Məhkəmə qərarları › İş №2(001)-633/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-633/2024

10.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-633/2024 10.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi" tələbinə dair iddia ərizəsi ilə, daha sonra isə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinn 2(001)-4967/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəəyən edilmiş aliment məbləğinin dəyişdirilərək 220 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(001)-4967/2017 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahların doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən xx.xx.2017-ci il tarixdən başlayaraq, hər ay 136 manat 60 qəpik sabit pul məbləğində aliment onun xeyrinə tutulması müəyyən olunmuşdur. Buna baxmayaraq, cavabdeh uşağın saxlanması üçün heç bir maddi kömək göstərmir. Uşaq gündən-günə böyüyür və xərcləri artır. Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını, ehtiyacını özü çəkir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də, cavabdehin kifayət qədər yüksək gəlirlərinin olmasını nəzərə alaraq, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 manata çatıdırlmalıdır. Bundan əlavə bildirir ki, övladı ağır nevroloji xəstədir. Övladının müalicəsi ilə əlaqədar tərəfindən istər ölkə daxilində, istərsə də ölkə xaricində kifayət qədər yüksək maddi imkanlar sərf edilmişdir. Lakin cavabdeh bütün bunlara biganə qalmaqla, övladına heç bir maddi dəstək göstərmir. Hər ay 400 manat məbləğində vəsait övladının xəstəlik xərcləri olaraq müəyyən olunur. Türkiyədə övladının müalicəsi zamanı övladının onun hamiləliyi dövründə çəkmiş olduğu iztirabdan və əziyyətdən dolayı bu hala düşdüyü nəzərinə çatdırılmışdır. Hal-hazırda işsizdir, ağır maddi vəziyyətdə yaşayır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4967/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə Feziyeva (Bağırova) Sevda Fəxrəddin qızı arasında xx.xx.2015-ci il tarixdə balanmış və həmin tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1319 № ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkin yaşına çatanadək anası Feziyeva (Bağırova) Sevda Fəxrəddin qızının yanında qalması, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxanılması üçün xx.xx.2017-ci il tarixdə başlayaraq hər ay Cavabdeh 136 manat 60 qəpik sabit pul məbləğində alimentin tutularaq Feziyeva (Bağırova) Sevda Fəxrəddin qızına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. AZ-İ seriyalı 268357 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Feziyeva (Bağırova) Sevda Fəxrəddin qızı arasında olan nikah ləğv edilmiş, nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017ci il tarixdə 355 nömrə ilə qeyd edilmişdir. AZ-İİİ seriyalı 766493 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X2 atası Cavabdeh, anası Feziyeva (Bağırova) Sevda Fəxrəddin qızıdır. Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı alimentin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. X3 xx.xx.2018-ci il tarixli məlumatından görünür ki, X2 müayinəsində arxa çuxurda beyincik yarımkürələrinin və vermisin forması və siqnal intensivliyi təbiidir. Mezensefalon və Varoli korpüsünə aid patologiya aşkar olunmadı. İV mədəcik normal forma və lokalizasiyadadır. Bazal sisternalar açıqdır. Daxili qulaq keçəcikləri simmetrik olub, normal genişlikdədir. Vİİ-Vİİİ sinir kompleksinin siqnal intensivliyi təbiidir. Sapratentoryal sahədə orta xəttin strukturları normal yerindədir. Bazal qanqliyaların və talamusların siqnal intensivliyi təbiidir. Üçüncü və yan mədəciklər normal genişlikdədir. Hər iki beyin yarımkürəsinin strukturası təbii olub, patolojik siqnal dəyişikliyi görülmədi. İntraekstraaksiyal qanama və ya törəmə aşkar olunmadı. Hər iki peritriqonal dərin ağ maddədə T2-FLAİR hiperintens terminal myelinizasiya sahəsi izlənilir. Sol orta kəllə çuxurunda anteriorda ekstraaksiyal məsafədə 6mm-lik genişlənmə qeyd edilir. (araxnoid kista) Bipokampusların ölçüsü, forması və siqnal intensivliyi təbiidir. Görmə çarpazı sərbəstdir. Görmə sinirlərinin qalınlığı və siqnal intensivliyi təbiidir. Beyin şırımları və hər iki Silvian fissura normal genişlikdədir. Beyində major damarlara aid patologiya aşkar olunmadı. Nazofarinks arxa divarda 1sm qalınlıqda adenoid hipertrofiya qeyd edilir. Nəticə: Hər iki peritriqonal dərin ağ maddədə terminal myelinizasiya sahəsi. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4967/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından olan uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən 136 manat 60 qəpik manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 136 manat 60 qəpik manat sabit pul məbləğində alimentin tutulması haqqında Binəqədi Rayon Məhkəməsinin 2(001)-4967/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 6 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu, uşağın xəstəliklə əlaqədar daimi müalicə aldığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-4967/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan 136 manat 60 qəpik manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməli və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Binəqədi Rayon Məhkəməsinin 2(001)-4967/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan 136 manat 60 qəpik manat məbləğində alimentin miqdarı dəyişdirilərək hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilsin və hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar