Məhkəmə qərarları › İş №2(001)-6169/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6169/2022

12.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6169/2022 12.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Hoffmann” markalı kondisioner üçün 1297,8 manat ödənilməmiş hissə, 388,2 manat dəbbə və 88,97 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1774,97 manat borcun Cavabdeh alınaraq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, 3 ədəd “Hoffmann” markalı kondisioner almış və nəticədə 6897(altı min səkkiz yüz doxsan yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4012,20 manat (18 ay x 222,9 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd “Hoffmann” markalı kondisioner üçün 5211 manat olmaqla, ondan 4012,2 manat ödənilməmiş hissə və 1198,8 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1297,8 manat ( 18 ay x 72,1 manat + 0 manat ilkin ödəniş) olan “Hoffmann” markalı kondisioner üçün 4336,2 manat olmaqla, ondan 1297,8 manat ödənilməmiş hissə və 388,2 manat dəbbə pulu miqdarında borc yaranmışdır. Cavabdeh heç bir ödəniş etməmişdir.Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli Müqavilələrin tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki,cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəliklləri icra etməmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci il tarixli müqavilədə olan 2 ədəd “Hoffmann” markalı kondisionerləri, 2 ədəd X5 xx.xx.2022-ci il tarixdə geri qaytarmış və məhsul 4012,2 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək,İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi əsassız və qanunsuzdur. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı iddia tələbini hazırlayarkən işin mahiyyətindən, müqavilənin icrasından məlumatı olmamış və standard məzmunda yazılaraq məhkəməyə müraciət etmişdir. Bununla bağlı qeyd edir ki, xx.xx.2021-ci il tarixində “Kontakt Home” mağazasından bir ədəd kondisioner (Hoffmann SİAC-18/HR, qiyməti 1155,60 manat) almışdır. Aldığı kondisioner (Hoffmann SİAC-18/HR, qiyməti 1155,60 manat) quraşdırılan gündən normal işləməmişdir. Havanın temperaturu “+10” dərəcədən aşağı düşən kimi kondisioner isti hava vurmurdu və motordan dəhşətli səslər gəlirdi. Kondisioner quraşdırıldığı gündən tərəfindən dəfələrlə mağazanın qaynar xəttinə saysız-hesabsız müraciət edərək, kondisionerə baxış keçirtmələrini və qüsurlu mal olduğundan “İstehlakçıların Hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu” maddə 7-ə istinad edərək yenisi ilə dəyişmələrini xahiş etsələr də, kondisionerə baxış keçirtmək üçün servisdən nümayəndə gəlmədi. İşləməyən, xarab kondisioner üçün xx.xx.2021-ci il tarixində mağazaya etdiyi müraciət servis tərəfindən qeydə alınmışdır və bu servisin tərtib etdiyi “197149” saylı təmir aktında öz əksini tapmışdır. Mağazaya etdiyi xx.xx.2021-ci il tarixli müraciətlərinin servis tərəfindən qeydə alınmasına baxmayaraq satıcı (İddiaçı MMC) öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Servis tərəfindən qeydə alınan xx.xx.2021-ci il tarixli müraciətlərindən “bir il, səkkiz ay, on üç gün) keçdikdən sonra nəhayət xx.xx.2022-ci il tarixində servisdən nümayəndə gəlib baxış keçirtdi. xx.xx.2022-ci il tarixində Bakı və Abşeron yarımadasında havanın temperaturu “günəşli +16 dərəcə” olmuşdur. Bundan başqa satıcı (İddiaçı MMC) nisyə alqı-satqı müqaviləsinin “4”-cü bəndini (“Müştəri ödəniş cədvəlinin tələblərini 2 aydan artıq müddətdə yerinə yetirmədikdə malı geri qaytarır, bu zaman mal ABC-nin özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirilmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır”) kobud şəkildə pozaraq bir daha üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Yuxarıda qeyd etdiyi faktlardan, sənədlərdən belə bir qənaətə gəlmək olur ki, iddiaçı (İddiaçı MMC) onun istehlakçı hüquqlarını pozaraq ona keyfiyyətsiz, standardlara uyğun olmayan xarab məhsul satmışdır. Keyfiyyətsiz mallarını uzun müddət yenisi ilə əvəz etməyə iddiaçının maraq göstərməməsi onu deməyə əsas verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan mağaza malın keyfiyyətinə dair yalan məlumat verərək alıcı olaraq onu aldatmışdır. Bu barədə məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilərək, araşdırılması üçün prokurorluq orqanlarına məlumat verilə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, etirazına uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2021-ci il tarixli Müqavilə əsasında aldığı Hoffmann SİAC-18/HR markalı kondisioner qüsurludur və bu halı sübut etmək üçün Servis xidmətinə müraciət etmiş və iddiaçıya da məlumat verilmişdir. Servis xidməti həmin kondisionerin dördyol klapanında nasazlıq olduğunu və buna görə də kondisionerin normal istilik vermədiyini, yenisi ilə əvəz edilməli olduğunu və təmir qiymətinin 230 manat təşkil etdiyini bildirmişdir. Ona görə də iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 23 yanvar 2021-ci il tarixdə bağlanmış 22227336 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X4 görünür ki, İddiaçı Cavabdeh 18 ay müddətinə, hər ay 72,10 manat ödəmək şərti ilə, dəyəri 1297,8 manat olan 4 illik Qızıl Zəmanətlə “Hoffmann SİAC-18/HR” markalı kondisioner satmışdır. X7 Cədvəlinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan 23 yanvar 2021-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 22227336 nnömrəli müqaviləyə əsasən “Hoffmann SİAC- 18/HR” markalı kondisioneri tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 23 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1297,8 manat əsas borcu və 388,2 manat dəbbə pulu borcu vardır. Mülki işin materiallarında olan xəbərdarlıqdan və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 23 yanvar 2021-ci il tarixli müqavilədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan X6 Xidmət Mərkəzi tərəfindən tərtib edilmiş texniki vəziyyət barədə aktın lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixdə servisə müraciət edərək, “Hoffman SİAC-18/Hr” markalı kondisionerin -10 temperaturunda isti vurmadığını bildirmiş və həmin məhsul ünvanda yoxlanılmış və cihazda qüsur olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı MMC-yə ünvanladığı bildirişdən görünür ki, məhkəmə çəkişməsi ilə əlaqədar olaraq İddiaçı MMC-dən aldığı “Hoffmann SİAC- 18/HR” markalı kondisionerinin işləmə qabiliyyətinin müəyyən edilməsi üçün servisə müraciət etmişdir. xx.xx.2022-ci il tarixində saat 10:00-da servisdən nümayəndə gələcək və kondisionerə baxış keçirəcək. Kondisionerə baxış keçirtmək üçün öz nümayəndələrinin göndərilməsini xahiş etmişdir. Həmin bildiriş Mərdanova Aynur tərəfindən xx.xx.2022-ci il tarixdə saat 14: 32-də qəbul edilmişdir. Smart Servisin rəhbəri Xaliq Abdullayev və kondisioner ustası Ələkbər Abdullayev tərəfindən 01 dekabr 2022-ci il tarixdə tərtib edilmiş “Hoffmann Kondisionerinin yoxlanılması barədə” Aktdan görünür ki, Xətai propsekti 41 ünvanında yerləşən Memarlıq ofisində Hoffmann kondisionerinin yoxlanılaraq, dördyol klapanında nasazlıq olduğunu və buna görə də kondisionerin normal istilik vermədiyi və yenisi ilə əvəz edilməli olduğu müəyyən edilmişdir. Yekun olaraq təmirin qiyməti 230 manat təşkil edəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 582.1-ci maddəsinə əsasən, satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır. 582.2-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.1-ci maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsinı tələb etsin. 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 614.1-ci maddəsinə əsasən, pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. 624.1-ci maddəsinə əsasən, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilməsini, alış qiyməti mütənasib surətdə azaldılmasını, malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını və malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilməsini tələb edə bilər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 23 yanvar 2021-ci il tarixli müqavilə əsasında cavabdehə 1297,8 manat məbləğində 4 illik qızıl zəmanətlə “Hoffmann” markalı kondisioner satılmışdır. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş servis xidməti tərəfindən tərtib edilmiş aktla həmin kondisionerdə qüsurların olduğu, yəni dördyol klapanında nasazlıq olduğu, buna görə də kondisionerin normal istilik vermədiyi və yenisi ilə əvəz edilməli olduğu və təmirin qiymətinin 230 manat təşkil edildiyi müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, kondisionerdə olan qüsurlar malın keyfiyyəti üçün qarantiya verildiyi dövrdə yarandığından və satıcı tərəfindən həmin malda yaranmış qüsurların əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirilmədiyindən, alış qiyməti 1297,8 manat olan kondisionerin alış qiyməti, kondisionerdə olan qüsurun bərpa edilməsi üçün çəkilməli olan xərc miqdarında, yəni 230 manat məbləğində azaldılmalı və cavabdehdən 1067,8 manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır Digər tərəfdən, iddiaçı 23 yanvar 2021-ci il tarixli müqavilə üzrə 388,2 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğlərdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 23 yanvar 2021-ci il tarixli müqavilə üzrə 388,2 manat məbləğində hesablanmış dəbbə pulunun 100 (yüz) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1067,8 manat əsas borcu və 100 manat dəbbə pulu borcu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən, hal-hazırki iddianın qiyməti olan 1686 manat məbləğə görə ödənilməli olan 36,86 manat məbləğində dövlət rüsumunun 25,5 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalanı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 23 yanvar 2021-ci il tarixli müqavilə üzrə 1067,8 (min altmış yeddi manat 80 qəpik) manat məbləğində əsas borc və 100 (yüz) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1167,80 (min yüz altmış yeddi manat 80 qəpik) manat məbləğində borc və 25,5 (iyirmi beş manat 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar