Məhkəmə qərarları › İş №2(001)-6247/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6247/2020

01.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6247/2020 01.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən Samsung LED markalı televizor üçün 1275 manat ödənilməmiş hissə, 247 manat dəbbə pulu, xx xxxxxxxx 2019cu tarixli müqaviləyə əsasən Demir Dokum markalı Kombi üçün 1166 manat ödənilməmiş hissə, 349 manat dəbbə pulu miqdarında, ümumilikdə 3037 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3067 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə xx xxxxxxxx 2019-cu il tarixli müqavilələrinə əsasən, Samsung LED markalı televizor və Demir Dokum markalı Kombi almış və nəticədə 3037 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx xxxxxxxx 2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1350 manat (18 ay x 75 manat + 0 manat ilkin ödəniş), Samsung LED markalı televizor üçün ümumilikdə 1522 manat olmaqla ondan 1275 manat ödənilməmiş hissə, 247 manat dəbbə, xx xxxxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1272 manat (12 ay x 106 manat + 0 manat ilkin ödəniş) Demir Dokum markalı Kombi üçün 1515 manat olmaqla ondan 1166 manat ödənilməmiş hissə, 349 manat miqdarında dəbbə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 181 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış peniya aşkarlanırsa, “xxxx ” müştərinin ödədiyi məbləğin 50 % -nə qədər hissəsi peniya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, №00945546 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1350 manat olan Samsung Led markalı məhsul Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində aylıq 75 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxx 2019-cu il, sonuncu ödəniş tarixi xx xxxxx 2021-ci il müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00945546 saylı müqaviləyə əsasən Samsung Led markalı televizoru qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli, №00945587 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 1272 manat olan Demir Dokum markalı Kombi Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 106 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi xx xxxxxx 2019-cu il, sonuncu ödəniş tarixi xx xxxxx 2021-ci il müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00945587 saylı müqaviləyə əsasən Demir Dokum markalı Kombini tam qüsursuz halda “xxxx” MMC-dən təhvil almışdır. xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh “xxxx” MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. xx xxxxxxx 2020-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh X3 markalı televizor üçün əsas borcu 1275 manat, cərimə borcu 247 manat olmaqla, cəmi 1522 manat, Demir Dokum markalı kombi üçün əsas borcu 1166 manat, cərimə borcu 349 manat olmaqla, cəmi 1515 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 3037 manat məbləğində borcu vardır. xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx xxxxxxxx 2019-cu il tarixli, №00945546 saylı müqaviləyə əsasən Samsung Led markalı televizor almış və 18 ay müddətinə aylıq 75 manat ödəniş etməyi, xx xxxxxxxx 2019-cu il tarixli, №00945587 saylı müqaviləyə əsasən Demir Dokum markalı kombi almış 12 ay müddətinə ayda 106 manat ödəniş etməyi, hər iki müqavilə üzrə şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin müqavilələr üzrə borcu qalmışdır. Cavabdeh müqavilələr üzrə cəmi 181 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni xx xxxxxxxx 2019-cu il tarixli, №00945546 saylı müqavilə üzrə 1275 manat, xx xxxxxxxx 2019-cu il tarixli, №00945587 saylı müqavilə üzrə 1166 manat müəyyən edilməklə, cəmi 2441 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, xx xxxxxxxx 2019-cu il tarixli, №00945546 saylı və xx xxxxxxxx 2019-cu il tarixli, №00945587 saylı kredit müqavilələri üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən xx xxxxxxxx 2019-cu il tarixli, №00945546 saylı müqavilə üzrə hesablanmış 247 manat məbləğində dəbbə pulunun və xx xxxxxxxx 2019-cu il tarixli, №00945587 saylı müqavilə üzrə hesablanmış 349 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən cərimə məbləği endirilməli və xx xxxxxxxx 2019-cu il tarixli, №00945546 saylı müqavilə üzrə 50 manat, xx xxxxxxxx 2019-cu il tarixli, №00945587 saylı müqavilə üzrə 40 manat, məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxxxx 2019-cu il tarixli, №00945546 saylı müqavilə üzrə 1275 manat əsas borc, 50 manat cərimə borcu, xx xxxxxxxx 2019-cu il tarixli, №00945587 saylı müqavilə üzrə 1166 manat əsas borc, 40 manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2531 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. xx xxxxxxxx 2019-cu il tarixli, №00945546 saylı müqavilə üzrə 1275 (bir min iki yüz yetmiş beş) manat əsas borc, 50 (əlli) manat cərimə borcu, xx xxxxxxxx 2019-cu il tarixli, №00945587 saylı müqavilə üzrə 1166 (bir min yüz altmış altı) manat əsas borc, 40 (qırx) manat cərimə borcu olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 2531 (iki min beş yüz otuz bir) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar