Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6518/2021 30.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 6070,73 manat məbləğində əsas, 1077,02 manat faiz borcu olmaqla, ümumilikdə 7147,75 manat borcun və 30,40 manat məbləğinə dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank ilə borcalan Cavabdeh2 arasında bağlanmış 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 23 % dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər cavabdeh Cavabdeh1 arasında 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar banka olan borcu ödəməmişlər. Müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, işlərin çoxluğu səbəbindən məhkəmə iclasında iştirak edə bilmədiyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlər tərəfindən maliyyə arayışının verildiyi gündən banka heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, son 4 ayda 1930 manat məbləğində ödəniş etmişdir. Təxmini bu günə kimi borcundan 8100 manat məbləğində ödəniş etmişdir. Bank tərəfindən ödənişləri borc məbləğindən çıxılmışdır. Borcu olduğunu qəbul edir və borcunu hissə-hissə banka ödəyəcək. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, 18 aprel 2019-cu il tarixində bankdan 12000 manat məbləğində kedit götürmüşdür. 11 ay ərzində ödənişlərini etmişdir. Pandemiya ilə əlaqədar ödənişləri yerinə yetirməkdə çətinlik çəkmişdir. Digər cavabdeh onun bacanağıdır. Ramin özü hal-hazırda Amerikada yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana şəxsi istehlak məqsədləri ilə 24 ay müddətinə, illik 23 % dərəcəsi ilə, aylıq ödəniş 628,48 manat olmaqla, 12000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyi götürmüşdür. Müqavilənin 1.5-ci bəndinə əsasən kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə 180 manat, kredit məbləğinin nağd çıxarılmasına görə 60 manat komisyo haqqı ödəyir. Kredit verən bank İddiaçı ASC ilə kredit alan Cavabdeh2 oğlu və Cavabdeh1 arasında bağlanmış 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 Cavabdeh2 ilə bank arasında bağlanmış 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 saylı krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. İddiaçı ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh2 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 saylı kredit müqaviləsi üzrə 28 iyul 2021-ci il tarixinə 6070,73 manat əsas borc, 1077,02 manat faiz borcu olmaqla, ümumilikdə 7147,75 manat borc hesablanmışdır. İddiaçı ASC-nin cavabdehlərə ünvanlanan 24 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. 30 iyul 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Kredit verən İddiaçı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 saylı kredit müqaviləsi ilə bank müştəriyə 24 ay müddətinə, illik 23 % dərəcəsi ilə 12000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bank, Cavabdeh2 və zamin- Cavabdeh1 arasında 18 aprel 2019-cu il tarixli 200840-686659/1 saylı zaminlik müqaviləsi bağlanmış və cavabdeh – zamin X2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Cavabdeh2 müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh2 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Həmçinin borclunun özü də məhkəmə iclasında kredit müqaviləsi üzrə borcunun olduğunu təsdiq etmiş və borc məbləğini mübahisələndirməmişdir. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh1 zamin kimi Cavabdeh2 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiada tələb olunan əsas və faiz borcuna münasibətdə qeyd edir ki, əsas və faiz borcu bank tərəfindən məhkəməyə təqdim edilən 28.07.2021-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq müəyyən edilməlidir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 28.07.2021-ci il tarixə 6070,73 manat əsas, 1077,02 manat faiz borcu olmaqla, ümumilikdə 7147,75 manat məbləğində borcu vardır. Məhkəmə təqdim edilmiş maliyyə arayışına mötəbər sübut kimi qiymət verərək, tələb olunan borc məbləğinin əsaslılığına dair şübhə doğuran məqam müəyyən etməmişdir. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsi və ya rədd edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6070,73 manat, faiz borcuna görə 1077,02 manat olmaqla, ümumilikdə 7147,75 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Həmçinin iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, 0,40 manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. 18 aprel 2019-cu il tarixli, 200840-686659/1 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6070,73 (altı min yetmiş manat, yetmiş üç qəpik) manat, faiz borcuna görə 1077,02 (bir min yetmiş yeddi manat, iki qəpik) manat olmaqla, ümumilikdə 7147,75 (yeddi min yüz qırx yeddi manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Həmçinin iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6518/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6518/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver