Məhkəmə qərarları › İş №2(001)-6520/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6520/2022

06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6520/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1748/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilməsi, cavabdehdən 09 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 193 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 20 iyun 2018ci il tarixdə nikahın pozulması, uşağın himayəsində qalması və bir uşağın saxlanması üçün aliment tutulması barədə qətnamə çıxarılmışdır. Qətnamədə göstərilmişdir ki, 09 sentyabr 2015-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılsın və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 154 manat sabit pul məbləğində aliment tutulsun. Tutulan aliment azyaşlı qızının bu günkü saxlanması xərclərini ödəmir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, saatsaz işləyir və tələb olunan alimenti ödəməyə imkanı yoxdur. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ 847413 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 sentyabr 2015-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır; Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(012)-1748/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış və 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 02 oktyabr 2014-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2276 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından 09 sentyabr 2015-ci il tarixdə anadan olmuş X1 anası İddiaçı himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 154 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(012)-1748/2018 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsində saxlanmış və onun saxlanması üçün 154 manat məbləğində cavabdehdən aliment tutumuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 154 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən üç ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 09 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(012)-1748/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 09 sentyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Abşeron Rayon Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2(012)-1748/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmlİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar