Məhkəmə qərarları › İş №2(001)-6028/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6028/2022

28.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6028/2022 28.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(001)-7157/2013 saylı qətnaməsi ilə hər uşaq üçün tutulan aliment məbləğinin artırılaraq birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat alimentin, habelə ödənilmiş mediasiya haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6983/2019 saylı qətnaməsi ilə hər uşaq üçün tutulan 160 manat, cəmi 320 manat alimentin artırılaraq, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2007ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat məbləğində alimentin və ödənilmiş mediasiya haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və əlavə olaraq, bildirmişdir ki, cavabdeh fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun atasına məxsus olan qeyriyaşayış sahəsi də onun istifadə və sahibliyindədir. Həmin sahədən əldə edilən gəlirlər də ona məxsusdur. Bundan əlavə onların birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X11 yay aylarında müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olan zaman cavabdeh ona ayda 600 manat məbləğində əmək haqqı ödəmək müqabilində onun yanında işləməyi təklif etmişdir. Bütün bunlar cavabdehin iddia üzrə tələb edilən məbləğdə alimentin ödənilməsi üçün maddi imkanının olmasını təsdiq edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı təqdim edilmiş etirazı müdafiə edərək, bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(001)-7157/2013 saylı qətnaməsi ilə hər uşaq üçün 50 manat məbləğində aliment tutulsa da, o, 2019-cu ilin sentyabr ayına kimi iddiaçıya 200 manat ödəmiş, 2019-cu ilin oktyabr ayından bugünə kimi hər ay 320 manat məbləğində aliment ödəyir. Bunu iddiaçı notarial qaydada təsdiq edilmiş ərizələrdə bildirmiş və ərizələrdə ona qarşı gələcəkdə heç bir tələbinin və iddiasının olmadığını qeyd etmişdir. Lakin bu ərizənin yazılmasından qısa müddət sonra iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Onunla iddiaçı arasında bağlanmış nikah pozulduqdan sonra o, xx.xx.2014-cü il tarixdə X9 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2016-cı il tarixdə X6 və xx.xx.2021-ci il tarixdə X7 doğulmuşdur. Bütün uşaqlarına eyni yanaşır. Lakin o, fərdi sahibkarlıqla məşğul olmur və hər hansı maddi gəliri yoxdur, Hazırda maddi cəhətdən çox çətinlik çəkir və belə bir vəziyyətdə bir uşaq üçün 300 manat məbləğində aliment ödəyə bilməz. Bu məbləğdə ondan aliment tutulduğu halda, onun digər uşaqları maddi təminatsız qalacaqdır. İddiaçının istinad etdiyi qeyri-yaşayış sahəsi onun atasına məxsusdur və atası tərəfindən idarə olunur. Uşağının başqa bir yerdə əmək fəaliyyəti ilə məşğul olmaması səbəbindən ona öz yanında ayda 600 manat müqabilində işləməyi təklif etmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2005-ci il tarixdə X10 və xx.xx.2007-ci il tarixdə X11 doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 dekabr 2013-cü il tarixli, 2(001)-7157/2013 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment tutulmuşdur. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6983/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılmış və cavabdehdən hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı məhkəmə qətnaməsi ilə tutulan alimentin uşaqların maddi cəhətdən təmin edilməsi üçün kifayət etmədiyini, cavabdehin iddia üzrə tələb edilən məbləğdə alimenti ödəmək üçün maddi vəsaitə malik olduğunu, hətta birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X8 ayda 600 manat məbləğində əmək haqqı ödəmək müqabilində onun yanında işləməyi təklif etdiyini bildirir və müəyyən edilmiş aliment məbləğini artırılaraq, hər ay hər uşaq üçün 300 manat, cəmi 600 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh iddianı qəbul etmir, iddia üzrə tələb edilən məbləğdə alimentin ödənilməsi üçün maddi imkana malik olmadığını, fərdi sahibkarlıqla məşğul olmadığını və hər hansı gəlir əldə etmədiyini, hazırda digər şəxslə nikahda olduğunu və həmin nikahdan da 3 uşağının doğulduğunu, ondan hər ay 600 manat məbləğində alimentin tutulduğu təqdirdə həmin uşaqları maddi cəhətdən təmin edə bilməyəcəyini, iddiaçının istinad etdiyi qeyri-yaşayış sahəsinin onun atasına məxsus olduğunu və atası tərəfindən idarə olunduğunu, uşağının başqa bir yerdə əmək fəaliyyəti ilə məşğul olmaması səbəbindən ona öz yanında ayda 600 manat müqabilində işləməyi təklif etdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X2 3-cü maddəsinin tələblərinə əsasən “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafıəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur; 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikasında yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən edilmiş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması baxımından belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat məbləğində müəyyən edilməlidir. Həmin məbləğdə aliment xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin iddiaya qarşı mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehin hazırki nikahından 3 uşağının olması ondan ilk nikahından olmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin artırılmaması üçün əsas ola bilməz. Hər bir halda, cavabdeh bu uşaqları ən azı ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu həddində maddi cəhətdən təmin etməlidir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin birgə nikahdan olmuş xx.xx.2007-ci il təvəllüdlü X8 600 manat əmək haqqı müqabilində onun yanında işləməyi təklif etməsini də nəzərə almışdır. Hər bir halda, maddi imkanı olmadığı təqdirdə cavabdeh öz oğluna belə bir təklif etməzdi. Məhkəmə də cavabdehin bu uşaqlardan əlavə daha 3 uşağının olmasını nəzərə alıb, aliment məbləğini 193 manat məbləğində müəyyən etmişdir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış aliment məbləği Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddiaçının bu iddia ilə məhkəməyə müraciət etdiyi tarixdən deyil, hazırkı iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, hazırki iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmək üçün iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pulun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Hər bir halda, tərəflər öz aralarında alimentin ödənilməsi ilə bağlı razılığa gələ, o cümlədən saziş bağlaya bilərdilər. Başqa sözlə, iddiaçı bu məsələdə cavabdehlə razılıq əldə edə bilməməsi səbəbindən məhkəməyə müraciət etmiş və bundan əvvəl mediasiya prosesində iştirak etmək məcburiyyətində qalmışdır. Bu da öz növbəsində bu barədə tələb olduğundan həmin prosesdə iştirak etmək üçün ödənilmiş 50 manat məbləğində pulun əvəzinin də cavabdehdən tutulmasını şərtləndirir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6983/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment, habelə mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 50 manat məbləğində haqqın əvəzi tutularaq İddiaçı verilməli, iddia qalan hissədə rədd edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) (320-386=66 x 12 = 792) 792 manat təşkil etdiyindən ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-6983/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment, habelə mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 50 (əlli) manat məbləğində haqqın əvəzi tutularaq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar