.Cəfərova və nümayəndəsi F.F.Məmmədzadə tərəfindən ona təqdim olunmuş zinət əşyalarının ona məxsus olmadığından qəbul etməmiş, onun tələb etdiyi qızıl-zinət əşyaları olmadığına görə başqa qızıl zinət əşyalarını qəbul etməkdən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2.-ci maddəsini mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4.-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, qanuni qüvvəsini alan məhkəmə aktına əsasən dəyərinin 5250 manat olması müəyyən olunan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilsə də, həmin məhkəmə aktının icrası mümkün olmadığından iddiaçı həmin məhkəmə aktı ilə müəyyən olunan qızıl-zinət əşyalarının dəyərinin cavabdehdən alınaraq ona verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 82.3.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, cavabdeh qanuni qüvvəsini alan məhkəmə aktını icra etmədiyindən, iddiaçının həmin məhkəmə aktı ilə müəyyən olunan əşyaların dəyərinin tələbinə dair iddia ərizəsi əsaslıdır ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının çəkdiyi məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Cavabdeh qızıl-zinət əşyalarının dəyərinə görə 5250 manat, hüquqi xidmətə görə 267 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5547 manat X5 xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar