Məhkəmə qərarları › İş №2(001)-6015/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6015/2023

18.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6015/2023 18.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 500 manat, ona vurulmuş mənəvi ziyana görə 1500 manat və onun tərəfindən ödənilmiş 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 03 mart 2022-ci il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, bina-14, mənzil 33-də yerləşən ümumi sahəsi 41.5 kv/m olan qeyri-yaşayış sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 41.5 kv.m cavabdehə icarəyə vermişdir. İcarə müddəti xx.xx.2032-ci il tarixə kimidir. Həmin icarə müqaviləsinə əsasən icarə haqqı ilk bir illik 1000 manat, növbəti illər isə 1200 manat, hər ayın 1-dən icarə haqqı ödəməlidir. İcarəçi icarəyə götürdüyü əmlakı ikinci əldən icarəyə verə bilməz. Müqavilə ləğv etmək istədikdə isə tərəflər qabaqcadan 6 ay öncədən yazılı xəbərdarlıq etməlidirlər. Qarşılıqlı razılıq olmadığı təqdirdə isə etiraz edən tərəf aylıq ödəmənin 40 misli dəyərində təzminat ödəyəcək. Cavabdeh isə ona sentyabr ayından başladı aylıq icarə pulunu ödəməməyə. O, cavabdehə Whatsappda yazmışdır ki, gəl icarə pulun ödə, o isə yazmışdır ki. “mən ordan çıxmışam və ordakı əşyalarımı da götürmüşəm”. O, obyektə gedəndə obyektin şüşə qapısından görmüşdür ki, ona aid olan əşyaları da götürüb. O, ancaq qapıları görürdü ki, çıxarıb aparıb, qalan veşlərindən xəbəri yoxdur. Ona görə ki, obyektin qapısı bağlıdır və cavabdeh istəsə də açarı ona qaytarmır və ona deyir ki, “məhkəmədə sənə qaytaracam. Ge ver məni məhkəməyə , heç nədən qorxmuram və səndən də təzminat alacam”. Bir sözlə o, hal-hazırda heç yerdə işləmədiyi üçün həmin obyektin işləməsinə çox ehtiyacı var, amma cavabdeh ona icarə haqqı verməyərək, həm də açarı ona verməyərək, ona maddi həm də mənəvi ziyan vurur. Bildirir ki, o, hər ay “Bank of Baku”-ya 980 manat pul ödəyir. Bu pulu isə götürüb obyektin təmirinə və açılmasına xərcləmişdir. Cavabdeh isə müqaviləni pozduğu üçün ona aylıq ödəmənin 40 misli olaraq 40000 manat pul ödəməlidir. Həmçinin ona vurduğu ziyana görə isə hər ay obyektin işləmədiyi aylar üçün 2000 manat da pul ödəməlidir. Bildirir ki, cavabdeh müqavilənin öhdəliklərini yerinə yetirmədiyi üçün o, həmin müqaviləni pozmaq məcburiyyətində qalmış və bununla bağlı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin olunmuşdur. O,həmin qətnamədən apellyasiya şikayəti də vermişdir. Cavabdeh ona düz 2022-ci ilin oktyabr ayının 1-dən həm maddi, həm də mənəvi ziyan vurmaqla onun bütün sinir sistemini pozmuşdur. O, hazırda da dərman qəbul edir. Ona görə ki, o, Banka hər ay 1000 manat pul ödəyirdi. Lakin cavabdehin onun başına açdığı oyuna görə onun Banka gecikmələri olmuşdur. Belə ki, yeganə gəlir mənbəyi bu obyekt idi.O, bu obyektə görə bankdan pul götürmüşdür. Bildirir ki, cavabdehin obyektin açarların verməməsi onun işini daha da çətinləşdirmiş və onun səhhətinə bu daha da pis təsir etmişdir. Bir sözlə cavabdeh ona maddi ziyan vurmaqla mənəvi ziyan da vurmuşdur və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-534/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə bir daha sübut olunmuşdur. O, obyektinin işləmədiyi aylarda banka faizə pul götürməklə ödəmişdir. Belə ki, 500 manat əlavə pul ödəmişdir. Cavabdeh onun qarşısında icarə müqaviləsinin öhdəliklərini yerinə yetirməməklə ona mənəvi ziyan vurmuşdur. Mülki qanunvericiliyin tələblərinə görə cavabdeh həmin zərəri ödəməyə borcludur. Cavabdeh hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən yayınır. Belə olan halda ona dəymiş zərəri məhkəmə qaydasında tələb edir. Həmin zərərvurma nəticəsində ona dəymiş maddi ziyanı 500 manat vəsait kimi qiymətləndirir. Qeyd edir ki, qeyd olunan zərər vurma nəticəsində həmçinin mənəvi iztirablar çəkmişdir. Bunun nəticəsində ona mənəvi zərər dəyib. Ona dəymiş mənəvi ziyanı 1000 manat vəsait kimi qiymətləndirir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Belə ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “əmlakın kirayəyə verilməsi üzrə hazırlıq işləri” olmaqla fərdi sahibkardır. Eləcə də Cavabdeh da xx.xx.2022-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət istiqaməti “qadın gözəllik salonları tərəfindən xidmətlərin göstərilməsi” olmaqla fərdi sahibkardır. Eyni zamanda iddia ərizəsinin məzmunu və ona əlavə edilmiş sənədlər ilə müəyyən edilir ki, hal-hazırda tərəflər arasında cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya məxsus qeyri-yaşayış sahəsini icarəyə götürməsi ilə əlaqədar onlar arasında bağlanmış 03 mart 2022-ci il tarixli icarə müqaviləsindən irəli gələn mübahisə yaranmışdır. Göründüyü kimi, hal-hazırki mübahisə məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədardır. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Eyni zamanda o da qeyd edilməlidir ki, hər iki tərəf fərdi sahibkar kimi fəaliyyətinin müvəqqəti dayandırsalar belə, bu nüans işə kommersiya məhkəmədə baxılmaması üçün əsas deyil. Belə kİ, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən 11 sentyabr 2023-cü il tarixdə, 15836 nömrəli qəbzlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 40 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən 11 sentyabr 2023-cü il tarixdə, 15836 nömrəli qəbzlə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar