Məhkəmə qərarları › İş №2(001)-6016/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6016/2023

03.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6016/2023 03.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3107/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması hissəsini dəyişdirərək, hər ilin hər ay üçün hər uşağa minimum məbləğdən az olmayan sabit pul məbləğində 220 manat olmaqla, ümumildikdə 440 manat məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rasmi nikahı Porak evlənmişik. Həmin birgə nikahımızdan xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X7 doğulmuşdur. Cavabdehlə aramızda bağlanmış nikahimiz Binəqədi rayon Məhkəməsinin 2(001)-5813/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsi ilə pozulmuş və uşaqların mənim himayəmdə saxlanamsı qət edilmişdir. Bundan əvvəv isə Binəqədi rayon Məhkəməsində məmim cavabdehdən alimentin tutulması barədə iddia tələbimə dair 2(001)-3107/2020 saylı, xx.xx.2020-cı il tarixli mülki işə baxılaraq, iddia ərizəm qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetginlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa 170 manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bu gün 340 (üç yüz qırx) manat iki azyaşlı (9 və 10 yaşlı) uşağın saxlanması üçün yetərli deyildir, çox azdır. Bundan başqa onu da bildirir ki, cavabdeh boşandıqdan bu günə qədər uşaqların müalicə xərclərinə heç bir yardım etməmiş, onların qayğısına qalamamış, tərbiyəsində iştirak etməmiş, valideyin kimi vəzifəsini yerinə yetirməmişdir. Məlum olduğu kimi uşaqlar ildən-ilə böyüyür, bununla da onlara sərf olunan xərcləri də artır. Cavabdeh tərəfindən uşaqlar üçün aylıq ödənilən 340 manat aliment isə nəinki uşaqların saxlanması, heç xırda ehtiyaclarının cüzi hissəsini belə ödəmir (çatmır). Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2022-ci il tarixli, Azərbaycan Respublikasında 2023-ci il üçün X9 Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu 2023-cü il üçün ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bu qanun 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi ölkədə 2023-cü il üçün minimum alimentin məbləği 220 manat müəyyən edilmişdir. Ona görədə hesab edir ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-3107/2020 saylı, xx.xx.2020-cı il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün 170 manat və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 170 manat sabit pul məbləğində alimentin məbləğləri artırılaraq Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında X9 Azərbaycan Respublikasının Qanununa əsasən minimum məbləğindən az olmayan məbləğə (2023-cü il üçün hər uşağa 220 manat) çatdırılmalıdır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı yaşayış minimumu həddində alimentin təyin edilməsini istəyir. Hazırda uşaqların saxlanılması üçün həmin məbləğdə vəsaitə ehtiyacları var. Cavabdeh məhkəmə mübahisəsinə qədər əvvəl iki iş yerində işləmişdir. Lakin alimentlə bağlı mübahisəyə görə işdən çıxmışdır. Əgər kredit borcunu ödəmək üçün iki iş yerində işləyə bilirsə, uşaqlarını saxlamaq üçün də, işləməyi cəhd edə bilər.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5(iddiaçının atası) izahatında bildirmişdir ki, uşaqları cavabdeh tərəfindən ödənilən 340 manat alimentlə saxlamaq çətindir. Uşaqların xərci artıb. Uşaqlar əlavə hazırlıqlara gedirlər. Uşaqlara digər ehtiyaclarını iddiaçının atası kimi özü qarşılayır. İddiaçı hazırda 6 ay müddətinə Türkiyə Respublikasının Antalya şəhərinə baş aşpaz kimi çalışmağa dəvət ediblər. Orada iddiaçıya daimi işləməsi barədə təklif ediblər, lakin iddiaçıya müddəti bitdikdən sonra qayıtmasını və uşaqları ilə birlikdə geri dönməsini bildirmişdir. Bundan başqa cavabdeh də aşpaz işləyir və əmək haqqısı yüksəkdir. İddiaçı Bakıda da aşpaz işləyib və aylıq əmək haqqı təxminən 500-600 manat təşkil edib. Antalyada qızına 600-700 ABŞ dolları əmək haqqı verirlər.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əgər iddiaçı uşaqlara ödənilən 340 manat alimentlə baxa bilmirsə, uşaqları qaytarsın. Özü öz uşaqlarına baxa bilər. Hazırda metropolitendə fəhlə-montyor kimi işləyir. Əvvəllər iki işdə işləməsinin əsas səbəbi kredit borcunu ödəmək olmuşdur. Belə ki, axşam saat 23:00-dan səhər saat 07:00-a kimi metropolitendə, səhər saat 11:00dan isə axşam saat 22:00-a kimi aşpaz kimi işləmişdir. Lakin hazırda həmin tempdə işləməsinə səhhəti imkan vermir. Hazırda iki iş yerində işləmək fikrində deyil. Adına əmlak, avtomobil yoxdur. Kredit borcunun qaytarılmasına anası və qardaşı kömək etmişdir. Metropolitendəki işi kifayət qədər ağırdır. Uşaqları ayın əvvəlindən görmür. Lakin onlarla görüşdüyü vaxtlarda əlavə olaraq 50-60 manat pul xərcləmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, metropolitendə işləyir və aylıq əmək haqqı 451 manat təşkil edir. Anası ilə birgə yaşayır. Anası pensiya alır və ona maddi dəstək olur. Hazırda aşpaz işləmir, bu ilin sentyabr ayının 29-u işdən çıxmışdır. Sistemdən isə xx.xx.2023-cü il tarixdə çıxardacaqlarını bildiriblər. Uşaqlarını isə arabir görür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 3107/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat cəmi, 340 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X8 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5813/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Muradova (Xəlilova) Aytən Fuad qızı arasında xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində akt qeydləri kitabında 2674 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulandan sonra xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları X6 yanında saxlanılması qət edilmişdir.

9. “Azemis” Elektron Məhkəmə sistemindən müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində yol montyoru kimi işləyir və aylıq əmək haqqı 527 manatdır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5813/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə Muradova (Xəlilova) Aytən Fuad qızı arasında xx.xx.2014-cü il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində akt qeydləri kitabında 2674 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, xx.xx.2015ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X3 anaları X6 yanında saxlanılmışlar.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)- 3107/2020 saylı qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 170 manat cəmi, 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq X8 ödənilir.

12. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3107/2020 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir. Tələbini isə uşağın tələbatının artması, yaşayış minimumu məbləğinin artması ilə əlaqələndirir.

13. Cavabdeh isə hazırda bir iş yerində işlədiyini, artırılacaq məbləğdə alimenti ödəmək iqtidarında olmadığını bildirir və iddia tələbini qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. Azərbaycan Respublikasında 2023-ci il üçün X9 Azərbaycan Respublikasının Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

22. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

23. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş X9 tələbləri, uşağın maddi xərclərinin onun yaşı ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat sabit pul məbləğində müəyyən edilməlidir.

24. Belə ki, sabit pul məbləğində müəyyən edilən alimentin uşaqlar üçün həmin dövr üçün yaşayış minimumu həddində müəyyən edilməsi, uşağın minimum ehtiyaclarının qarşılanmasına yönəlmiş hüquqi tədbirdir. Belə olduqda isə cavabdeh bir valideyn kimi uşaqlarının maddi tələbatlarını ödəməyə borcludur. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh isə əmək qabiliyyətli bir valideyn kimi harada işləməsindən, hansı məbləğdə əmək haqqı almasından asılı olmayaraq övladının qayğısına qalmalı, onu zəruri vəsaitlə təmin etməli, onun təminatını yüksək saxlamalı və bununla bağlı vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideyn olaraq yerinə yetirməli olduğu vəzifələrini şərtsiz qəbul etməklə, uşağının qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını qarşılamaq üçün qanunla qadağan edilməyən formada tədbirlər görməlidir. Hazırki iş üzrə isə cavabdehin bu vəzifələrini icra etməkdən yayınması üçün hər hansı üzrlü səbəb yoxdur.

25. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

26. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Tətbiq edilən prosessual normalar:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

28. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

29. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

30. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

31. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3107/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-3107/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar