Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-619/2022 01.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.283,89 manat məbləğində əsas, 1.154,07 manat məbləğində faiz, cəmi 3.437,96 manat məbləğində borcun və 54,78 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə 04 noyabr 2021-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş və növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Bundan sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, e-2(001)-8539/2021 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə üzrə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC isə məhkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının bu barədə ərizəsini, habelə cavabdehin lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia tələbini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 16,5% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla əlaqədar iddiaçı cavabdehə bildiriş göndərməklə yaranmış borc məbləği barədə məlumat vermiş və həmin məbləğin ödənilməsini ondan tələb etmiş, əks halda bu məbləğin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq etmişdir. Lakin bu bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı 54,78 manat məbləğində dövlət rüsumu ödəməklə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə 2.283,89 manat məbləğində əsas, 1.154,07 manat məbləğində faiz, cəmi 3.437,96 manat məbləğində borcunun yarandığını iddia etmiş və həmin məbləğin, habelə ödənilmiş 54,78 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını tələb etmişdir. Həmin iddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş, lakin sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8539/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı hazırda da həmin məbləğin və ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə, iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını, habelə ödənişləri əks etdirən hesabdan çıxarış məlumatlarını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməlidir. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2.283,89 manat məbləğində əsas borc tutulmalıdır. Belə ki, hesabdan çıxarış məlumatlarına əsasən həmin müqavilə üzrə aparılmış ödənişlərin məhz 2.716,11 manat hissəsi mövcud olan əsas borcdan silinmişdir. Silinmiş məbləğlə ümumi kredit məbləğinin fərqi də (5.000 – 2.716,11 = 2.283,89) məhz iddia üzrə tələb edilən 2.283,89 manat təşkil edir. Məhkəmə iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 1.154,07 manat məbləğində faiz borcu tələb etməkdə haqlı olmamışdır. Belə ki, ödəniş cədvəlinə uyğun olaraq cavabdeh ilk ödənişi 2020-ci ilin yanvar ayında sonuncu ödənişi isə 2021-ci ilin dekabr ayında aparmaqla 24 ay ərzində hər ayın 19-u tarixindən gec olmayaraq aylıq əsas və hesablanmış faiz borcu qismində 246,01 (sonuncu ay 246,06) manat məbləğində pul ödəməli idi. Hər ödənişdən sonra da onun əsas borcu azalmalı və qalan əsas borc məbləğinə uyğun faiz borcu məbləği hesablanmalı idi. Həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixdə sonuncu dəfə ödəniş aparılmaqla ümumilikdə 3.445,06 manat məbləğində kredit ödənilmişdir. Lakin növbəti ödənişin xx.xx.2021-ci il tarixdən gec olmayaraq edilməli olması nəzərə alınmaqla xx.xx.2021-ci il tarixdə aparılmış ödəniş iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə hesaba alınmışdır. Bununla belə, xx.xx.2021-ci il tarixə ümumilikdə 3.444,14 manat (ondan 2.716,11 manat əsas borc, 728,03 manat faiz borcu qismində) ödənilməli olduğu halda, 3.445,06 (ondan 2.716,11 əsas, 716,21 faiz, 12,74 cərimə borcundan silinmişdir) manat məbləğində pul ödənilmişdir. Başqa sözlə, xx.xx.2021-ci il tarixə ödənilməli olan 728,03 manat faiz borcu məbləğindən cəmi (728,03 – 716,21 = 11,82) 11,82 manat az faiz borcu ödənilmişdir. Ümumilikdə 2020-ci ilin noyabr (13 gün) və dekabr (11 gün), habelə 2021-ci ilin yanvar ayının (16 gün) ödənişlərində gecikmələrə yol verilmiş, başqa ödənişlər vaxtında, yəni ayın 19-u tarixindən gec olmayaraq aparılmışdır. Gecikmələrə yol verdiyi üçün də cərimə borcu hesablanmış və aparılmış ödənişlərin 12,74 manat hissəsi məhz yaranmış cərimə borcuna silinmişdir. Bununla belə, məhkəmə aparılmış ödənişlərin məbləğini, ödəniş müddəti ərzində ümumilikdə təxminən 40 gün müddətində gecikməyə yol verilməsini və xx.xx.2021-ci il tarixə ödənilməli olan faiz borcu məbləğindən (728,03 manat) cəmi 11,82 manat (716,21 manat) az faiz borcunun ödənilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, faiz borcunda yaranmış 11,82 manat kəsir məbləği ilə birlikdə qeyd edilən müqavilə üzrə xx.xx.2021-ci il tarixə maksimum 100 manat məbləğində faiz borcu yarana bilərdi. Aparılmış ödəniş üzrə sonuncu hesablama, yəni xx.xx.2021-ci il tarixdən iddiaçı tərəfindən kredit borcunun hesablandığı xx.xx.2021-ci il tarixədək, yəni 8 ay 8 gün üçün isə faiz borcu qalıq qalmış 2.283,89 manat əsas borc üzrə hesablanmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixə məhz 2.283,89 manat əsas borc qalmış və bu məbləğ dəyişməmişdir. Beləliklə, əsas borc məbləğinin 2.283,89 manat, illik faiz dərəcəsinin 16,5 faiz olması nəzərə alındığı halda, həmin müqavilə üzrə 8 ay 8 gün üçün (2.283,89 x 16,5 / 100 = 376,84 manat – 1 il üçün yaranmış faiz borcu, 376,84 / 12 = 31,40 - 1 ay üçün yaranmış faiz borcu, 31,40 / 30 = 1,05 - 1 gün üçün hesablanmış faiz borcu, 31,40 x 8 = 251,20 – 8 ay üçün yaranmış faiz borcu, 1,05 x 8 = 8,40 – 8 gün üçün yaranmış faiz borcu, 251,20 + 8,40 = 259,60 – 8 ay 8 gün üçün yaranmış faiz borcu) 259,60 manat məbləğində faiz borcu yaranmış olur. xx.xx.2021-ci il tarixə hesablanmış 100 manat məbləğində faiz borcu ilə birlikdə xx.xx.2021-ci il tarixə qeyd edilən müqavilə üzrə ümumilikdə (100 + 259,60=359,60) 359,60 manat məbləğində faiz borcu yaranmış olur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin xx.xx.2021-ci il tarixinə 1.154,07 manat deyil, 359,60 manat məbləğində faiz borcu yaranmışdır və iddia tələbi “faiz borcunun tutulması” hissəsində qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə məhz 359,60 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddia üzrə 1.154,07 manat məbləğində faiz borcunun tələb edilməsi ilə bağlı ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh 5.000 manat məbləğində krediti iddiaçıdan təhvil aldıqdan sonra hər hansı məbləğdə ödəniş etmədiyi təqdirdə onun xx.xx.2021-ci il tarixinə (1 il 10 ay 8 gün) iddiaçıya (5.000 x 16,5 / 100 = 825 manat - 1 il üçün hesablanmış faiz borcu, 825 / 12 = 68,75 manat – 1 ay üçün hesablanmış faiz borcu, 68,75 / 30 = 2,3 manat – 1 gün üçün hesablanmış faiz borcu, 825 + 687,50 + 18,40 = 1.530,90 manat - 1 il 10 ay 8 gün üçün hesablanmış faiz borcu) 1.530,90 manat məbləğində faiz borcu yaranmış olur. Bu məbləğdən də ümumilikdə ödənilmiş 716,21 manat məbləğində faiz borcu çıxıldıqda (1.530,90 – 716,21 = 814,69) 814,69 manat faiz borcu qalmış olur. Başqa sözlə, həmin müqavilə üzrə cavabdehin xx.xx.2021-ci il tarixinə 1.154,07 manat məbləğində faiz borcunun yaranması ümumiyyətlə qeyri-mümkündür. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, cavabdehdən ümumilikdə (2.283,89 + 359,60 = 2.643,49) 2.643,49 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 46,50 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan (54,78 – 46,50 = 8,28), yəni 8,28 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2.283,89 manat məbləğində əsas, 359,60 manat məbləğində faiz, cəmi 2.643,49 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 46,50 manat hissəsinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 2.283,89 (iki min iki yüz səksən üç manat, səksən doqquz qəpik) manat məbləğində əsas, 359,60 (üç yüz əlli doqquz manat, altmış qəpik) manat məbləğində faiz, cəmi 2.643,49 (iki min altı yüz qırx üç manat, qırx doqquz qəpik) manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun 46,50 (qırx altı manat, əlli qəpik) manat hissəsinin əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-619/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-619/2022
01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver