Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6256/2024 30.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X1 Hüseynağa qızının sədrliyi ilə, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 50.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan xx.xx.2007-ci il tarixdə 50.000 (əlli min) manat borc pul almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh 50.000 manat pul vəsaitin xx.xx.2020-ci il tarixədək pulu qaytarmağı üzərinə öhdəlik kimi götürmüşdür. Cavabdehə şifahi və yazılı müraciət olunmasına baxmayaraq, borclu borcunu ödəməkdən boyun qaçırır. Cavabdeh borcu qaytarmaqdan imtina etdiyi üçün məhkəməyə müraciət etməyi qərara almışdır. Mülki iş üzrə ilkin mərhələdə cavabdeh məhkəmə iclasında iştirak etməməsi səbəbindən iddiaçının müraciəti əsasında işə qiyabi icraat qaydasında baxılmış və xx.xx.2021-ci il tarixli qiyabi qətnamə ilə iddia təmin edilmişdir. Sonradan cavabdehin ərizəsi ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, icraat təzələnmişdir. Artıq məhkəmə icraatı dönəmində tərəflərin verdiyi izahatlar zamanı iddiaçı uzun müddət ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, cavabdehin də tikinti sahəsində sahibkar kimi fəaliyyət göstərməsini, alınması iddia olunan borcun da məhz cavabdehin kommersiya fəailiyyəti ilə əlaqədar, sonuncunun xaricdən mal alaraq Azərbaycanda satışı ilə məşğul olması məqsədilə verildiyini bildirmişdir. Həmçinin cavabdeh məhkəmə iclasında vermiş olduğu izahatında qarşı tərəfin ona qarşı irəli sürdüyü iddianı qəbul etmədiyini, verilən pulun cəmi 34 min manat olmasını və həmin pulu özünün sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün, xaricdən tikinti materiallarının gətirilməsi məqsədilə ona verildiyini və həmin məbləği artıqlaması ilə geri qaytardığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarında bildirdikləri ilə yanaşı onların subyektiv tərkibinin yoxlanılması məqsədilə elektron məhkəmə informasiya sistemi vasitəsilə sorğulama aparmış və hər iki tərəfin vergi ödəyicisi olmaqla hazırki vəziyyətdə aktiv sahibkar kimi fəaliyyətdə olmalarını müəyyən etmişdir. Mülki işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsi məhkəmə iclasında müzakirə olunmuş tərəflər işin baxılması üçün kommersiya məhkəməsinə göndərilməsinə etiraz etməmişlər. Beləliklə, iş materiallarını və tərəfin mülahizəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən xx.xx.2017-ci il tarixli Borcun Etirafı haqqında Müqaviləyə əsasən, Cavabdeh xx.xx.2007-ci il tarixdə İddiaçı 50.000 manat məbləğində borc pul aldığını etiraf etmiş, müqavilədə göstərilən məbləği, yəni 50.000 (əlli min) manat borc pulu 30 dekabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür Pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən Cavabdeh rəsmi məktub göndərilərək, borcunu 10 (on) gün müddətində ödənilməsi bildirilmiş, əks təqdirdə vəsaitin məcburi qaydada tutulması üçün aidiyyatı üzrə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. AZEMİS elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2006-cı ildən aktiv statuslu VÖENə malikdir, vergi ödəciyisi kimi qeydiyyatdan keçmişdir. AZEMİS elektron portaldan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2013-cü ildən aktiv statuslu VÖENə malikdir, vergi ödəciyisi kimi qeydiyyatdan keçmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. 20-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. 28-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət(lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Məhkəmənin mövqeyi Göstərilən hallara əsasən məhkəmə belə qənaətə gəlir ki, mülki iş icraata götürülən zaman məhkəmə aidiyyət qaydaları pozulmuşdur. Belə ki, artıq məhkəməyə müraciət edilməmişdən öncə və məhkəmə araşdırmasının bütün dövrü ərzində hər iki tərəfin subyektiv tərkib olaraq şəxsi VÖENə malik şəxslər olmaqla, aralarında mövcud münasibətlərin cavabdehin özünün sahibkarlıq fəaliyyətindən qaynaqlanmasından yarandığı aşkar edilmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, hazırki mübahisənin hər iki tərəfi sahibkarlıq münasibətlərinin subyektidir, verildiyi iddia olunan borc məbləği də həmçinin cavabdehin tikinti materiallarının dövriyyəsi ilə əlaqədar öz kommersiya fəaliyyətini həyata keçirməsi məqsədilə mütəmadi olaraq iddiaçı tərəfdən aldığı və müəyyən zaman ərzində qaytardığı və ya qaytarmalı olduğu pul məbləğidir. Göstərilən hallara əsasən məhkəmə hesab edir ki, mülki işin kommersiya xarakterli olması səbəbindən aidiyyəti üzrə də kommersiya məhkəməsində baxılıb hüquqi qiymət verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MPM-nin 263,264,268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(001)-6256/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6256/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver