Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-629/2022 19.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “FİNCA Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə 5.094 manat məbləğində əsas, 1.309,12 manat məbləğində faiz, cəmi 6.403,12 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin nümayəndəsi X4 iddianı müdafiə etmiş və iddia ərizəsinə əlavə edilmiş sübutlara əsaslanaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 yalnız 07 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, digər Cavabdeh1 isə ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, cavabdehlərin lazımi qaydada xəbərdar edilməsini nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfi dinləyib, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 27 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 28% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməsi barədə üzərinə öhdəlik götürmüşdür. Bundan sonra tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair sazişə əsasən xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ümumilikdə yaranmış 5.094 manat məbləğində borc restrukturizasiya olunmuş və cavabdeh həmin məbləği illik 28% faiz dərəcəsi ilə faiz hesablanmaq şərti ilə 21 ay müddətinə (sonuncu ödəniş tarixi xx.xx.2022-ci il) qaytarmağı öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bu səbəbdən iddiaçı 84,03 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə 28 aprel 2021-ci il tarixinə 5.094 manat məbləğində əsas, 1.309,12 manat məbləğində faiz, cəmi 6.403,12 manat məbləğində borcun yarandığını iddia edir və həmin məbləğin, habelə iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin cavabdehdən tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2022-ci il tarixdə bitəcəkdir. Qeyd edilən müqavilə üzrə ötən dövr ərzində ümumilikdə 250 manat məbləğində ödəniş edilmiş və həmin məbləğin 233,88 manat hissəsi mövcud olan faiz, 16,12 manat hissəsi isə mövcud olan cərimə borcundan silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh1 qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcun məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını, habelə ödənişləri əks etdirən hesabdan çıxarış məlumatlarını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməlidir. Cavabdeh1 iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə 5.094 manat məbləğində əsas borc tutulmalıdır. Məhkəmə iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddiaçı cavabdehdən 1.309,12 manat məbləğində faiz borcu tələb etməkdə haqlı olmamışdır. Belə ki, cavabdeh ödənişləri aylar üzrə aparmalı idi və hər ödəniş edildikdən sonra onun əsas borcu azalmalı və qalan əsas borc məbləğinə uyğun faiz borcu məbləği hesablanmalı idi. Lakin həmin müqavilə üzrə ümumilikdə 250 manat məbləğində ödəniş edilmiş və həmin məbləğin 233,88 manat hissəsi mövcud olan faiz, 16,12 manat hissəsi isə mövcud olan cərimə borcundan silinmişdir. Başqa sözlə, əsas borc üzrə hər hansı məbləğdə ödəniş aparılmamış və bu baxımdan faiz borcu dəyişilməz məbləğ olan 5.094 manat əsas borc məbləğinə uyğun hesablanmışdır. İddiaçı isə müddət etibarı ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə olan dövr, yəni 10 ay 18 gün müddət üçün hesablanmış faiz borcunu tələb edir. Bununla belə əsas borcun 5.094 manat, illik faiz dərəcəsinin 28% faiz olması nəzərə alındığı təqdirdə 10 ay 18 gün üçün (5.094 x 28% / 100 = 1.426,32 manat 1 il üçün hesablanmış faiz borcu, 1.426,32 / 12 ay = 118,86 manat 1 ay üçün hesablanmış faiz borcu, 118,86 x 10 ay= 1.188,60 manat 10 ay üçün hesablanmış faiz borcu, 118,86 / 30 gün = 3,96 1 gün üçün hesablanmış faiz borcu, 3,96 x 18 gün = 71,28 manat 18 gün üçün hesablanmış faiz borcu, ümumilikdə 10 ay 18 günü üçün 1.188,60 + 71,28 = 1.259,88 manat faiz borcu) 1.259,88 manat məbləğində faiz borcu yaranmış olur. Eyni zamanda, məhkəmə kredit müqaviləsi üzrə ümumilikdə ödənilmiş 250 manat məbləğində pulun 233,88 manat hissəsinin mövcud olan faiz borcundan silinməsini nəzərə alıb, hesab edir ki, bu məbləğin də müqəddaratı həll edilməli və bu məbləğ 10 ay 18 gün üçün hesablanmış 1.259,88 manat məbləğində faiz borcundan silinməli (1.259,88 – 233,88 = 1.026), qalan 1.026 manat məbləği həmin müqavilə üzrə xx.xx.2021-ci il tarixə mövcud olan faiz borcu qismində müəyyən edilməklə, Cavabdeh1 iddiaçı “FİNCA Azerbaijan” MM QBKT-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə saziş bağlanan zaman Cavabdeh2 da zamin olaraq həmin sazişin tərəfi olmuş və sazişin şərtləri ilə tanış olaraq, onu imzalamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən tələb edilən 30 manat məbləğində dövlət rüsumu da eyni qaydada cavabdehlərə aid edilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, hazırki iddianın məhkəmədə qaldırılması üçün 84,03 manat məbləğində dövlət rüsumunun ödənilməsinə baxmayaraq, iddiaçı cavabdehlərdən 30 manat məbləğində dövlət rüsumunun tutulmasını tələb edir. Bu səbəbdən məhkəmə bu hissədə iddia tələbi ilə kifayətlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.094 manat məbləğində əsas, 1.026 manat məbləğində faiz, cəmi 6.120 manat məbləğində borc, habelə 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.094 (beş min doxsan dörd) manat məbləğində əsas, 1.026 (bir min iyirmi altı) manat məbləğində faiz, cəmi 6.120 (altı min bir yüz iyirmi) manat məbləğində borc, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "FİNCA Azerbaijan" MM QBKT-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-629/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-629/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver