Məhkəmə qərarları › İş №2(001)-609/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-609/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-609/2022 03.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbaijan” MMQBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6.298,45 ABŞ dolları məbləğində əsas borcun və ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun iddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin xeyrinə tutulmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin nümayəndəsi X2 iddianı qismən müdafiə edərək, bildirmişdir ki, cavabdehlərə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edildikdən sonra xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən məbləğdə ödəniş edilmiş və həmin ödəniş mövcud olan əsas borcdan silinmişdir. Bu səbəbdən hazırda cavabdehlərin həmin müqavilə üzrə 6.210,21 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Göstərilənlərin nəzərə alınmasını və cavabdehlərdən 6.210,21 ABŞ dolları məbləğində əsas borcun tutulmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, bidlrimişdir ki, onun iddiaçıya həqiqətən də borcu yaranmışdır. Lakin hazırda ondan tələb edilən məbləğin bir dəfəyə ödənilməsi üçün maddi imkanı yoxdur. Həmin məbləği yalnız ayda 100-150 manat olmaqla hissə-hissə ödəyə bilər. Göstərilənlərin nəzərə alınmasını və iddia üzrə tələb edilən məbləğin ondan hər ay 100-150 manat olmaqla, hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin məhkəmə iclası kredit müqaviləsi üzrə hazırda mövcud olan borc məbləğini əks etdirən maliyyə arayışının təqdim edilməsi üçün təxirə salınmışdır. Lakin növbəti məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməmişdilər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 23,81% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 12.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra tərəflər arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə yaranmış 11.242 ABŞ dolları məbləğində borc restrukturizasiya olunmuş və cavabdeh həmin məbləği illik 18% faiz dərəcəsi ilə faiz hesablanmaq şərti ilə 29 ay müddətinə (sonuncu ödəniş tarixi xx.xx.2018-ci il) qaytarmağı öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı 83 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə 12 oktyabr 2021-ci il tarixinə 6.298,45 ABŞ dolları məbləğində əsas borcun yarandığını iddia edərək, həmin məbləğin, habelə ödənilmiş 83 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir. Bundan sonra qeyd edilən müqavilə üzrə ödənişlər aparılmışdır. İddiaçı da həmin ödənişləri nəzərə almaqla xx.xx.2022-ci il tarixinə həmin müqavilə üzrə 6.210,21 ABŞ dolları məbləğində əsas borcun qaldığını iddia edir və hazırda məhz bu məbləğin tutulmasını tələb edir. Cavabdeh iddia üzrə tələb edilən əsas borc məbləğini qəbul edir, lakin həmin məbləği bir dəfəyə ödəmək imkanına malik olmadığını bildirir və iddia üzrə tələb edilən məbləğin ondan hər ay 100-150 manat olmaqla hissə-hissə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətlərdə və məbləğlərdə ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 iddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin xeyrinə xx.xx.2022-ci il tarixə mövcud olan 6.210,21 ABŞ dolları məbləğində əsas borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” MMQBKT ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi (kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli saziş) üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, həm saziş, həm də zaminlik müqaviləsi eyni tarixdə bağlanmış və zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən tərəflər zaminlik müqaviləsinin kredit verənin tələblərinin tam şəkildə ödənildiyi vaxta qədər qüvvədə olması barədə razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Bu müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və onlar tərəfindən öhdəliklərin tam icra olunmasına kimi qüvvədədir" ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Belə ki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. “FİNCA Azerbaijan” MMQBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin restrukturizasiyasına dair xx.xx.2016-cı il tarixli sazişlə iddiaçı borcalana verilmiş kreditin qaytarılmasını 29 ay müddətinə uzatmış və sonuncu ödəniş tarixi qismində xx.xx.2018-ci il tarixi müəyyən edilmişdir. Bununla belə, borclu kredit və hesablanmış faiz borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş xx.xx.2015-ci il tarixdə, sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə həyata keçirilməli idi. Başqa sözlə, tərəflər arasında bağlanılmış müqavilənin (onun tərkib hissəsi olan sazişin) şərtindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən (onun tərkib hissəsi olan sazişin) irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan müəyyən edilmiş müddət ərzində istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində, yəni xx.xx.2019-cu il tarixədək zaminə qarşı heç bir tələb irəli sürməmiş, hazırki məsələ ilə bağlı yalnız xx.xx.2021-ci il tarixdə (2 ildən artıq müddət keçdikdən sonra) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də iddiaçının zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyil, kəsici müddətdir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur, belə bir müddətin tətbiq edilməsi bilavasitə məhkəmənin səlahiyyətindədir. Bununla belə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və bu səbəbdən iddia tələbi Cavabdeh2 borcun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh1 əsas borcun ondan aylar üzrə hissə-hissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, hazırki iddia üzrə ümumilikdə (83 + 39,12 = 122,12) 122,12 manat məbləğində ödəniş etməsinə baxmayaraq, iddiaçı cavabdehdən ödənilmiş dövlət rüsumunun 83 manat hissəsinin tutulmasını tələb edir. Bu səbəbdən məhkəmə bu məsələdə iddia tələbi ilə məhdudlaşır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 6.210,21 ABŞ dolları məbləğində əsas borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun 83 manat hissəsinin əvəzi iddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 6.210,21 (altı min iki yüz on ABŞ dolları, iyirmi bir sent) ABŞ dolları məbləğində əsas borc, ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun 83 (səksən üç) manat hissəsinin əvəzi iddiaçı “FİNCA Azerbaijan” MMQBKT-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar