Məhkəmə qərarları › İş №2(001)-6273/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6273/2021

09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6273/2021 09.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1995,18 manat əsas, 334,59 manat faiz borcu olmaqla, cəmi 2329,77 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahi etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24% ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmşdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə əsasən “Borcverən” yuxarıda qeyd edilən məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 06.07.2021-ci il tarixinə "xxxx" KB ASC-yə 1995,18 manat əsas, 334,59 manat faiz olmaqla cəmi 2329,77 manat borcu yaranmışdır. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 05.03.2020-ci il tarixli, 12723sBANK/20 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 60 ay müddətinə, 05.03.2025-ci il tarixinədək, illik 24 % ödəmək şərtilə 2000 manat kredit ayırır. Cavabdeh isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. "xxxx" Kommersiya Bankı ASC-nin 06.07.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 12723sBANK/20 saylı kredit müqaviləsi üzrə 06.07.2021-ci il tarixinə 1995,18 manat əsas, 334,59 manat faiz, 0 manat cərimə, cəmi 2329,77 manat məbləğində borcu vardır; "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh ünvanlanmış 03.05.2021-ci il tarixli bildirişin surətinə əsasən Cavabdeh 05.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 iş günü müddətində ödəməklə, aralarında bağlanmış kredit müqaviləsini 3 gün müddətində ləğv edilməsi ona təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir; "xxxx" Kommersiya Bankı ASC tərəfindən təqdim edilən hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən sonuncu dəfə 16.04.2020-ci il tarixində ödəniş edilmişdir. 06.07.2021-ci tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Unibank” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında 05.03.2020-ci il tarixli, 12723sBANK/20 saylı kredit müqaviləsi bağlanmış, nəticədə bank tərəfindən Cavabdeh 60 ay müddətinə, 05.03.2025-ci il tarixinədək, illik 24 % ödəmək şərtilə kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən olunmuş müddətdə və məbləğdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı "xxxx" KB ASC cavabdehin borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. İddiaçı tərəfindən dövlət rüsumu qismində 30 manat məbləğində pul ödənilmişdir, həmin məbləğ də cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə borclunun uzun müddət öhdəliyini icra etməməsini onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək hesab edir ki, kreditorun öhdəliyin vaxtından əvvəl icrasını tələb etmək hüququ əsaslı hesab edilməli, cavabdeh isə onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq qalıq borcunu iddiaçıya ödəməlidir. İş materiallarında olan hesabdan çıxarış məlumatları ilə də sübut olunur ki, cavabdeh kredit borcunu vaxtında və lazımi qaydada ödəməyi gecikdirmişdir. Eyni zamanda məhkəmə təqdim edilmiş maliyyə arayışına mötəbər sübut kimi qiymət verərək, tələb olunan borc məbləğinin əsaslılığına dair şübhə doğuran məqam müəyyən etməmişdir. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsi və ya rədd edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, 05.03.2020-ci il tarixli, 12723sBANK/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1995,18 manat əsas, 334,59 manat faiz borcu olmaqla, cəmi 2329,77 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 05.03.2020-ci il tarixli, 12723sBANK/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1995,18 (bir min doqquz yüz doxsan beş manat, on səkkiz qəpik) manat əsas, 334,59 (üç yüz otuz dörd manat, əlli doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 2329,77 (iki min üç yüz iyirmi doqquz manat, yetmiş yeddi qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı "X3” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar