Məhkəmə qərarları › İş №2(001)-6086/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6086/2021

30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6086/2021 30.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə əsas məbləğ üzrə 3535 manat məbləğində borcun, 150 manat cərimənin və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında alğısatqı müqaviləsi, qiymətlərin razılaşma protokolu və təhvil-təslim aktı imzalanmışdır. Müqaviləyə və qiymətlərin razılaşma protokoluna əsasən cavabdeh iddiaçıdan ümumi dəyəri 8400 manat olan mal almışdır. Həmin məbləğin 3500 manatını ilkin olaraq ödəmişdir. Qalıq məbləği yəni 4900 manat məbləği 19.09.2020-ci il tarixli qiymətlərin razılaşma protokoluna əsasən qrafikə uyğun olaraq 24.10.2020-ci il tarixdən başlayaraq ödəməyi öhdəsinə götürmüşdür. Bu günə əsas məbləğ üzrə qalıq borc 3535 manat, cərimə borcu isə 150 manat təşkil edir. Bununla bağlı cavabdehə pretenziya məktubu da göndərilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən nəzərdə tutulan ödəniş müddətindən sona “Alıcı” hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 1 % həcmində “Satıcı” ya cərimə ödəyir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin iddiaçı elektron qaydada məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanan 18 sentyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya nisyə olaraq ümumi dəyəri 8400 manat dəyərində olan avadanlıqları dəyərini nağd və ya hissə-hissə ödənilməklə alıcıya satmağı, alıcı isə malı qəbul edib qiymətini bu müqaviləyə və əlavə 1-də əks olunmuş formada aylıq ödəniş məbləği 615 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Sonuncu ay ödəniş məbləği 595 manat müəyyən edilmişdir. İlkin ödəniş tarixi 24.10.2021-ci il, sonuncu ödəniş tarixi 24.05.2021-ci il olaraq nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə alıcı Cavabdeh arasında bağlanan 18 sentaybr 2019-cu il tarixli alğı-satqı müqaviləsinə 2 saylı əlavə olan təhvil-təslim aktından görünür ki, dəyəri 8400 manat məbləğində olan mallar alıcı Cavabdeh sonuncu tərəfindən yoxlanılaraq əhvil verilmişdir. 08 iyun 2021-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Zakir oğlu İddiaçı MMC-yə olan borcunu 3 gün müddətində icra etməməsi təqdirdə borcun məcburi qaydada alınması məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı MMC tərəfindən təqdim edilən maliyyə arayışından görünür ki, 18 sentyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh Zakir oğlunun 15 iyul 2021-ci il tarixinə İddiaçı MMC-yə 3535 manat məbləğində əsas borcu, 150 manat məbləğində cərimə borcu vardır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 15.07.2021-ci il tarixində 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 11 məhsulların nisyə alğı-satqısı barədə 18 sentaybr 2019-cu il tarixli müqavilə bağlanmışdır. 18 sentaybr 2019-cu il tarixli məhsulların nisyə alğı-satqısına dair müqaviləyə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh ümumi dəyəri 8400 manat olan məhsulları dəyərini 8 ay ərzində ödəniş edilməsi şərtilə nisyə satmış, cavabdeh isə 3500 manat məbləğində ilkin ödəniş etməklə həmin məhsulların dəyərini ödəmək şərtilə qəbul etmişdir. Həmin məhsullar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Bu tərəflər arasında bağlanan təhvil-təslim aktı ilə sübut edilir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə borcun ödənilmədiyini iddia edərək 3535 manat məbləğində əsas borcu və 150 manat məbləğində cərimə borcunu cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilənin predmeti olan məhsulları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onların dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqaviləyə əlavədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin borcu yaranmışdır. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. İş materiallarında olan, mötəbər sübut kimi qəbul edilən MMC-nin təqdim etdiyi maliyyə arayışı ilə borcalanın 3535 manat əsas borcunun olduğu sübut edilir. Eyni zamanda borcalan məhkəmə iclaslarının vaxtı və yeri barədə kifayət qədər məlumatlı olsa da məhkəməyə ondan tələb olunan məbləğin əsassızlığı ilə bağlı hər hansı dəlil təqdim etməmişdir. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 18 sentaybr 2019-cu il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 150 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunduğundan, 150 manat məbləğində cərimə borcu cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 sentyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca görə 3535 manat, cərimə borcuna görə 150 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq İddiaçınə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 18 sentyabr 2019-cu il tarixli alğı-satqı müqaviləsi üzrə əsas borca görə 3535 (üç min beş yüz otuz beş) manat, cərimə borcuna görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar