Məhkəmə qərarları › İş №2(001)-614/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-614/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-614/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1402,70 manat borcun və ödənilmiş 34,43 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsi ilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. Tərtib edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi abonent kodu **********b0020 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi 1402,70 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət olunmuş, lakin o, müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1402,70 manat borcu bu günə qədər ödəməyərək ASC-yə zərər vurmuşdur. ASC-nin əməkdaşları hər ay cavabdehin ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin bildirişindən görünür ki, Cavabdeh (abonent kodu **********1B0020) ASC-yə 1402,0 manat borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 28 oktyabr 2021-ci il tarixli, 01-474/21 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 2017-ci ilin oktyabr ayına qədər olan borcu 1090,52 manatdır. Cavabdehin 2017-ci ilə qalıq borcu 26,71 manat, 2018-ci ilə qalıq borcu 63,46 manat, 2019-cu ilə qalıq borcu 50,08 manat, 2020-ci ilə qalıq borcu 37,02 manat, 2021-ci ilə qalıq borcu 134,91 manat təşkil edir. Abunə kodu **********1B0020 olan abunə haqqında sənəddən görünür ki, ünvan 1 ünvanına elektrik enerjisindən sərfiyyata görə hazırki tarixə 1402,70 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsinə əsasən iddiaçı cavabdehi elektrik enerjisi ilə təchiz etməyi, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin ünvan 1 ünvanında istifadə etdiyi enerji sərfiyyatına görə iddiaçıya 2017-ci ilin oktyabr ayına qədər 1090,52 manat, 2017-ci ilə 26,71 manat, 2018-ci ilə 63,46 manat, 2019-cu ilə 50,08 manat, 2020ci ilə 37,02 manat, 2021-ci ilə 134,91 manat qalıq borcu yaranmışdır. Maliyyə arayışına əsasən 2017-ci ilin oktyabr ayından 2021-ci ilin oktyabr ayına cavabdehin 312,18 manat məbləğində borcu yaranmışdır. Yekun olaraq iddiaçı 2001-ci il tarixindən 2021-ci il tarixinədək yaranmış 1402.70 manat məbləğində borcun cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qərarın 4.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qərarın 4.2-ci bəndinə əsasən istehlakçılar, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş elektrik enerjisi istehlakının göstəricilərinə və məhdudiyyət rejimlərinə əməl etməli, elektrik enerjisindən səmərəsiz istifadə olunmasına, israfçılığa və təsərrüfatsızlığa yol verməməlidirlər. Həmin Qərarın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qərarın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır; 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; Məhkəmə tələb olunan borc məbləğinə münasibətdə qeyd edir ki, iddiaçı faktiki olaraq cavabdehdən 2001-ci il tarixindən 2021-ci ilin oktyabr ayının 28-nə kimi hesablanmış borc məbləğini tələb edir. Lakin iddia ərizəsinə əlavə edilmiş bildirişdən isə görünür ki, iddiaçı cavabdehdən xx.xx.2021-ci il tarixədək hesablanmış borcu tələb etmişdir. Məhkəmə iddia ərizəsinə məhz xx.xx.2021-ci il tarixədək hesablanmış borcun tutulması tələbi kimi qiymət vermişdir. Lakin məhkəmə hesab edir ki, borc məbləği 5 il, yəni 09 oktyabr 2017-ci il tarixdən 09 oktyabr 2021-ci il tarixədək olan dövr üçün tələb edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər; 551.2 və 551.2.1-ci maddələrinə əsasən vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Odur ki, iddiaçı 2021-ci il 09 oktyabr tarixinə kimi olan borc məbləğini tələb etmək hüququnu 5 il müddət keçdiyinə görə itirmişdir. Məhkəmə yaranmış borcun məbləğini iddiaçı tərəfindən təqdim edilən hesabdan çıxarış və maliyyə arayışını nəzərə alaraq müəyyən etmişdir. Belə ki, işin faktiki halları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2017-xx.xx.2021-ci illər ərzində maliyyə arayışına əsasən 312,18 manat dəyəri əvəzində elektrik enerjisindən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh istifadə edilmiş elektrik enerjisinə görə 312,18 (üç yüz on iki manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. İddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 34,43 (otuz dörd manat, qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun 10 (on manat) hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh istifadə edilmiş elektrik enerjisinə görə 312,18 (üç yüz on iki manat, on səkkiz qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 34,43 (otuz dörd manat, qırx üç qəpik) manat məbləğində dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar