Məhkəmə qərarları › İş №2(001)-6184/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6184/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6184/2022 21.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə mülki işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “ASUS” markalı notebook, “Samsung Galaxy TAB A 8.0” (İMEİ Kodu **********67377) markalı tablet üçün 285 manat ödənilməmiş hissə, 28 manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy S10+DUAL” (İMEİ Kodu **********35835) markalı telefon üçün 720 manat ödənilməmiş hissə, 72 manat cərimə olmaqla, cəmi 1105 manat borcun və 31,05 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, “ASUS” markalı notebook, “Samsung Galaxy TAB A 8.0” (İMEİ Kodu **********67377) markalı tablet və “Samsung Galaxy S10+DUAL” (İMEİ Kodu **********35835) markalı telefon almış və nəticədə 1105 manat borc yaranmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrə xx.xx.2021-ci il tarixində 01 saylı əlavəyə əsasən restrukturizasiya edilmişdir. Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 762,3 manat olan “ASUS” markalı notebook, “Samsung Galaxy TAB A 8.0” (İMEİ Kodu **********67377) markalı tableti ilkin ödəniş 76,23 manat olmaqla, 09 ay müddətinə, hər ay 76,23 manat ödəmək şərti ilə və xx.xx.2020-ci il tarixli müqaviləyə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 1218,96 manat olan “Samsung Galaxy S10+DUAL” (İMEİ Kodu **********35835) markalı telefonu ilkin ödəniş 101,58 manat olmaqla, 11 ay müddətinə, hər ay 101,58 manat ödəmək şərti ilə almış və nəticədə ümumilikdə 1105 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “ASUS” markalı notebook, “Samsung Galaxy TAB A 8.0” (İMEİ Kodu **********67377) markalı tablet üçün ümumilikdə 313 manat olmaqla ondan 285 manat ödənilməmiş hissə, 28 manat cərimə borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Samsung Galaxy S10+DUAL” (İMEİ Kodu **********35835) markalı telefon üçün ümumilikdə 792 manat olmaqla, ondan 720 manat ödənilməmiş hissə və 72 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 976,26 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən iddiaya etiraz məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01120081 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X1 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 144 manat olmaqla, 12 ay müddətinə, hər ay 171 manat ödəmək şərti ilə, dəyəri 2196 manat olan “ASUS” markalı notebook və “Samsung Galaxy TAB A 8.0” (İMEİ Kodu **********67377) markalı tablet satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “ASUS” markalı notebook və “Samsung Galaxy TAB A 8.0” (İMEİ Kodu **********67377) markalı tablet Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixdə bağlanmış 01120081 nömrəli malın nisyə alqı-satqı müqaviləsinə xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən görünür ki, tərəflər borcun qalığı olan 726 manat restruktruzasiya olunaraq ilkin ödəniş 76,26 manat olmaqla, 9 ay müddətinə, hər ay 76,23 manat ödənilmək şərti ilə xx.xx.2022-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20116492 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 200 manat olmaqla, 12 ay müddətinə, hər ay 195 manat ödəmək şərti ilə, dəyəri 2540 manat olan “Samsung Galaxy S10+DUAL” (İMEİ Kodu **********35835) markalı telefon satmışdır. X2 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy S10+DUAL” (İMEİ Kodu **********35835) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixdə bağlanmış 20116492 nömrəli malın nisyə alqı-satqı müqaviləsi xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən tərəflər borcun qalığı olan 1150 manat restruktruzasiya olunaraq ilkin ödəniş 101,58 manat olmaqla, 11 ay müddətinə, hər ay 101,58 manat ödənilmək şərti ilə xx.xx.2022-ci il tarixə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh İddiaçınə xx.xx.2019-cu il tarixli müqavilə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 285 manat əsas borc, 28 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqavilə, həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə 720 manat əsas borc və 72 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli müqavilələrdən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli müqavilələr və həmin müqavilələrə xx.xx.2021-ci il tarixli 1 saylı əlavələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 285 manat əsas borc və 28 manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 720 manat əsas borc və 72 manat cərimə borcu alınaraq, İddiaçınə verilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, ödənilmiş 31,05 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 450-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə üzrə 285 (iki yüz səksən beş) manat əsas borc və 28 (iyirmi səkkiz) manat cərimə borcu və xx.xx.2020-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 1 saylı əlavə üzrə 720 (yeddi yüz iyirmi) manat əsas borc və 72 (yetmiş iki) manat cərimə borcu və 31,05 (otuz bir manat 05 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1136,05 (min yüz otuz altı manat 05 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar