Məhkəmə qərarları › İş №2(001)-6215/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6215/2023

25.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6215/2023 25.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona təhkim edilmiş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat vəsaitin alınıb Bakı şəhər Maliyyə İdarəsinin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkum Cavabdeh Binəqədi Rayon Məhkəməsinin 1(001)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Məhkəmə tərəfindən məhkumun üzərinə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitəni işlək vəziyyətdə saxlamaq, Bakı şəhərinin ərazisini tərk etməmək vəzifələri qoyulmuşdur. Hökm və onun icrasına dair hakimin xx.xx.2021-ci il tarixli göstərişi xx.xx.2021-ci il tarixdə İddiaçı icraatına daxil olmuş, məhkum xx.xx.2021-ci il tarixdə İddiaçındə qeydiyyatdan keçərək, onunla ilkin qaydada fərdi söhbət aparılmış və xx.xx.2022-ci il tarixdə ona yaşadığı ünvanda “Attenti” markalı elektron nəzarət vasitəsi komplektinə daxil olan elektron qolbaq tətbiq edilərək ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Məhkum Cavabdeh "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən icra məmurunun təqdimatı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəza müddəti 1 il azaldılmışdır və cəzası xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Məhkum Cavabdeh cəza müddəti başa çatdıqdan sonra elektron qolbaq məhkumun üzərindən açılaraq, ona təhkim edilmiş mobil qurğu ilə birlikdə təhvil alınmış və aidiyyəti üzrə Ədliyyə Nazirliyi Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. “Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli texniki rəydən müəyyən edilmişdir ki, mobil nəzarət qapağı kleylənmişdir, təmiri mümkün deyildir və istifadəyə tam yararsızdır. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi maliyyə arayışına görə həmin elektron nəzarət vasitəsini dəyəri 2277,40 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-80/2021 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmün icrası Cavabdeh yaşayış yeri üzrə İddiaçınə həvalə edilmiş, Cavabdeh üzərinə yaşadığı yeri gecə saat 23:00-dan səhər 06:00-dək tərk etməmək, elektron qolbaq gəzdirmək və həmin nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, vəzifəsinin qoyulması hökm edilmişdir. İddiaçı icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması və fərdi söhbət aparılması barədə Protokolun surətindən görünür ki, məhkum Cavabdeh ilə fərdi söhbət aparılmış, fərdi söhbət zamanı məhkuma məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə, həmin vasitəni zədələdikdə və ya digər üsullarla yarasız hala saldıqda dəyərinin ondan tutulacağı izah olunmuşdur. xx.xx.2021-ci il tarixli, 7(001)-712/2021 saylı Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)- 80/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Cavabdeh barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixində Bakı şəhəri Probasiya İdarəsinin böyük icra məmuru Nümayəndə tərəfindən tərtib edilmiş aktdan görünür ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, qərarı ilə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-80/2021 saylı hökmü ilə 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh cəza müddəti 1 il azaldılmış, məhkumun cəza müddəti başa çatdığından qolbaq məhkumun üzərindən açılmış, mobil qurğu və digər avadanlıqlarla birlikdə təhvil alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Cavabdeh üzərindən çıxarılmış 35650340 nömrəli elektron nəzarət vasitəsi Nümayəndə tərəfindən İddiaçı Elektron Monitorinq İdarəsinin məsləhətçisi Fariz Şamilova təhvil verilmişdir. "xxxx" QSC tərəfindən Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ED-M-96-21 №-li məktubdan görünür ki, probasiya xidmətinin qeydiyyatında olan “Attenti” markalı elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş həmin elektron avadanlıqların itirilməsi və yararsız hala salınması hallarında 1 ədəd sadə elektron qolbaqdan, 1 ədəd mobil nəzarət qurğusundan, 1 ədəd elektrik adapterindən və 1 ədəd proqram lisenziyasından ibarət sadə elektron qolbağın qiyməti 1930 manat və əlavə dəyər vergisi 347,40 manat olmaqla, ümumilikdə 2277,40 manat məbləğində pul vəsaiti nəzarət subyektindən tutulması üçün Ədliyyə Nazirliyi Probasiya Xidmətinə təqdim olunmuşdur. İş materiallarında olan Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında xx.xx.2022-ci il tarixli Texniki Rəydən görünür ki, qurğunun qapağına kley vurulub, təmiri mümkün deyildir və istifadəyə tam yararsızdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının avtomobilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Binəqədi Rayon Məhkəməsinin 1(001)-80/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün icrası ilə əlaqədar məhkum Cavabdeh təhvil verilmiş elektron nəzarət vasitəsi sonuncu tərəfindən yararsız hala salındığından, elektron nəzarət vasitəsinin yararsız hala düşməsi ilə əlaqədar vurulmuş zərərin əvəzini ödəmək vəzifəsi Cavabdeh üzərinə qoyulmalı və onun dəyəri olan 2277,40 manat məbləğində maddi ziyan tutulmaqla, Bakı şəhər Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat tutularaq, Bakı şəhər Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında qanunun 9.1.2.14-cü maddəsinə müvafiq olaraq məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat+ 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 42,77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat 40 qəpik) manat məbləğində pul vəsaiti tutularaq, Bakı şəhər Maliyyə İdarəsinin hesabına ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar