Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6517/2021 10.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Abdıyev Fuad Vilayət oğlu, İddiaçı QSC-nin cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı QSC cavabdehlər X3, Cavabdeh3 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 509,61 manat məbləğində əsas, 62,10 manat məbləğində faiz, 92,14 manat məbləğində cərimə, cəmi 663,85 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehlərə 06 avqust 2021-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş və növbəti prosessual hərəkətlər barədə məlumat verilmişdir. Müəyyən edilmiş müddət və bundan sonra da cavabdehlər tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Habelə, işə iddia icraatı qaydasında baxılması üçün hər hansı əsas müəyyən edilməmişdir. Bu səbəbdən müəyyən edilmiş müddətlərə riayət etməklə hesab edirəm ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə cavabdeh X4 arasında bağlanmış 27.08.2019-cu il tarixli, 017L**********79 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, İddiaçı QSC cavabdeh X3 120 ay müddətinə, 300.000 manat məbləğində uzunmüddətli kredit xəttini açır və ayrıca razılaşma əsasında ona kredit verir. Həmin uzunmüddətli kredit müqaviləsi çərçivəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış 27.08.2019-ci il tarixli, 017R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə aylıq 2.0833 faiz dərəcəsi ilə faiz hesablamaq və borcu ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərti ilə 3.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit razılaşması ilə müəyyən edilmiş məbləği iddiaçıdan qəbul etmiş və bu kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikmələrə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmişvə nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərərək, ondan borcun ödənilməsini tələb etmiş, əks halda kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, yaranmış borcun tutulmasıüçün məhkəməyə müraciət ediləcəyi barədə ona məlumat verilmişdir. Lakin bu da bir nəticə verməmiş, cavabdeh bundan sonra da öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat dövlət rüsumu ödəməklə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda cavabdehin kredit müqaviləsi üzrə 22.07.2021-ci il tarixə 509,61 manat məbləğində əsas, 62,10 manat məbləğində faiz, 92,14 manat məbləğində cərimə, cəmi 663,85 manat məbləğində borcunun yarandığını iddia etməklə, bu məbləğin ondan tutulmasını tələb edir. İddia ərizəsi kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması üçün icraata qəbul edilmiş və cavabdehə 06 avqust 2021-ci il tarixdə bildiriş göndərilərək, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək hüququnun olması izah edilmiş, habelə növbəti prosessual hərəkətlər barədə məlumat vermişdir. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Göründüyü kimi, cavabdeh X4 qeyd edilən kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli vəcavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Eyni zamanda, iddiaçı ilə cavabdehlər (zaminlər) Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 27.08.2019-cu il tarixli kredit müqavilələrinə əsasən zaminlər borcalan X2 borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşlər. İddiaçı tərəfindən tələb edilən kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edirəm ki, iddia tələbi əsaslıdır və tam təmin edilməlidir. Cavabdehlərdən müştərək qaydada 509,61 manat məbləğində əsas, 62,10 manat məbləğində faiz, 92,14 manat məbləğində cərimə, cəmi 663,85 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da eyni qaydada cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edirəm ki, iddia təmin edilməli, cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 509,61 manat məbləğində əsas, 62,10 manat məbləğində faiz, 92,14 manat məbləğində cərimə, cəmi 663,85 manat məbləğində kredit borcu, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər X1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 509,61 (beş yüz doqquz manat, altmış bir qəpik) manat məbləğində əsas, 62,10 (altmış iki manat, on qəpik) manat məbləğində faiz, 92,14 (doxsan iki manat, on dörd qəpik) manat məbləğində cərimə, cəmi 663,85 (altı yüz altmış üç manat, səksən beş qəpik) manat məbləğində kredit borcu, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(001)-6517/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6517/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver