Məhkəmə qərarları › İş №2(001)-6049/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6049/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6049/2021 02.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsini məhkəmənin inzibati binasında nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 30.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 682.84 manat əsas borc, 137.1 manat faiz borcu və 119.59 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 939.53 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 48-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən, o cümlədən elektron informasiya sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi məlumatlarının sorğulanmasından görünür ki, mülki iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh 12.12.2020-ci ildə ölmüşdür, üstəlik iddia ərizəsi 23.07.2021-ci il tarixdə məhkəmə təqdim edilənədək cavabdeh artıq ölmüşdür. Yəni iddiaçı ölmüş şəxsə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, Cavabdeh ona qarşı məhkəmədə iddia qaldırılanadək öldüyündən, onun mülki-prosessual hüquq qabiliyyətinə xitam verilmişdir və bu səbəbdən mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda iddiaçıya izah olunur ki, hazırki qərardad cavabdehin vərəsəsi müəyyən edildikdən sonra, ona qarşı eyni tələblə iddia qaldırmaq hüququnu istisna etmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ M: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar