Məhkəmə qərarları › İş №2(001)-6348/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6348/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6348/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı ləğv prosesində olan DəmirBank ASC-nin Cavabdeh qarşı 02.06.2015-ci il tarixli ******* kredit müqaviləsi üzrə əsas borca görə 1,88 manat, cəriməyə görə 242,89 manat olmaqla cəmi 244,77 manat borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan DəmirBank ASC Cavabdeh qarşı 02.06.2015-ci il tarixli ******* kredit müqaviləsi üzrə əsas borca görə 1,88 manat, cəriməyə görə 242,89 manat olmaqla cəmi 244,77 manat borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan DəmirBank ASC-nin nümayəndəsi X1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 02.06.2015-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh DəmirBank ASC tərəfindən 36 ay müddətinə qaytarmaq şərti ilə 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin 3.3cü bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 19.02.2021-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan DəmirBank ASC-yə 1,88 manat əsas, 242,89 manat cərimə borcu olmaqla cəmi 244,77 manat borcu vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 25.02.2021-ci il tarixli bildiriş göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Ona görə də Cavabdeh ləğv prosesində olan DəmirBank ASC-nin xeyrinə əsas borca görə 1,88 manat, cərimə borcuna görə 242,89 manat olmaqla cəmi 244,77 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən DəmirBank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02.06.2015ci il tarixli ******* saylı kredit kartın verilməsi və istifadəsi müqaviləsindən müəyyən olunur ki, bank tərəfindən buraxılmış dəmir taksit kredit kartının müştəriyə verilməsini, kart vasitəsilə kredit xətti açmağı, müştəri isə kart vasitəsilə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların həyata keçirilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndindən müəyyən olunur ki, bank borcalana 300 manat məbləğində kredit xətti açmağı öhdəsinə götürmüşdür. Həmin xətt üzrə müştərinin 1-ci ayda nağdlaşdıra biləcəyi maksimum məbləğ ümumi limitin 70%-ni təşkil edir. 1-ci ayda nağdlaşmadan sonra kartda qalan məbləğ növbəti aylarda nağdlaşdırıla bilər. Müqavilənin 3.2-ci bəndindən müəyyən olunur ki, kredit xətti 36 ay müddətinə açılır. Müqavilənin 3.5-ci bəndindən müəyyən olunur ki, kredit üzrə ödənişlər kartdan hər növbəti vəsaitin məxaric olunduğu gündən etibarən müqavilədə göstərilən qaydada hesablanmaqla hər növbəti ayın 10-dək bərabər hissələrlə həyata keçirilir. Hər növbəti ayın 10-dək ödəniş olunmayıbsa ödənilməyən borc məbləğinə illik 54% dərəcəsi ilə cərimə hesablanır. DəmirBank ASC-nin qəbzindən müəyyən olunur ki, bank Cavabdeh bankomatlardan istifadə üçün şəxsi məxfi kodu bağlı zərfdə təqdim etmişdir. Ləğv prosesində olan DəmirBank ASC-nin 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 02.06.2015-ci il ******* saylı kredit müqaviləsi üzrə 19.03.2021-ci il tarixinə Cavabdeh LPO DəmirBank ASC-yə əsas borca görə 1,88 manat, cərimə borcuna görə 242,89 manat manat olmaqla cəmi 244,77 manat borcu vardır. Ləğv prosesində olan DəmirBank ASC-nin Cavabdeh ünvanladığı 25.03.2021-ci il tarixli **********283 saylı bildirişdən müəyyən olunur ki, bank borc alana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun ödənilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, DəmirBank ASC 02.06.2015-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh 300 manat məbləğində kredit xətti açaraq ayırdığı krediti borcalana versə də, bu müqavilə üzrə borcalanın 1,88 manat borcunun qalmasına dair yalnız 25.03.2021-ci il tarixdə cavabdehə bildiriş göndərmiş, həmin vaxtadək özünün müəyyən etdiyi 1,88 manat borca görə cavabdehə cərimə hesablamaqda davam etməklə hüquqdan sui-istifadəyə yol vermişdir. Daha sonra iddiaçı cavabdehin 1,88 manat əsas borcunun olmasını iddia etsə də, 2015-ci ildən etibarən cavabdeh tərəfindən aparılan ödənişlər, həmin ödənişlərin əsas borca və ya cəriməyə silinməsi barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı tələbində istinad etdiyi halları sübuta yetirə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ləğv prosesində olan DəmirBank ASC-nin Cavabdeh qarşı 02.06.2015-ci il tarixli ******* kredit müqaviləsi üzrə əsas borca görə 1,88 manat, cəriməyə görə 242,89 manat olmaqla cəmi 244,77 manat borc tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar