Məhkəmə qərarları › İş №2(001)-6019/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6019/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6019/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X6 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(004)-4326/2017 saylı qətnaməsi ilə 15 dekabr 2008-ci il təvəllüdlü X5 və 25 aprel 2010-cu il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh 24 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarında iki uşaqları vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən, aralarındakı nikah pozulmuş, uşaqların analarının yanında qalmalarına və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. İddia tələbinin hüquqi əsasını «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu təşkil edir. İddiaçı məhkəməyə teleqram vasitəsilə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəməyə gələ bilmədiyini və iddiasını müdafiə etdiyini, iclasları onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq bunun səbəbi barəsində heç bir məlumat verməmiş, məhkəmə iclaslarına gəlməmiş və yuxarıda qeyd olunan qurumlara müraciət olunması ilə bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Elektron məhkəmə portalı vasitəsilə cavabdehə məxsus mobil telefon nömrəsinə SMS xəbərdarlıq çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddianın qismən təmin edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(004)- 4326/2017 saylı qətnaməsinə əsasən, Vəliyeva (Cahangirova) Nüşabə Məmməd qızı ilə Cavabdeh arasındakı nikahın pozulması, birgə nikahdan olan 15 dekabr 2008-ci il təvəllüdlü X5 və 25 aprel 2010-cu il təvəllüdlü X3 adlı uşaqların analarının yanında qalmaları və uşaqların yetkinlik yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq N.M.Vəliyevaya ödənilməsi qərara alınmışdır. AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh himayəsində iddiaçı ilə birgə nikahdan doğulmuş uşaqlardan başqa xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X2 adlı uşaqları var. AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də satış üzrə nümayəndə işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır, hazırda fəaliyyəti dayandırılmışdır. AZEMİS elektron sistemdən çıxarışdan görünür ki, Vəliyeva (Cahangirova) Nüşabə Məmməd qızı hər hansı rəsmi iş yerinə malik deyil. Yevlax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi və əsaslandığı hallar: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Çünki tələb üzrə irəli sürülmüş və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə cavabdehi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olacaq. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Lakin məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. İşin faktiki hallarından görünür ki, cavabdehin himayəsində iddiaçı birgə nikahdan anadan olmuş uşaqlardan əlavə yetkinlik yaşına çatmayan iki övladı daha var. Təbii ki, məhkəmə hazırki uşaqları nəzərə aldığı kimi, cavabdehin ikinci nikahından anadan olmuş uşaqların da mövcud xərc və maddi təminatını da nəzərə almalıdır. Belə ki, uşaqlara təyin ediləcək alimentin miqdarı digər uşaqların cəhətdən təmin olunmasına mənfi təsir etməməli, məbləğ ədalətli müəyyən edilməlidir. Cavabdehin barəsində inzibati məsuliyyətə cəlb edilməsi ilə əlaqədar çıxarılmış qərardan müəyyən olunur ki, o məlumatı olmadığından uzun müddət əvvəlllər təyin edilmiş alimenti verməmiş, nəticədə müəyyən məbləğdə borcu yaranmışdır. Lakin məhkəmə araşdırması gedişatı borcundan ödəniş etmiş, əməlində inzibati xətanın tərkibi olmadığından icraata xitam verilmişdir. Həmçinin unutmaq olmaz ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin - valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni yalnız cavabdeh atanı gələcəkdə ödənilməsi real görsənməyən aliment öhdəliyi ilə yükləməkdənsə, uşaqların maddi ehtiyaclarının təmin olunmasında əmək qabiliyyətli iddiaçı ananın da iştirakını nəzərə almaq ədalətli olardı. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək məhkəmənin qənaəti belədir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(004)-4326/2017 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarı artırılmalı, hər ay hər uşağa görə 195 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində təyin edilməli və bu məbləğdə alimentin tutulmasının əvvəli hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq - 195 manat) 2340 manat olduğuna (195 manat x 12 ay) görə məhkəmə hesab edir ki, 43,4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, mediasiya xərci kimi ödənilmiş 50 manat isə iddiaçının özünə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli, 2(004)- 4326/2017 saylı qətnaməsi ilə 15 dekabr 2008-ci il təvəllüdlü X5 və 25 aprel 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün müəyyənləşdirilmiş alimentin miqdarı dəyişdirilərək artırılsın və hər uşağa görə hər ay 195 (bir yüz doxsan beş) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qalan hissədə tələb təmin edilməsin. Bu qətnamə ilə müəyyənləşdirilmiş alimentin miqdarı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh 43,4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat pul iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar