Məhkəmə qərarları › İş №2(001)-6292/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6292/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6292/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi ilə, “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh qarşı kreditin qaytarılması barədə iddia ərizəsinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: “X1 Azərbaycan” QSC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 468,6 manat məbləğində əsas borcun, 44,74 manat məbləğində faiz borcunun, 187,75 manat məbləğində cərimə borcunun, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2 manat, bildirişlərin göndərilməsinə görə 5,5 manat poçt xərcləri olmaqla, ümumilikdə 708,59 manat və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 21 manatın tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(001)-2805/2017 saylı məhkəmə əmrinə əsasən, ərizə təmin edilmişdir. Sonradan borclu Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilməsi və işin iddia icraatına keçirilməsini xahiş etmiş, məkhəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-2805/2017 saylı qərardadına əsasən, məhkəmə əmri ləğv edilərək ərizə üzrə materiallar iddia icraatına keçirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin şərtlərinə görə bank tərəfindən Cavabdeh 500 manat məbləğində kredit kart limit ayrılmışdır. Cavabdeh müqavilənin şərtlərinə əsasən kredit borcunu və faizləri ödəməyi öhdəsinə götürsə də, öhdəliyi tam icra etməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddianı müdafiə etdiyini bildirib işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən, yəni əsas və faiz borcuna münasibətdə qəbul etdiyini, lakin həmin məbləğləri birdəfəlik ödəmək imkanının olmadığını bildirdi. Mülki iş materiallarında olan: - xx xxxxxx 2015-ci il tarixli Bank hesabı, Debet kartı, Kredit Kartı və zaminlik haqqında qarışıq müqavilə surətindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 500 AZN məbləğində kredit kart limit ayrılmışdır. - xx xxxxxx 2016-cı tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə 468,6 manat məbləğində əsas borc, 44,74 manat məbləğində faiz borcu, 187,75 manat məbləğində cərimə borcu, 2 manat komissiya və xərclər üzrə borcu, 5,5 manat bildirişlərin göndərilməsinə görə poçt xərcləri olmaqla, ümumilikdə 708,59 manat məbləğində borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli Bank hesabı, Debet kartı, Kredit Kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1 və 463.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Cavabdeh ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış kredit müqaviləsində cərimə haqqında yazılı razılaşmanın mövcudluğu öz əksini tapmışdır. Lakin məhkəmə 468,6 manat məbləğində əsas borca tənasübsüz olaraq 187,75 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 187,75 manat məbləğində dəbbə pulunun məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, 468,6 manat məbləğində əsas borc, 44,74 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, komissiya və xərclərlə bağlı 2 manat, bildirişlərin göndərilməsinə görə 5,5 manat poçt xərcləri olmaqla, ümumilikdə 540,84 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinın məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 21 manat məbləğində pul vəsaitinin 15 manat hissədi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh 468,6 manat məbləğində əsas borc, 44,74 manat məbləğində faiz borcu, 20 manat məbləğində cərimə borcu, komissiya və xərclərlə bağlı 2 manat, bildirişlərin göndərilməsinə görə poçt xərcləri kimi 5,5 manat olmaqla, ümumilikdə 540,84 manat pul vəsaiti tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 15 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar