Məhkəmə qərarları › İş №2(001)-6349/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6349/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6349/2021 02.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İçəri Şəhər filialı ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 831999 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən, Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 22.10.2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 767,94 manat təşkil edir. Bundan 248,61 manat əsas, 486,84 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32,52 manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. 05.10.2021-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında məhkəməyə bildirmişdir ki, o, İddiaçı ASC-dən kredit götürməsini və həmin kreditin hal-hazırda tam ödənilməməsini inkar etmir. Lakin o, həmin krediti 05.06.2015-ci il tarixdə götürməyib. Maliyyə arayışından da göründüyü kimi, kredit 03.11.2014-cü il tarixdə götürülmüşdür. Belə olan halda iddiaçı iddia müddətini artıq ötürmüşdür və o, iddiaçıya heç nə ödəməli deyil. Həmin məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 cavabdehə cavab olaraq bildirmişdir ki, iddia ərizəsi ilə birgə təqdim olunan maliyyə arayışı şəxsən deyil, elektron qaydada tərtib olunaraq bankın sistemindən çıxarılır. Maliyyə arayışında 831999 saylı kredit müqaviləsinin tarixi 03.11.2014-cü il göstərilməsinə səbəb o olmuşdur ki, Cavabdeh 2014-cü il tarixində bankdan kredit alarkən ona “Dəmirtaksit” kredit kartı təklif olunmuş, cavabdeh isə ərizə yazaraq ona kredit hesabının açılmasına razılıq vermişdir. Bu razılığa əsasən sistem üzrə hesab açılmış, lakin cavabdeh kartın alınması üçün bir müddət keçdikdən sonra müraciət etmişdir. Cavabdehin müraciət etdiyi dövrdə də yəni, 05 iyun 2015-ci il tarixdə onunla müqavilə bağlanmışdır. Hesabdan çıxarış məlumatlarına da nəzər yetirdikdə orada, hazırkı hesab üzrə cavabdeh tərəfindən ödənişlərin müqavilə bağlandıqdan sonra həyata keçdiyini görərik. Cavabdehə bankın sistemində hesab öncədən açıldığı üçün hal-hazırda təqdim olunan maliyyə arayışında tarix hesabın açıldığı dövrü göstərir və ona hər hansı müdaxilə olunması mümkünsüzdür. Lakin müqavilə və maliyyə arayışında olan hesab nömrəsinin eyni olması sübut edir ki, təqdim olunan 18.11.2020-ci il tarixli malyyə arayışı cavabdehlə bank arasında bağlanmış 05 iyun 2015-ci il tarixli müqavilə üzrə qalıq borcunu əks etdirir. Həmin tarixdə iddiaçı tərəfindən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclası 12.10.2021-ci il tarixə təxirə salınmış, həmin tarixdə iddiaçının nümayəndəsi gəlmiş, lakin cavabdeh gəlmədiyinə görə işə baxılması 02.11.2021-ci il tarixə təxirə salınmışdır. 01.11.2021-ci il tarixdə Cavabdeh məhkəməyə teleqramla müraciət edərək, koronavirusa yoluxduğunu bildirmiş, lakin bu barədə nə hər hansı sübutu məhkəməyə təqdim etmiş, nə də ki, işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 05.06.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və sonuncuya 36 ay müddətinə 800 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, 22.10.2020-ci il tarixə Cavabdeh Banka 248,61 manat əsas borc, 486,81 manat cərimə borcu və 32,52 müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 767,94 manat borcu mövcuddur. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdeh mövcud olan borc və borc ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən atılacaq addımlar barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Müki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müki Məcəllənin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Məhkəmə iddia tələbinin 486,81 manat məbləğində cərimə borcunun ödənilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə əsas borcu cavabdehdən ala bilməyən, hüquqları məhkəmə qaydasında bərpa edilən iddiaçının bərpa edilən hüquqlarının gələcəkdə xəyali deyil, real bərpasının təmin edilməsindən ötrü cavabdehin yaranmış borc öhdəliyinin icrasının təmin edilməsi mümkünlüyünü nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılmalı və cavabdehdən iddiaçının xeyrinə 8,87 manat məbləğində cərimə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 248,61 manat əsas borc, 8,87 manat cərimə borcu və 32,52 müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 290 manat məbləğində borc tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 37.76% hissədə təmin edildiyindən, ödənilmiş 30 manat dövlət rüsumunun 11,33 manat hissəsi Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 248,61 manat əsas borc, 8,87 manat cərimə borcu və 32,52 müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, cəmi 290 (iki yüz doxsan) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 11,33 (on bir manat otuz üç qəpik) manat hissəsi tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 18,67 manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar