Məhkəmə qərarları › İş №2(001)-635/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-635/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-635/2022 21.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 3.871,73 manat məbləğində əsas, 18,06 manat məbləğində faiz, cəmi 3.889,79 manat məbləğində borcun, habelə ödənilmiş 39,30 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC“ Elektron Məhkəmə İnformasiya Sistemi" vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilmədiyini bildirmiş və mülki işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin üzürlü səbəblər barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə bu halı, habelə cavabdehin əvvəlki iki məhkəmə hazırlıq iclasında da hər hansı üzürlü səbəb göstərmədən iştirak etməməsini nəzərə alıb, onun məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etmiş və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hər bir halda, cavabdeh ötən dövr ərzində, habelə ərizəsi ilə birlikdə iddiaya qarşı yazılı etirazını və yazılı sənədlərini də məhkəməyə təqdim edə bilərdi. Məhkəmə iddia tələbini nəzərə alıb, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 2181 nömrəli kredit müqaviləsi üzrə cavabdeh üzərinə götürmüş öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bundan sonra “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası qaydasında tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixli, 2181 saylı kredit müqaviləsi üzrə borc qismində qalıq qalmış 5.000 manat məbləğində kredit borcu illik 1% faiz dərəcəsi ilə faiz hesablamaq və 12 ay güzəşt müddəti tətbiq edilmək şərti ilə 60 ay müddətinə restrukturizasiya olunmuş və cavabdeh bu məbləğdə krediti xx.xx.2024-cü il tarixədək hesablanmış faiz məbləği ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə banka borcu yaranmışdır. Bununla bağlı, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, həmin müqavilə üzrə yaranmış borc məbləğinin 5 iş günü müddətində ödənilməsi tələb edilmiş, əks halda müqaviləyə vaxtından əvvəl xitam verilməsi və borc məbləğinin tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən iddiaçı 38,90 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı ödəməklə, cavabdehə qarşı iddia qaldırmış və qeyd edilən müqavilə üzrə onun xx.xx.2021-ci il tarixə 3.871,73 manat məbləğində əsas, 18,06 manat məbləğində faiz borcunun yarandığını iddia edir və bu məbləğin, ödənilmiş 38,90 manat məbləğində dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının ondan tutulmasını və həmin kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2024-cü il tarixdə bitəcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixdə pretenziya məktubu göndərilməklə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılmasının təmin edilməsi üçün məhkəməyə iddia ilə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh bu məsələyə müəyyən edilmiş müddətdə və bundan sonra münasibət bildirməmişdir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edildiyini nəzərə alıb hesab edir ki, iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun məbləğlərini ayrıayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən və xx.xx.2021-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Cavabdehdən 3.871,73 manat məbləğində əsas və 18,06 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ilə bağlı qeyd edir ki, iddianın qiyməti nəzərə alınmaqla (3.889,79 manat) iddiaçı bu məbləğin tələb edilməsi tələbi ilə iddia qaldırarkən ümumilikdə (1000 manat pula görə 30 manat + qalan 2.889,79 manat pula görə bu məbləğin 1 faizi, yəni 28,90 manat = 58,90 manat) 58,90 manat məbləğində dövlət rüsumu ödəməli idi. Lakin nəticədə (58,90 – 39,30 = 19,60 manat) 19,60 manat az ödəmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıdan tutularaq dövlət nəfinə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsi üzrə Cavabdeh 3.871,73 manat məbləğində əsas, 18,06 manat məbləğində faiz, cəmi 3.889,79 manat məbləğində borc, habelə ödənilmiş 38,90 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qiymətinə müvafiq olaraq ödənilməli olan, lakin ödənilməmiş 19,60 manat (rüsumun kəsiri) məbləğində pul İddiaçı ASC-dən tutularaq dövlət nəfinə alınmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 3.871,73 (üç min səkkiz yüz yetmiş bir manat, yetmiş üç qəpik) manat məbləğində əsas, 18,06 (on səkkiz manat, altı qəpik) manat məbləğində faiz, cəmi 3.889,79 (üç min səkkiz yüz səksən doqquz manat, yetmiş doqquz qəpik) manat məbləğində pul, ödənilmiş 38,90 (otuz səkkiz manat, doxsan qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qiymətinə müvafiq olaraq ödənilməli olan, lakin ödənilməmiş 19,60 (on doqquz manat, altmış qəpik) manat (rüsumun kəsiri) məbləğində pul İddiaçı ASC-dən tutularaq dövlət nəfinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar