Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6460/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş (açar sözlər: aliment, artırılma) Hakim: Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Məhkəmə iclas katibi: Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi İddiaçı İddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin mahiyyəti: 1.İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 18 saylı mediasiya təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş MŞB/6-3435 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə Cavabdeh uşağın saxlanması üçün onun xeyrinə tutulan 193 manat alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit məbləğdə 235 manat alimentin və 60 manat mediasiya xərcinin əvəzinin tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında 21 oktyabr 2015-ci il tarixdə 5 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsində 1372 saylı reyestr qeydi ilə qeydiyyata alınmaqla rəsmi nikahları bağlanmışdır. Birgə nikahdan 08 oktyabr 2016-cı il təvəllüdlü X2 (keçmiş adı Aşura) doğulmuşdur. Həmin nikah Nizami Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(007)-368/2018 saylı qətnamsi ilə pozulmuşdur. Nizami Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(007)-368/2018 saylı qətnamsi ilə uşağin ananın himayəsində qalması və uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin və uşaq üç yaşına çatana qədər 50 (əlli) manat alimentin cavabdehddən tutulub iddiaçıya verilməsi qət edilmişdir. Daha sonra 2022-ci ildə alimentin artırılması ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, Bakı şəhəri 18 saylı mediasiya təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş MŞB/6-3435 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat alimentin tutulması ilə bağlı tərəflər arasında razılıq olmuşdur. Hal-hazırda həmin məbləğ bir uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın saxlanılması xərcləri günügündən artır, uşağın saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Bunun üçün də alimentin artırılması tələbi ilə bağlı mediasiyaya müracit etmiş, lakin cavahdeh mediasiya sessiyasında iştirak etməmiş, aralarında hər hansı bir razılıq olmadığından məhkəməyə müraciət etməli olmuşdur.
İİ. Tərəflərin mövqeləri:
Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, uşaq orta məktəbdə təhsil alır, məsrəfləri yetərincə artmışdır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla bərabər özü də işləyir. Buna baxmayaraq təkbaşına uşağın bütün maddi ehtiyaclarını ödəyə bilmir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onunla iddiaçı arasında artıq uşağın saxlanması ilə bağlı hər ay 193 manat aliment ödəməyi ilə bağlı razılıq var. Həmin tarixdən sonra əmək haqqında hər hansı dəyişiklik olmamışdır. Özü hazırda yenidən ailə qurub, valideynləri onun himayəsindədir. İddiaçı aliment məbləğinin artırılması ilə bağlı ona müraciət edən zaman iddiaçıya 2025-ci ilin ilk aylarından əmək haqqında artım olacağını və bundan sonra aliment məblığində dəyişiklik edə biləcəyini bildirmişdir. Lakin iddiaçı razı olmamışdır. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir.
İİİ. İşin faktiki halları:
İş materiallarına əlavə olunmuş:
- AZ-İV seriyalı 568117 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 08 oktyabr 2016-cı il təvəllüdlü X2 Bakı şəhərində doğulmuşdur, ata Cavabdeh, ana İddiaçıdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(007)-368/2018 saylı qətnamsindən görünür ki, tərəflər arasında olan nikahın pozulması, 08 oktyabr 2016cı il təvəllüdlü X1 ananın himayəsində qalması və uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin və uşaq üç yaşına çatana qədər 50 (əlli) manat alimentin cavabdehddən tutulub iddiaçıya verilməsi qət edilmişdir. - Bakı şəhəri 18 saylı mediasiya təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş MŞB/6-3435 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat alimentin tutulması ilə bağlı tərəflər arasında razılıq olmuşdur. -“Azemis” Elektron məhkəmə informasiya sistemindən İddiaçı gəlir məlumatları ilə bağlı edilmiş sorğudan görünür ki, İddiaçı "xxxx" QSC-də aylıq əmək haqqı 750 olmaqla tibbi və əczaçılıq üzrə satış nümayəndəsi kimi işləyir. -“Azemis” Elektron məhkəmə informasiya sistemindən Cavabdeh gəlir məlumatları ilə bağlı edilmiş sorğudan görünür ki, Cavabdeh “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsində aylıq əmək haqqı 1050 olmaqla metrologiya üzrə mühəndis işləyir.
İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə müvafiq olaraq, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının (12 noyabr 1989-cu ildə qəbul edilib) 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, “… aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. … məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir”. Məhkəmə işin hallarını, sonuncu aliment məbləğinin 2022-ci il tarixdə müəyyən edilməsini, uşağın üstün maraqlarını müqayisəli şəkildə təhlil edərək qeyd edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyil. Uşağın valideynləri dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. 2022-ci il tarixdən hazırki müddətədək dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna edilmir. Hazırki münasibətlər həddində qeyd edilməlidir ki, artıq 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmiş yaşayış minimumu üzrə tələbat artmışdır. Alimentin minimum yaşayış səviyyəsinə uyğunlaşdırılması böyüməkdə olan uşağın artan tələbata uyğun bütün təminatlarını əhatə etmir və bu baxımdan diqqətə çatdırılmalıdır ki, digər tələbatlar uşaqlarla yaşayan valideyn tərəfindən qarşılandığı hamıya bəlli olan haldır və əlavə sübuta ehtiyacı yoxdur. Cavabdeh sabit gəlirlkərə malikdir, cavabdehin yenidən ailə qurması, himayəsində valideynlərinin olması nəticəsində xərclərinin artması onu ata kimi qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə məhkəmə uşağın maraqlarını əsas götürərək belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, Bakı şəhəri 18 saylı mediasiya təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş MŞB/6-3435 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, məhkəmələrə verilən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə müvafiq olaraq, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, 1 illik ödəmənin məcmusu 2820 manat təşkil etdiyinə və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 48,2 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməli, habelə, mediasiya xərci kimi iddiaçı tərəfindən ödənilmiş vəsaitin əvəzi kimi 60 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri 18 saylı mediasiya təşkilatının mediatoru X4 tərəfindən təsdiq edilmiş MŞB/6-3435 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 48,2 (qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elnarə Vəliyeva