Məhkəmə qərarları › İş №2(001)-604/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-604/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-604/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi ilə, "xxxx" Kommersiya Bankı (KB) Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı kredit borcun tutulması barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1101,69 manat, cərimə kimi 10 manat olmaqla, ümumilikdə 16111,69 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 138,34 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 23 may 2022-ci il tarixli müqaviləyə əsasən bank tərəfindən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə ödəmək şərti ilə illik 27,60 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. Cavabdeh kredit borcunu faizləri ilə birlikdə müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsində götürsə də, öhdəliklərinin lazımınca icra edilməməsi nəticəsində 11 sentyabr 2024-cü il tarixə iddiaçıya iddia tələbində göstərilən miqdarda borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə baxılması ilə əlaqədar məhkəmə iclasını iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 23 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60 faiz ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə əsas borcu 15000 manat, faiz borcu 1101,69 manat, 10 manat cərimə borcu mövcuddur. xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-yə əsas borcu 15000 manat, faiz borcu 702,99 manat, cərimə borcu 408,7 manat olmaqla, cəmi 16111,69 manat borcun olması barədə məlumatlandırmış, borcun tam olaraq 3 iş günü müddətində ödənilməsi təklif olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə (əvvəlki redaksiya) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmənin mövqeyi Beləliklə işin faktiki halları ilə Cavabdeh kredit müqaviləsinə əsasən iddiaçı bank qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Hazırki halda isə iddiaçının irəli sürmüş olduğu tələbdə cərimə mbləğini məhkəmə diqqətə alır. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qaytarmalı, hazırki vəziyyətdə isə (pretenziya məktubunda) mövcud borcunu, yəni pretenziyada göstərilən məbləği – 15000 manat əsas, 702,99 manat faiz, 10 manat cərimə borcu olmaqla, cəmi 15712,55 manat məbləğində pulu "xxxx" Kommersiya Bankı ASC-yə verməli, beləliklə iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 138,34 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə mütənasib olmaqla, 137 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" X2 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 may 2022-ci il tarixli kredit müqaviləsi üzrə 15000 (on beş min) manat əsas, 702,99 (yeddi yüz iki manat doxsan doqquz qəpik) manat faiz, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 15712,99 (on beş min yeddi yüz on iki doxsan doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 137 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X2 Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə (faiz borcuna münasibətdə) təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar