Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6383/2021 30.08.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə ərizəsinə dair mülki işə 30 avqust 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 dekabr 2017-ci il tarixli 002L**********54 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 bankla bağladığı 28 oktyabr 2019-cu il tarixli, 002R********** saylı kredit razılaşması əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,25 olmaqla 2000 manat məbləğində kredit götürmüşdür. 22 may 2020-ci il tarixdə 002R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit razılaşmasında, habelə sazişdə kreditin ödənilmə qaydası göstərilmiş, Cavabdeh1 götürdüyü krediti faizləri ilə birlikdə banka geri qaytarmağı öhdəsinə götürsə də, öhdəliklərinin lazımınca icra olunmaması nəticəsində 15 iyul 2021-ci il tarixə banka 1067,39 manat əsas, 261,86 manat faiz, 387,06 manat cərimə borcu olmaqla ümumilikdə 1726,31 manat borcu yaranmışdır. Həmçinin, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ödəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə bank arasında 29 dekabr 2017-ci il tarixdə zaminlik müqaviləsi imzalamışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh2 T.Ç.Tağıyevin bank qarşısındaki öhdəliklərinin icrası ilə bağlı eyni məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada yuxarıda göstərilən məbləğdə borcun, eləcə də iddia ərisəzi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirib iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, o, bakna borcu olduğunu qəbul edir. Lakin, həmin borcu birdəfəlik ödəməyə maddi imkanı yoxdur. Sonda Cavabdeh1 məhkəmədən qətnamə çıxarılarkən onun izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələbinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı QSC qarşısında götürdüyü öhdəliklərə tam etmədiyinə görə iddianın təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 ilə bank arasında bağlanmış zaminlik müqaviləsinə əsasən sonuncu kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia ona münasibətdə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, əsas borc üzrə 1067,39 manat, faiz borcu üzrə 261,86 manat, cərimə borcu üzrə 397,06 manat olmaqla ümumilikdə 1726,31 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, İddiaçı QSC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1067,39 manat, faiz borcu üzrə 261,86 manat, cərimə borcu üzrə 397,06 manat olmaqla ümumilikdə 1726,31 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaiti müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı QSC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-6383/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6383/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver