Məhkəmə qərarları › İş №2(001)-6485/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6485/2021

06.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6485/2021 06.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X7 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə 06 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 37800 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, 20 avqust 2020-ci il tarixdə Əsgərov X5 rayonunun Yenikənd bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımi icazə sənədləri olmadan qanuni karxana sahəsi olmayan ərazidən qanunsuz olaraq qarışıq süxur kütləsi götürmüşdür. Faktla bağlı cavabdehin barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 20 avqust 2020-ci il tarixli, 61903 saylı akt, 11 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq 21 aprel 2021-ci il tarixdə həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin və “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq inzibati xəta törətmiş, nəticədə Nazirlər Kabinetinin 29 mart 2020-ci il tarixli, 119 saylı qərarına əsasən, onun barəsində təbiətə dəymiş ziyana görə 37800 manat iddia məbləği hesablanmışdır. Sonda E.S.Mirzəyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, cavabdeh barəsində iddia ərizəsində göstərilənlərlə bağlı inzibati tənbeh vermə haqqında qərar mövcud deyil. Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021ci il tarixli, 3(059)-105/2021 saylı qərarına əsasən, Cavabdeh barəsində iddiaçı tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Qərar apellyasiya intansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanmışdır. Şəxsin hərəkətinin qanunsuz olması sübuta yetirilmədiyi halda ondan bu hərəkətlə bağlı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək isə qanunaziddir. Sonda R.Q.Əmirəliyev məhkəmədən göstərilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin: - 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 3(105)-458/2021 saylı qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı "xxxx" MMC-nin direktoru Cavabdeh 19-20 avqust 2020-ci il tarixlərdə Siyəzən rayonu Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımi icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən süxur kütləsi götürməklə, təbiətə 37800 manat məbləğində ziyan vurulması aşkar edilmiş və Cavabdeh barəsində 11 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Toplanmış sənədlər əsasında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev tərəfindən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən 2500 manat miqdarında cərimə edilməsi barədə 21 aprel 2021-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan Cavabdeh tərəfindən şikayət verilmiş, Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilərək Cavabdeh barəsində tərtib edilmiş 21 aprel 2021-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımi icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən 3000 kub-metr həcmində süxur kütləsi götürməsi faktı qanuni əsaslarla sübuta yetirilə bilməmiş, həmçinin, toplanmış sübutlar özü-özlüyündə səthi aparılan araşdırmanın nəticəsinə əsaslanmaqla qanuni olmamışdır. Beləliklə, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 3(105)-458/2021 saylı qərarına əsasən, Siyəzən Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, qərar qanuni qüvvəyə minmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərər vurulması iş materiallarında olan sübutlarla habelə işin məhkəmə araşdırılması ilə sübuta yetirlmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh barəsində Siyəzən rayon Yenikənd Bələdiyyəsinin hüdudları daxilində dövlət fondu ərazisindən lazımi icazə olmadan qanuni karxana sahəsi olmayan ərazidən 3000 kub-metr həcmində süxur kütləsi götürməsi faktına dair qüvvədə olan hər-hansı inzibati xəta haqqında qərar mövcud olmadığından, bununla da onun təqsiri sübuta yetirilmədiyindən törədilməmiş inzibati xətaya görə zərərin əvəzinin tələb olunmasının heç bir əsası yoxdur, buna görə də, iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar