Məhkəmə qərarları › İş №2(001)-6050/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6050/2020

26.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6050/2020 26.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 15.312,49 manat məbləğində pulun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən MMC-də satış təmsilçisi kimi işə başlamış, vəzifəsi tabeliyində olan marketlərə sifariş götürmək, sifarişin gəlməsinə nəzarət etmək, müştəridə olan pulu müştəridən götürüb firmanın kassasına təhvil vermək olmuşdur. Lakin cavabdeh marketlərdən aldığı pul vəsaitini MMC-nin kassasına təvil verməmiş, nəticədə MMC-yə 15.312.49 manat məbləğində ziyan vurmuşdur. Cavabdeh MMC-yə ərizə ilə müraciət edərək, həmin pul vəsaitini şəxsi ehtiyacları üçün istifadə etdiyini etiraf edib, həmin pulu xx.xx.2020-ci il tarixədək qaytaracağını öhdəsinə götürsə də həmin pulu qaytarmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ş.Babayev iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək müddəti müqavilə ilə satış təmsilçisi vəzifəsinə işə götürülmüşdür. - xx.xx.2020-ci il tarixli 03 saylı əmr və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, o, marketlərdən aldığı məbləği kassaya təhvil verməməklə MMC-yə 15.312,49 manat ziyan vurduğunu etiraf etmiş, vurduğu ziyanı xx.xx.2020-ci il tarixədək tam olaraq qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi(real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. -1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. -194-cü maddənin 1 -ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. -194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. -199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. -202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Belə ki, qeyd edilən məbləğin ödənilməsi üçün cavabdehə kifayət qədər vaxtın verilməsinə baxmayaraq, Cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh işə götürən “xxxx” MMC qarşısında maddi məsuliyyət daşıması müvafiq sənədlərində əks olunmuşdur. Belə ki, Cavabdeh ilə imzalanmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən Maddi məsul şəxsin təqsiri(qəsd və ya ehtiyyatsızlığı) üzündən işəgötürənə dəymiş ziyanın ödənilməsi qaydası qanunvericiliyə əsasən həyata keçirilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən İşçi ziyanı könüllü surətdə ödəməkdən imtina edərsə işəgötürənin qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək hüququ vardır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15.312,49 manat (on beş min üç yüz on iki manat qırx doqquz qəpik) məbləğində pul vəsaiti alınaraq “xxxx” MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar