Məhkəmə qərarları › İş №2(001)-621/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-621/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-621/2022 19.07.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (əvvəlki adı "xxxx" İKB ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 22 oktyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8.046,07 manat əsas borc, 446,14 manat faiz borcu və 419,24 manat cərimə olmaqla, ümumilikdə 8.911,45 manat borcun və 109,12 manat ödənilmiş dövlət rüsumunun tutulması, habelə onunla Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 22 oktyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 30 faizlə 12 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 22 oktyabr 2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. 04 dekabr 2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 29 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il oktyabrın 15-dək Cavabdeh1 banka həmin müqavilə üzrə 8.046,07 manat əsas borc, 446,14 manat faiz borcu və 838,48 manat cərimə olmaqla, ümumilikdə 9.330,69 manat borcu vardır. Göründüyü kimi Cavabdeh1 cərimə borcu 838,48 manat olmasına baxmayaraq cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 419,24 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, tələb edilən əsas və faiz borcunu qəbul edir, cərimə isə çox hesablanmışdır. Onun hal-hazırda satışa çıxarılmış daşınmaz əmlakı var, satıldıqdan sonra dərhal borcunu ödəyəcəkdir. Digər Cavabdeh2 məhkəmə iclasından xəbəri var, lakin işdən icazə verilmədiyinə görə məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək bildirdi ki, tələb edilən əsas və faiz borcunu qəbul edir, cərimə isə çox hesablanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə digər Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11- MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsindən və müqaviləyə 1 saylı Əlavədən görünür ki, bank sonuncuya illik 30% hesablanmaqla 12 ay müddətinə 20.000 manat məbləğində kredit verməyi, kredit alan isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci maddəsinə əsasən kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələcəyi hallarda verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda cərimə və dəymiş zərərlə vaxtından əvvəl qaytarılmasını borcalandan tələb edə bilər. Müqavilənin 4.8-ci maddəsinə əsasən, kredit ödənişləri üzrə gecikmə 15 günədək olduqda gecikdirilmiş kredit ödənişinin əsas borc məbləğinə gündəlik 5% dərəcəsilə dəbbə pulu hesablanır; "xxxx" İKB ASC ilə Cavabdeh1, zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi üzrə borclunun kreditor qarşısında götürdüyü öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşlər; 29 yanvar 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsinə Əlavə Sazişdən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən Müqavilənin 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilmiş, 2.3, 2.4, 2.5, 4.2 və 4.8-ci bəndləri aşağıdakı redaksiyada verilmişdir: 2.3 kredit müqaviləsinin müddəti 29 yanvar 2021-ci il tarixədək uzadılır; 2.4 müqavilə üzrə kreditin illik faiz dərəcəsi 15 təşkil edir, 4.2 borcalan Müqavilə üzrə Müqavilənin 2.5-ci bəndində göstərilmiş müddət ərzində faizlərin ödənilməsini, güzəşt müddəti bitdikdən sonra əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və Müqavilənin ayrılmaz hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir; 4.8 borcalan bu Müqavilənin 4.2-ci bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə Ödənişləri vaxtında etmədikdə, gecikdirilən gündən gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə əsas faizlə yanaşı gecikdirilən hər gün üçün cərimə kimi illik 72 (yetmiş iki) faiz dəbbə pulunu da ödəyir. Dəbbə pulu ödənişlər gecikdirilən gündən gecikdirilən məbləğ Kreditora tam ödənildiyi günə qədər hesablanır. 29 yanvar 2020-ci il tarixdə İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli zaminlik müqavilələrinə Əlavə Sazişdən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən Müqavilənin 2.1.2, 2,1.3 və 2.1.4-cü yarımbəndləri aşağıdakı redaksiyada verilmişdir: “2.1.2. Müqavilə üzrə kreditin müddəti xx.xx.2021 -ci tarixədək uzadılır. 2.1.3. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 15 (on beş) təşkil edir. 2.1.4.0.2 (sıfır tam onda iki) % təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək gündəlik cərimə faiz dərəcəsi". 04 dekabr 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsinə Əlavə Saziş 1dən görünür ki, Bu Saziş qüvvəyə mindiyi tarixdən - 1.1.1. Müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3,-cü yarımbəndləri ləğv edilir. 1.1.2.Müqavilə üzrə kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır; 1.1.3.Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 15( on beş ) % təşkil edir; 1.1.4 borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və bu Sazişə Əlavə edilmiş ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir. 1.1.5 Müqavilə üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72 % təşkil edir. 04 dekabr 2020-ci il tarixdə İddiaçı ASC ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli zaminlik müqavilələrinə Əlavə Saziş 1-dən görünür ki, bu saziş qüvvəyə mindiyi tarixdən kredit müqaviləsi üzrə kreditin müddəti 29 noyabr 2021 tarixədək uzadılır, Kreditin illik faiz dərəcəsi 15 % təşkil edir, Kredit müqaviləsi üzrə kreditin qaytarılması gecikdirildiyi halda gecikdirilmiş illik faiz dərəcəsi 72% təşkil edir. İddiaçı ASC tərəfindən borcalana və zaminlərə ünvanlanan 20 sentyabr 2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclulara banka olan borcunu 5 gün müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə notariat kontoruna və ya məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər; İddiaçı ASC-nin 15 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi üzrə əsas məbləğ üzrə borcu 8.046,07 manat, faiz üzrə borcu 446,14 manat, cərimə 838,48 manat olmaqla cəmi 9.330,69 manat məbləğində borcu vardır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/333 saylı, 10 may 2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi üzrə 15 oktyabr 2021-ci il tarixə 16.743,21 əsas, 293,01 manat faiz, 29 noyabr 2021-ci il tarixə isə 16.743,21 manat əsas, 395,33 manat isə faiz borcunun olduğu müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir; 20 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 109,12 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, iddiaçı Cavabdeh1 arasında bağlanmış 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsinə əsasən bank sonuncuya 12 ay müddətinə, illik 30 % dərəcəsi ilə 20.000 manat məbləğində kredit vermiş, sonuncu isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra iddiaçı bank ilə zaminlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit öhdəliklərin icrası üçün kredit alan Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərinin icra edilməsini öhdəsinə götürmüşlər. Daha sonra tərəflər arasında əlavə sazişlər imzalanmaqla kreditin müddəti uzadılmış, illik faiz dərəcəsi endirilmişdir. İddiaçı hazırda Cavabdeh1 15 oktyabr 2021-ci il tarixə həmin müqavilə üzrə 8.046,07 manat əsas borcu, 446,14 manat faiz borcu, cərimə 419,24 manat olmaqla, ümumilikdə 8.911,45 manat məbləğində borcun yaradığını iddia edir və həmin məbləği cavabdehlərdən tələb edir. Mülki iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin iddiaçıya 15 oktyabr 2021-ci il tarixə 16.743,21 manat əsas, 293,01 manat faiz borcunun olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, Cavabdeh1 bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüklərindən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddia tələbinin əsas və faiz borcu hissəsi ilə əlaqədar ekspert rəyi ilə razılaşmayaraq qeyd edir ki, tərəflər arasında 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0- 2617-19 nömrəli kredit müqaviləsi ilə verilmiş kreditin illik faiz dərəcəsi 30% olsa da, sonradan tərəflər arasında Əlavə Sazişlər bağlanaraq illik faiz dərəcəsi 15% endirilmişdir. Buna baxmayaraq ekspert cavabdehin banka olan borcunu müəyyən edərkən, borcun məbləğini illik 30 % dərəcə ilə hesablamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi “əsas və faiz borcun tutulması” hissəsində təmin edilməli, 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi ləğv edilərək, həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.046,07 manat məbləğində əsas borc və 446,14 faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, araşdırma zamanı müəyyən edilmişdir ki, 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi və ona edilmiş Əlavə Sazişlər üzrə tərəflər arasında cərimə ilə bağlı yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 419,24 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə belə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimənin məbləği azaldılmalı və 200 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi ləğv edilməli və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.046,07 manat məbləğində əsas borc, 446,14 manat faiz borcu, 200 manat cərimə olmaqla, cəmi 8.692,21 manat borcun və ödənilmiş dövlət rüsumunun 106 manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin 97 manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 3 manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. 22 oktyabr 2019-cu il tarixli, 11-MZ2-2-0-2617-19 nömrəli kredit müqaviləsi ləğv edilsin və həmin müqavilə üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8.046,07 (səkkiz min qırx altı manat, yeddi qəpik) manat məbləğində əsas borc, 446,14 (dörd yüz qırx altı manat, on dörd qəpik) faiz borcu, 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 8.692,21 manat borcun və ödənilmiş dövlət rüsumunun 106 (bir yüz altı) manatı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində vəsaitin 97 (doxsan yeddi) manatı müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 3 (üç) manatı isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar