Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6211/2020 06.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” Şirkətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.047,29 manat məbləğində əsas borcun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 500 gün ərzində gecikdirmənin hər gününə görə borc məbləğinin 0,2 faizi həcmində hesablanmaqla 11.047,29 manat penyanın, cəmi 22.124,58 manat məbləğində borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Şirkəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı “xxxx” şirkəti arasında bağlanmış 60/14 saylı, xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinin 3.2-ci bəndinə əsasən cavabdeh, malların verilməsindən 30 gündən gec olmayaraq, ödəmək şərti ilə şirkətin istehsal etdiyi məsulların satışı ilə məşğul olmuşdur. Belə ki, cavabdeh aldığı malların dəyərinin bir hissəsini ödəmiş və onunla xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixində imzalanmış “Öhdəliklərin qarşılıqlı tanınması aktı” tərtib edilərkən razılaşmaya əsasən yaranmış borcu etiraf edərək, yaxın vaxtlarda ödəməyi öz üzərinə götürmüşdür. Lakin indiyədək 11.047,29 manat borc qalığını ödəməmişdir. Cavabdeh bugünədək öz borcunu ödəməmiş və bu o deməkdir ki, tərəflər arasında imzalanmış müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin müddəti 30 gündən çox olduqda hər gün üçün 0,2% həcmində penya pulunu da ödəməli və həmin məbləğ borc məbləğinin üzərinə əlavə edilməlidir. Məhkəmə hazırlıq iclasında Cavabdeh fərdi sahibkar kimi fəaliyyət göstərdiyini və Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi 1 ünvanında yerləşən “xxxx” MMC-yə məxsus olan ticarət mərkəzində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, xx.xx.2014-cü il tarixli müqavilə üzrə “xxxx” Şirkətindən də əşyaları məhz həmin ticarət mərkəzində satmaqla gəlir əldə etmək niyyəti ilə aldığını, lakin qeyd edilən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində həmin əşyaların yandığını, onun da zərərçəkmiş şəxs qismində tanındığını bildirmiş və bu halı təsdiq edən sənədi məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə iddiaçı “xxxx” Şirkətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə hazırlıq iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, iddiaçının lazımi qaydada məlumatlandırılmasını nəzərə alıb, məhkəmə hazırlıq iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh tərəfindən təqdim edilmiş sənədi, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, iddiaçının hüquqi şəxs, Cavabdeh isə fərdi sahibkar olmasını (VÖEN **********), habelə onun xx.xx.2014-cü il tarixli nisyə alğı-satqı müqaviləsinin predmeti olan əşyaları fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə aldığını nəzərə alıb belə qənaətə gəlir ki, hazırki mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir (iqtisadi mübahisədir). Hüquqi nəticə etibarı ilə iş məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən icraata götürülmüşdür. Bu halın mövcudluğu isə işə məhkəmə aidiyyəti baxımından Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasını qeyri-mümkün edir və işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir; 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır; 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Beləliklə, məhkəmə iddia üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alıb hesab edir ki, hazırki mübahisə bilavasitə Cavabdeh sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədardır və iddiaçı tərəfindən ona qarşı irəli sürülmüş tələb kommersiya məhkəməsinə aiddir. Bu səbəbdən mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 31-ci, 39-cu, 44-cü, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” Şirkətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6211/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6211/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver