Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6350/2021 31.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5161,08 manat olmaqla, bundan 2416,69 manat əsas, 1295,33 manat faiz, 1111,44 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli plenum qərarına əsasən hesablanmış 337,62 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, bankın Xırdalan filialı ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli KM.36T06170002S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə 3000 manat məbləğində kredit xətti açılmışdır. 02.06.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3096,62 manat təşkil etmiş, kreditin müddəti 02.06.2018-ci il tarixədək müəyyən edilmişdir. Kredit xətti müqaviləsinin 3.3-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. 19.02.2021-ci il tarixə Cavabdeh kredit ürə cəmi borcu 5161,08 manat təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********082 saylı 23.02.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. İddia müddəti ilə bağlı bildirir ki, iş yükünün çoxluğu ilə əlaqədar olaraq iddia ərizəsi məhkəməyə gec təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia müddəti ötürülmüşdür, bu səbəbdən iddia tələbi rədd edilməlidir. Ərizə onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında 16.12.2015-ci il tarixində kredit xətti müqaviləsi bağlanmışdır.Müqavilənin şərtlərinə əsasən kredit müqaviləsi 16.12.2016-cı il tarixinədək qüvvədə olmuşdur. Tərəflər arasında bağlanmış 02.06.2017-ci il tarixli əlavə sazişlə 16.12.2015-ci il tarixli kredit xətti müqaviləsinə bir sıra dəyişiliklər edilmiş, müqavilə “kredit xətti müqaviləsi” yox, “kredit müqaviləsi” adlandırılmışdır. İddiaçı qanunla müəyyən edilmiş iddia müddəti ötürməklə, 02.08.2021-ci il tarixində müraciət etmişdir. Odur ki, LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, faizlərin və dəbbə pulunun ödənilməsi” iddiasına iddia müddəti tətbiq edilməklə , iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 dekabr 2015-ci il tarixli № 1138 saylı kredit müqaviləsinə əsasən bank müştəriyə 3000 manat məbləğində kredit xətti açır. Həmin məbləğ kredit xəttinin limiti kimi müəyyən olunur. Kredit xətti 16.12.2015-ci il tarixdən 16.12.2016-cı il tarixədək açılır. Kredit xəttinin müddəti kredit xəttinin müddətindən çox olmamalıdır. Kreditin istifadəsinə görə müştəri banka 23 % dərəcəsi ilə ödəniş edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilən maliyyə arayışından görünür ki, 02 iyun 2017-ci il tarixli, KM036T06170002SOİ saylı kredit müqaviləsi üzrə Cavabdeh 19 fevral 2021-ci il tarixinə müqavilə üzrə 2416 manat əsas borc, 1111 manat cərimə borcu, 1295 manat faiz borcu, gecikdirilmiş vaxt üçün hesablanan 337,62 manat faiz borcu olmaqla, cəmi 5161 manat borcu vardır. 1138 saylı 16 dekabr 2015-ci il tarixli kredit xətti müqaviləsi üzə əlavə sazişdən görünür ki, həmin saziş ilə tərəflər kredit müqaviləsinin adında olan “Kredit xətti müqaviləsi” ifadəsinin “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilməsi, kreditin müddətinin 12 ay, kreditdən istifadəyə görə faiz dərəcəsi 15 % müəyyən edilir. Saziş əsasında verilmiş ödəniş cədvəlindən görünür ki, ilkin ödəniş tarixi 02.07.2017-ci il, sonuncu ödəniş tarixi 02.06.2018-ci il olaraq müəyyən edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 23 fevral 2021-ci il tarixli bildirişin surətinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə yaranmış borcun 3 müddətində ərzində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. 16 iyul 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında 16 dekabr 2015-ci il tarixli № 1138 saylı kredit müqaviləsi bağlanmış. Müqaviləyə əsasən bank müştəriyə 12 ay müddətinə, 3000 manat məbləğində kredit xətti açmağı, cavabdeh isə mallar, iş və xidmətlər üzrə ödənişlərin yerinə yetirilməsi, nağd pul vəsaitinin əldə edilməsi, habelə kredit xətti üzrə öhdəliklərin yerinə yetirilməsi üzrə əməliyyatların yerinə yetirilməsi öhdəliyi götürülmüşdür. Daha sonra tərəflər arasında 02 iyul 2017-ci il tarixli əlavə saziş imzalanmış və kredit xətti müqaviləsi, kredit müqaviləsi adlanmış, kredit müqaviləsi üzrə sonuncu ödəniş tarixi 02.06.2018-ci il tarixi olaraq müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona 02 iyun 2017-ci il tarixli № 1138 saylı kredit müqaviləsi üzrə ümumilikdə 5161,08 manat borc hesablanmışdır. Cavabdeh isə iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenum Qərarında (L.İ.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli) göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ). Məhkəmə hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə yaranmış borcu tələb etmək üçün subyektiv hüququ olsa da, 16 dekabr 2015-ci il tarixli № 1138 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti 02 iyun 2017-ci il tarixində bağlanmış əlavə saziş ilə 02.06.2018-ci il olaraq müəyyənləşdirilmiş və həmin müddətdə bitmişdir. Bununla belə, hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 02 iyun 2018-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı tələbini 3 illik iddia müddəti bitdikdən sonra, yəni 02 avqust 2021-ci il tarixdə irəli sürmüşdür. Bu səbəbdən məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsaslı hesab edərək, belə qənaətə gəlir ki, hazırki iddiaya iddia müddəti tətbiq edilməli və bu əsasla iddia rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia müddətinin üzürlü səbəbdən buraxılması və iddia müddətinin axımının kəsilməsi iş materialları ilə müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası, iddia müddəti tədbiq edilərək rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6350/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6350/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver