Məhkəmə qərarları › İş №2(001)-6446/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6446/2020

07.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6446/2020 07.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Məhkəməsinin 2(001)-2409/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan xx.xx.2005-ci il tarixli nikah Binəqədi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan xx xxxxxxx 2006-cı il təvəllüdlü X7, xx xxxxxx 2009-cu il təvəllüdlü X9 adlı iki uşaqları vardır. Nikah pozularkən uşaqlar onun yanında saxlanılmışdır, hazırda da onun yanındadırlar. Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X1 və xx xxxxxx 2009cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə 100 manat, ümumilikdə 200 manat məbləğində alimentin tutulması və ona verilməsi qət edilmişdir. Alimentin tutulmasının əvvəli xx xxxxxx 2011-ci il tarixdən hesablanmışdır. O, alimentin artırılmasına dair cavabdehə qarşı yenidən iddia qaldırmışdır. Binəqədi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2006-cı il təvəllüdlü X7, xx xxxxxx 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin uşaqların maddi ehtiyacları günü-gündən artır. Cavabdeh tərəfindən hər ay cəmi 308 manat məbləğində ödənilən aliment uşaqların maddi ehtiyaclarının çox az bir qismini ödəyir. Qeyd olunanları nəzərə almaqla iddianın təmin edilməsi, Binəqədi rayon Məhkəməsinin 2(001)-2409/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, xx.xx.2006-cı il təvəllüdlü X1, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 bildirmişdir ki, cavabdeh başqa nikaha daxil olmuş və həmin nikahdan onun 2 övladı daha vardır. Cavabdehin aldığı 600 manat əmək haqqından 308 manatı aliment kimi iddiaçıya ödəyir və qalan pul isə o biri uşaqları saxlamaq üçün yetərli olmur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı № 148477 saylı nikahın pozulması haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında bağlanmış nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2011-ci il tarixdə 399 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı № 855115 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2006-cı ildə doğulmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı № 311828 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2009-cu ildə doğulmuşdur. Atası Cavabdeh, anası X2r. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 2409/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7005/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı № 150208 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2013-cü ildə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı № 150209 saylı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2013-cü ildə doğulmuşdur. Atası Cavabdeh, anası X5r. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mühəndis, inventarlaşdırıcı vəzifəsində işləyir və əmək haqqı 600 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29.2-ci maddəsinə əsasən analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Hazırki iş üzrə təsvir olunanlardan görünür ki, uşaqların saxlanmasına görə müəyyən edilmiş aliment miqdarı məhkəmə tərəfindən xx.xx.2019-cu il tarixdə, yəni uşaqların 15 və 10 yaşları olarkən təyin edilmiş, qətnamənin qəbul edildiyi vaxtdan bir il müddət keçməmiş, yəni uşaqların tələbatında bir il ərzində artan müəyyən dəyişikliklər olmamış iddiaçı tərəfindən alimentin artırılması ilə bağlı iddia tələbi irəli sürülmüşdür. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmiş hallardan o da görünür ki, keçən bir il müddətində cavabdehin maddi vəziyyətində müəyyən dəyişikliklər olmamış, əksinə müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı ilə nikahı pozulduqdan sonra yenidən rəsmi nikaha daxil olmuş və həmin nikahdan onun iki azyaşlı övladı vardır. Eyni zamanda hazırda cavabdehin əmək haqqı 600 manat təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin əmək haqqının 600 manat təşkil etməsi, həmin məbləğin 308 manat hissəsinin iddiaçı ilə birgə nikahdan olan övladlarına aliment olaraq ödənməsi, cavabdehin digər nikahdan əlavə iki övladının olması, eyni zamanda keçən müddət ərzində cavabdehin əmək haqqında və uşaqların tələbatında müəyyən dəyişikliyin olmaması, həmçinin uşaqların saxlanmasında qanunvericiliyə əsasən valideynlərin hüquq bərabərliyi nəzərə alınmaqla iddia tələbi təmin edilməməlidir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Bu mənada ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı üzərinə düşür. Onun tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarının 8.12-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddia təmin edilməməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar