Məhkəmə qərarları › İş №2(001)-652/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-652/2022

27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-652/2022 27.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən “Asus” markalı notebook üçün 4.680 manat ödənilməmiş hissə, 702 manat dəbbə pulu olmaqla, ümumilikdə 5.382 manat borcun və 73,82 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 15 oktyabr 2020-ci il tarixli müqaviləyə əsasən, “Asus” markalı notebook almış və nəticədə 5.382 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 5.631 manat (24 ay x 195 manat + 951 manat ilkin ödəniş) “Asus” markalı notebook üçün ümumilikdə, 5.382 manat olmaqla, ondan 4.680 manat ödənilməmiş hissə, 702 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 951 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci və 3.3-cü bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaya dair yazılı etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli, 21249500 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 5.631 manat, ilkin ödəniş 951 manat olmaqla “X1 G15” markalı məhsul sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 24 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 15 oktyabr 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 21249500 saylı müqaviləyə əsasən “Asus” markalı məhsulu tam qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 30 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 28 oktyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15 oktyabr 2020-ci il tarixli, 21249500 saylı müqavilə üzrə əsas borc 4.680 manat, cərimə borcu 702 manat olmaqla, cəmi 5.382 manat məbləğində borc hesablanmışdır. 29 oktyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 73,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinəəsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh tərəflər arasında bağlanmış 15 oktyabr 2020-ci il tarixli, 21249500 saylı müqavilə ilə müəyyənləşdirilmiş müddətdə məhsulun dəyərinin ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" MMC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Nəticədə maliyyə və ödəniş cədvəlinə əsasən ümumilikdə Cavabdeh 5.382 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 73,82 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 15 oktyabr 2020-ci il tarixli, 21249500 saylı müqavilə üzrə dəbbə pulunun məbləği tənasübsüz sürətdə yüksək qiymətləndirilməli, dəbbə pulu azaldılaraq 100 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15 oktyabr 2020-ci il tarixli, 21249500 saylı müqavilə üzrə əsas borc 4.680 manat, dəbbə pulu 100 manat olmaqla, cəmi 4.780 manat məbləğində borc Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 73,82 manat dövlət rüsumunun 65 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 15 oktyabr 2020-ci il tarixli, 21249500 saylı müqavilə üzrə əsas borc 4.680 (dörd min altı yüz səksən) manat, dəbbə pulu 100 (bir yüz) manat olmaqla, cəmi 4.780 (dörd min yeddi yüz səksən) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 65 (altmış beş) manatı Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar