Məhkəmə qərarları › İş №2(001)-626/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-626/2022

18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-626/2022 18.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı borc və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər arasında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanmış 04.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 1 ay müddətinə yəni, 04.04.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 8000 manat borc vermişdir. Borc 1 ay müddətinə qaytarmaq şərti ilə verilsə də, cavabdeh iki ildən artıq vaxt keçməsinə baxamayaraq aldığı borcu qaytarmamışdır. Borcun qaytarılması barədə Cavabdeh edilmiş yazılı və şifahi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır və tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək iddiaçıya məxsus pul vəsaitini əsassız olaraq özündə saxlamaqla iddiaçıya xeyli miqdarda ziyan vurmaqda davam edir. Mülki qanunvericiliyin müddəalarına uyğun olaraq 8000 manat borc, iki il üçün vurulmuş illik 10% olmaqla ziyanın əldən çıxan fayda olaraq, iki il üçün illik 5% olmaqla pul vəsaitinin qanunsuz saxlandığına görə, hüquqi yardıma görə iddiaçının ödədiyi 100 manat, ödənilmiş 122 manat dövlət rüsumu olmaqla cəmi 10622 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Ona görə də, Cavabdeh 10622 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 18 saylı notariat ofisində 3M-158 saylı reyestr nömrəsi ilə təsdiq olunmuş 04.03.2020-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, borc verən borc alana, 04.04.2020-ci il tarixədək qaytarmaq şərti ilə 8000 manat borc vermişdir. Kapital Bank ASC-nin 15.10.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı vəkil xidmətinə görə Bakı şəhəri 25 saylı vəkil bürosuna 100 manat ödəmişdir. Kapital Bank ASC-nin 15.10.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı dövlət rüsumuna görə dövlət nəfinə 122 manat ödəmişdir. Cavabdeh 18 saylı notariat ofisində təsdiq olunmuş 02.07.2020-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, o, İddiaçı ilə 04.03.2020-ci il tarixdə 3M-158 reyestrli kredit müqaviləsi bağlayaraq 8000 manat borc almış, 04.04.2020-ci il tarixədək qaytarmalı olduğu borcu qaytara bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehin iddiaçı ilə bağladığı 04.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 8000 manat borcu müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmaması öz təsdiqini tapdığından məhkəmə iddiaçının əsas borca görə 8000 manat tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçının cavabdehdən pul vəsaitinin qanunsuz saxlamaqla faydalandığına görə həmin vəsaitin məbləğindən faizlər ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09.07.2009-cu il Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. İddiaçı cavabdehin aldığı borcdan istifadə nəticəsində faydalanmasını müəyyən edə biləcək sübutlarını məhkəməyə təqdim edə bilmədiyindən məhkəmə iddiaçının əldən çıxan faydaya görə əsas borcun 10% həcmində pul tələbinin təmin edilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası MM-nin 445.1.-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəlləninin 445.2.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Həmin Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə istinad olunan maddi hüquq normasının tələblərinə əsasən iddiaçının borcun qaytarılmasının 04.04.2020-ci il tarixdən qətnamə çıxarılan 18.01.2021-ci il tarixədək gecikdirilmiş 1 il 9 ay 14 gün üçün illik 5% tələbini əsaslı hesab edib, bu tələb üzrə cavabdehdən iddiaçının xeyrinə 715,6 manatın tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qənaətinə gəlir. (8000:100x5%=400 manat illik 5%); (400 manat (illik 5%)+300 manat (9 ay 5%) +15,6 manat (14 gün 5%)=715,6 manat) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 04.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borca görə 8000 manat, 5% görə 715,6 manat, məhkəmə xərclərinə görə 222 manat olmaqla cəmi 8937,6 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar