Məhkəmə qərarları › İş №2(001)-6098/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6098/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6098/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı (KB) ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat əsas, 90,41 manat faiz, 25 manat cərimə borcu olmaqla, ümumilikdə 615,41 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 22 iyul 2022-ci il tarixli ərizəsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60 faiz ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 11 sentyabr 2024-cü il tarixə 500 manat əsas, 90,41 manat faiz, 25 manat cərimə borcu olmaqla, ümumilikdə 615,41 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən iddia ərizəsinin surəti və bildiriş 18 sentyabr 2024-cü il tarixdə poçt vasitəsilə cavabdehin qeydiyyat ünvanına göndərilmiş, 25 sentyabr 2024-cü il tarixdə zərf geri qaytarılmışdır. Cavabdehin 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 22 iyul 2022-ci il tarixli ərizə-anket və ümumi oferta müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh illik 27,60 faiz ödəmək şərti ilə 35 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. 11 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə 500 manat əsas, 90,41 manat faiz, 25 manat cərimə borcu olmaqla, ümumilikdə 615,41 manat məbləğində borcu vardır. İddiaçı tərəfindən cavabdehə ünvanlandırılmış 10 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı müqavilə üzrə yaranmış 500 manat əsas, 67,61 manat faiz, 47,8 manat cərimə borcu olmaqla, cəmi 615,41 manat borcun tam şəkildə 3 iş günü müddətində ödəməklə müqaviləni ləğv etməyi təklif etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə (əvvəlki redaksiya) əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edilmiş gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə öhdəliklərin tələb edilməsi istisna edilir. Nəticə etibarilə, öhdəlik müqavilə ləğv olunduğu günə qədər olan hissədə təmin edilə bilər. Yəni, öhdəlik əsas və faiz borcuna münasibətdə müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 500 manat əsas, 10 iyul 2024-cü il tarixli bildirişdə tələb olunan 67,61 manat faiz borcunu "xxxx" Kommersiya Bankı ASC-yə verməlidir. İddiaçının cavabdehdən tələb etdiyi cərimə məbləğinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bundan əlavə tərəflər arasında bağlanmış müqavilənin şərti kimi icranı lazimi qaydada yerinə yetirmədiyinə görə iddiaçı cavabdehdən dəbbə pulunu tələb etməyində haqlı olsa da, lakin məhkəmə qanunun ona verdiyi səlahiyyət əsasında (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsi) işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə hazırki iş üzrə müqavilənin cavabdeh tərəfindən icra olunmama müddəti, əsas borcun-öhdəliyin də həcmini, irəli sürülmüş tələbdəki dəbbə pulunun həcminin cavabdehlərə göndərilmiş pretenziyada göstərilən dəbbə məbləğindən az olmasını diqqətdən qaçırmır. Belə olan halda məhkəmə cavabdehdən irəli sürülmüş tələbə uyğun, yəni 25 manat məbləğində dəbbə pulunun tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 30 manat məbləğində pul ödənilmişdir və cavabdehə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284- 6.3-cü maddələrini rəhbər tutaraq, Nəticə hissəsi QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 500 (beş yüz manat) əsas, 67,61 (altmış yeddi manat altmış bir qəpik) faiz, 25 (iyirmi beş manat) cərimə borcu olmaqla, ümumilikdə 592,61 manat (beş yüz doxsan iki manat altmış bir qəpik) məbləğində pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz manat) məbləğində pul alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar