Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6160/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22 avqust 2008-ci il təvəllüdlü X8 və 28 iyun 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək hər biri üçün 193 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)-5774/2026 saylı qətnaməsi ilə cavabdeh ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahdan olan 22 avqust 2008-ci il təvəllüdlü X8 və 28 iyun 2011-ci il təvəllüdlü X10 onun himayəsində saxlanılmış və onların saxlanması üçün hər uşağa 117 manat aliment müəyyən olunmuşdur. Hazırda iki azyaşlı övladları onun himayəsindədir. Onları saxlamaq kifayət qədər çətindir və bu səbəbdən də alimentin artırılması məqsədə uyğundur. Cavabdeh iddiaya etiraz göndərərək göstərmişdir ki, uşaqların saxlanılması vəzifəsi hər iki valideynin üzərinə düşür. Bundan əlavə, o, ikinci dəfə ailə həyatı qurmuş və hazırda bir uşağı vardır. Özü 2-ci qrup əlil olmaqla heç yerdə işləmir. Ailəsini digər şəxslərin köməyi ilə saxlayır. Müvafiq işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət edib. O, əlilliyinə görə dövlətdən həy ay 248 manat pensiya alır. Hazırda həmin məbləğin hər ay 175 manatı aliment hesabına tutulur. Yəni, yeganə gəliri olan pensiyadan ona 73 manat pul qalır. Bu məbləğlə ailəsini dolandırmağa çox böyük çətinlik çəkir. Hesab edir ki, iddiaçının tələbi ona qarşı qərəzdən ibarətdir. Əgər iddianın təmin olunması barədə qətnamə çıxarılarsa, həmin qətnamə onun maddi vəziyyətini daha da dözülməz hala gətirəcəkdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh rəsmi olaraq heç yerdə işləməsə də, toylarda və digər məclislərdə videooperator kimi fəaliyyət göstərir və kifayət qədər gəlir əldə edir. Cavabdeh vergi ödəməsin deyə, vergi ödəyəcisi kimi qeydiyyata düşmür və gəlirlərini gizlədir. Həmçinin, onun əlilliyi də saxta sənədlər əsasında təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)- 5774/2026 saylı qətnaməsindən görünür ki, Cəlilabad rayon qeydiyyat şöbəsində iddiaçı X3 ilə Cavabdeh arasında 29 noyabr 2007-ci il tarixdə 464 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 22 avqust 2008-ci il tarixdə doğulmuş X4 və 28 iyun 2011-ci il tarixdə doğulmuş X9 anaları X1 yanında saxlanılması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün 13 aprel 2016-cı il tarixdən başlayaraq hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. AZ-İ seriyalı 277666 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02 noyabr 2017-ci il tarixdə 454 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra arvada “Bağırova” soyadı verilmişdir. Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 08 aprel 2021-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası X6r. Məşğulluq haqqında 17 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Cəlilabar dayon Məşğulluq Mərkəzində 14 oktyabr 2022-ci il tarixdə işsiz statusu verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)-5774/2026 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş 22 avqust 2008-ci il təvəllüdlü X8 və 28 iyun 2011-ci il təvəllüdlü X10 iddiaçının yanında saxlanılmış və uşaqların saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 117 manat məbləğində aliment tutulmuşdur. Daha sonra cavabdeh yenidən ailə həyatı qurmuş və bir uşağı da doğulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşaqların saxlanılması üçün hər uşağa görə 117 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən altı ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Həmçinin, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi cavabdehdən tutulmasına əsas verir. Eyni zamanda, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında əks olunmuşdur. Bundan əlavə, cavabdehin ikinci dəfə ailə həyatı qurması, həmin nikahdan uşağının dünyaya gəlməsi onun əvvəlki nikahdan doğulmuş uşaqlarının saxlanması vəzifəsindən azad etmir. Çünki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Bununla belə, məhkəmə, tərəflərin maddi vəziyyətini, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin yenidən ailə həyatı qurduğunu və həmin nikahdan da uşağının dünyaya gəldiyini, bütün uşaqların mənafelərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 22 avqust 2008-ci il təvəllüdlü X4 və 28 iyun 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)-5774/2026 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. 22 avqust 2008-ci il təvəllüdlü X4 və 28 iyun 2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 may 2016-cı il tarixli, 2(001)-5774/2026 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6160/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6160/2022
15.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver